Azərbaycan deputatları Beynəlxalq Astronavtika Federasiyasının Konqresində iştirak ediblər

Tokio, 18 sentyabr , /AJMEDIA/

Parisdə Beynəlxalq Astronavtika Federasiyasının 73-cü Konqresi çərçivəsində quruma üzv ölkələrin nazirləri və parlament üzvlərinin 12-ci beynəlxalq iclası keçirilib.
AJMEDIA xəbər verir ki, Azərbaycanı bu iclasda Milli Məclisin deputatı, Azərbaycan-Fransa parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Soltan Məmmədov və deputat Vüqar Bayramov təmsil ediblər.
İclasda çıxış edən S.Məmmədov Azərbaycan xalqının İslam dünyasında ilk demokratik respublika qurduğunu, Şərqdə qadınlara səsvermə hüququ verən ilk ölkə olduğunu diqqətə çatdırıb. Həmçinin ölkəmizin müstəqilliyini bərpa etdikdən sonra qazandığı nailiyyətlərdən danışıb.
“Bu gün Azərbaycan siyasi və iqtisadi cəhətdən sabit ölkədir. Neft sənayesinin beşiyi olan ölkəmizi regionun enerji, nəqliyyat və kommunikasiya qovşağına çevirmişik”, – deyə S. Məmmədov qeyd edib. Qədim İpək Yolunun müasir Azərbaycanın ərazisindən keçdiyini xatırladan deputat tolerantlıq və multikulturalizm kimi dəyərlərə ölkəmizdə xüsusi həssaslıqla yanaşıldığını vurğulayıb. Bildirib ki, Azərbaycan 2013-cü ildə orbitə ilk peykini buraxdıqdan sonra dünya kosmik klubunun fəal üzvünə çevrilib.
2013-cü ildə Azərbaycanın “Ay və digər səma cisimləri də daxil olmaqla, kosmik fəzanın tədqiqi və istifadəsi üzrə dövlətlərin fəaliyyət prinsipləri haqqında” Müqaviləyə qoşulduğunu diqqətə çatdıran Soltan Məmmədov bu sazişin kosmik sektorda intellektual potensialın və maddi-texniki bazanın formalaşdırılmasına xidmət etdiyini diqqətə çatdırıb.
S.Məmmədov 2023-cü ildə 74-cü Beynəlxalq Astronavtika Konqresinin Azərbaycanın paytaxtında keçiriləcəyini qeyd edərək, 1973-cü ildə Sovet İttifaqı dönəmində Beynəlxalq Astronavtika Konqresinin ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə məhz Bakıda təşkil olunduğunu bildirib. Beləliklə, Beynəlxalq Astronavtika Konqresinin yarım əsrdən sonra yenidən bölgəmizə – Azərbaycana qayıtdığını vurğulayıb. Bakının müasir yüksək infrastruktura və son bir neçə ildə 50-dən çox qlobal tədbirə ev sahibliyi etdiyini, bu sahədə uğurlu təcrübəsi olduğunu diqqətə çatdırıb.
Deputat Bakıda keçiriləcək 74-cü Beynəlxalq Astronavtika Konqresinin qlobal miqyasda dialoqu inkişaf etdirməyə imkan yaradacağına əmin olduğunu vurğulayıb.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts