Azərbaycan-Almaniya Yüksək Səviyyəli İşçi qrupunun növbəti iclası keçirilib

Tokio, 11 fevral , /AJMEDIA/

Berlində Azərbaycan-Almaniya Ticarət və İnvestisiyalar üzrə Yüksək Səviyyəli İşçi Qrupunun 9-cu iclası keçirilib.
AJMEDIA xəbər verir ki, iclasa Azərbaycan tərəfdən iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov, Almaniya tərəfindən isə Federal İqtisadiyyat və İqlim Mühafizəsi Nazirliyinin ticarət üzrə direktoru Dominik Şnixels həmsədrlik ediblər.
Azərbaycanın Almaniyadakı səfiri Nəsimi Ağayev də tədbirin iştirakçıları arasında olub.
İclas çərçivəsində Azərbaycan ilə Almaniya arasında iqtisadi-ticarət əlaqələrinin mövcud vəziyyəti, İşçi qrupunun 8-ci iclasından ötən müddətdə görülmüş işlər, ölkəmizdə yaradılan sənaye parklarında Almaniya şirkətlərinin iştirak imkanları, Azərbaycanın qeyri-neft məhsullarının Almaniyaya ixracının genişləndirilməsi və digər məsələlər müzakirə olunub.
Tədbirdə qlobal iqtisadiyyatın çətin sınaqlardan keçdiyi şəraitdə Azərbaycan iqtisadiyyatının davamlı inkişafı istiqamətində həyata keçirilən struktur və institusional islahatlar, 2030-cu ilədək hədəflər barədə məlumat verilib, görülən işlərin ölkəmizin investisiya cəlbediciliyini artırdığı diqqətə çatdırılıb.
Vurğulanıb ki, Azərbaycan ilə Almaniya arasında ticarət, investisiya, sahibkarlıq, nəqliyyat, sənaye, insan resursları sahəsində əlaqələrin möhkəmlənməsi və yeni istiqamətlərdə tərəfdaşlıqların qurulması üçün böyük potensial var. İclasda işğaldan azad olunmuş Azərbaycan ərazilərində biznes imkanları da diqqətə çatdırılıb, Almaniya şirkətləri infrastruktur və investisiya layihələrində iştiraka dəvət edilib.
Federal İqtisadiyyat və İqlim Mühafizəsi Nazirliyinin ticarət üzrə direktoru Dominik Şnixels Azərbaycan-Almaniya Yüksək Səviyyəli İşçi Qrupunun 9-cu iclası çərçivəsində müzakirə edilən məsələlərin ikitərəfli iqtisadi-ticarət əlaqələrinin inkişafında əhəmiyyətli olacağını qeyd edib, iqtisadi əməkdaşlığın genişləndirilməsi perspektivlərinə dair fikirlərini bölüşüb.
Almaniyaya səfər çərçivəsində Berlində Almaniya-Azərbaycan “Menecerlərin ixtisasının artırılması“ proqramının Müşahidə Şurasının 3-cü iclası keçirilib, proqram çərçivəsində görülən işlər barədə fikir mübadiləsi aparılıb. İclasda 2009-cu ildən uğurla həyata keçirilən Almaniya-Azərbaycan “Menecerlərin ixtisasının artırılması“ proqramının Azərbaycan sahibkarlarına inkişaf üçün əlavə imkanlar açdığı vurğulanaraq, 526 sahibkar və menecerin proqramdan yararlandığı diqqətə çatdırılıb.
Səfər çərçivəsində Azərbaycan nümayəndə heyəti “Adlershof” Texnologiya Parkı ilə tanış olub.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts