Asiya İnkişaf Bankının vitse-prezidentinin başçılıq etdiyi nümayəndə heyəti muxtar respublikada olub

Tokio, 14 sentyabr , /AJMEDIA/

Sentyabrın 13-də Asiya İnkişaf Bankının vitse-prezidenti Şiksin Çenin başçılıq etdiyi nümayəndə heyəti Naxçıvan Muxtar Respublikasına səfər edib.
AJMEDIA xəbər verir ki, səfər çərçivəsində qonaqlar əvvəlcə Naxçıvan Şəhər Su Anbarı və Sutəmizləyici Qurğular Kompleksi ilə tanış olublar. Məlumat verilib ki, bu kompleks 2014-cü il aprelin 7-də istifadəyə verilib. Nanofiltrli membran tipli sutəmizləyici qurğu əhalinin ekoloji cəhətdən təmiz və dayanıqlı içməli su ilə təmin edilməsində böyük rol oynayır. Kompleksdə suyun təmizlənməsi üçün ən müasir qurğu və avadanlıqlardan istifadə olunur.
Naxçıvan Şəhər Təmizləyici Qurğular Kompleksinə baş çəkən nümayəndə heyətinə bildirilib ki, kanalizasiya sularının təmizlənməsi üçün Araz çayının kənarında tikilən bu kompleks 2018-ci il mayın 16-da istismara verilib. Təmizləyici qurğu 3 mərhələli təmizləmə sistemindən ibarətdir. Kompleksdə təmizləmə prosesi fiziki, bioloji və membran təmizləmə üsulları ilə aparılır. Həmin qurğu gün ərzində 32 min kubmetr və ya saniyədə 370 litr çirkab sutəmizləmə gücünə malikdir. Burada su 0,03 mikrona qədər təmizlənir və ozon vurularaq tutumu 1800 kubmetr olan suvarma hovuzuna ötürülür. Membrandan çıxan təmiz su ilə suvarma mövsümündə öz axımı ilə 170 hektar sahəni, nasoslar vasitəsilə 330 hektar sahəni suvarma suyu ilə təmin etmək mümkündür.
Qonaqlar “Naxçıvan Muxtar Respublikasında irriqasiya və drenaj sisteminin inkişafı” layihəsinin çərçivəsində reallaşdırılacaq Qaraçuq magistral beton kanalına və Əlincə çayından qidalanan Culfa rayonundakı Bənəniyar Su Anbarına sugətirici beton kanalına baxıb, layihənin icra vəziyyəti ilə yerində maraqlanıblar.
“Əlincəqala” Tarix-Mədəniyyət Muzeyindəki eksponatlarla tanışlıqdan sonra “Naxçıvan Dəmir Yolları” Məhdud Məsuliyyətli Cəmiyyətinin Naxçıvan stansiyasına gələn qonaqlara muxtar respublikada dəmir yollarının inkişaf tarixi barədə geniş məlumat verilib. Bildirilib ki, son illər Naxçıvan, Şərur, Şahtaxtı, Culfa, Ordubad sərnişin vağzalı binalarında, 12 stansiyanın idarəetmə mərkəzlərində, cəmiyyət aparatının, eləcə də İnfrastruktur İdarəsinin inzibati binalarında əlavə olaraq 20-yə yaxın inzibati və yardımçı binada yüksək səviyyədə əsaslı təmir işləri başa çatdırılaraq istifadəyə verilib, dəmir yollarının əsaslı təmiri, yenidən qurulması və gələcək perspektivlər nəzərə alınaraq silsilə tədbirlər həyata keçirilib.
Səfər müddətində nümayəndə heyəti Duzdağ Fizioterapiya Mərkəzi və Möminə xatın türbəsi ilə də tanış olub.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts