Azərbaycan hökuməti üçün antiinflyasiya siyasəti iqtisadi siyasətinin mühüm istiqamətlərindən biridir

Tokio, 27 aprel , /AJMEDIA/

Azərbaycan hökuməti üçün antiinflyasiya siyasəti xüsusi aktuallıq kəsb edir və bu, hazırda hökumətin iqtisadi siyasətinin mühüm istiqamətlərindən biridir.
AJMEDIA Dövlət Vergi Xidmətinə istinadla xəbər verir ki, bu barədə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Aydın Hüseynov bildirib.
A.Hüseynov qeyd edib ki, dövlətimizin başçısı tərəfindən istehlak bazarının tənzimlənməsi, qiymətlərə nəzarətin gücləndirilməsi, süni qiymət artımına yol verilməməsi hökumətin və ölkənin müvafiq iqtisadi qurumlarının qarşısına çox ciddi vəzifələr kimi qoyulub. Bu məqsədlə əsas hədəflərdən biri yerli qida məhsulları istehsalını artırmaqla ərzaq bazarında tələb və təklifin tarazlaşdırılmasına və özünütəminetmə səviyyəsinin artırılmasına nail olmaqdır. Daxili istehsal imkanları əhalinin əsas ərzaq məhsullarına tələbatını ödəmək səviyyəsinə çatdırılmalıdır: “Dövlət ərzaq təminatını etibarlı şəkildə həll etmək və qiymətlərə nəzarət etmək üçün kifayət qədər resurslara malikdir. Əhalinin həyat səviyyəsi və ərzaqla etibarlı təminatı bazarların səmərəli fəaliyyətindən bilavasitə asılıdır. Buna görə də ərzaq bazarının səmərəli təşkili və tənzimlənməsi diqqət mərkəzində olacaq. Bu məqsədlə süni qiymət artımı ilə əlaqədar bütün qabaqlayıcı tədbirlər görülür”.
Milli Məclisin deputatı, həmçinin diqqətə çatdırıb ki, süni qiymət artımı ilə bağlı tapşırıq əsasında İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti monitorinq və nəzarət tədbirlərini gücləndirib. Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti, Dövlət Vergi Xidməti, Qida Təhlükəsizliyi Agentliyi, yerli icra hakimiyyətlərinin nümayəndələri tərəfindən respublikanın 68 şəhər və rayonunda unun satışına, çörəyin çəkisinə və qiymətinə nəzarət üçün gündəlik monitorinq aparılır. Bu tədbirlər nəticəsində süni qiymət artımlarının qarşısı alınacaq və ölkədə aparılan sosial tədbirlərin əhalinin rifahına müsbət təsirləri təmin ediləcək.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts