Aşıq Ələsgər türk xalqları mədəniyyətinin simvolu və ən uca zirvələrindən biridir

Tokio, 10 dekabr, /AJMEDIA/

Türkiyənin İqtisadi İnkişaf və Sosial Araşdırmalar İnstitutu (İKSAD) və AMEA-nın Folklor İnstitutunun birgə təşkilatçılığı ilə “Aşıq Ələsgər – 200: Türk saz, söz və xalq sənəti ənənələri” mövzusunda onlayn beynəlxalq elm, mədəniyyət və təhsil konfransı keçirilib.

AJMEDIA xəbər verir ki, AMEA-dan AZƏRTAC-a bildirilib ki, konfransda Folklor İnstitutunun baş direktoru akademik Muxtar İmanov Aşıq Ələsgərin 200 illik yubileyi ilə bağlı beynəlxalq və ölkə səviyyəsində çoxsaylı tədbirlərin keçirildiyini xatırladıb, bu tədbirlərin elmi-mədəni, eləcə də siyasi əhəmiyyətindən bəhs edib. Akademik bildirib ki, Aşıq Ələsgər təkcə Azərbaycan xalqının deyil, ümumilikdə türk xalqları mədəniyyətinin simvolu və ən uca zirvələrindən biridir. O, Aşıq Ələsgərin bütövlükdə ozan sənətinin qədim dövrlərdən gələn ana xətlərinə bağlı bir sənətkar olduğunu qeyd edərək, onu bu kontekstdən kənarda təhlil etməyin yanlış nəticələrə yönəldə biləcəyini vurğulayıb. Alimə görə, Aşıq Ələsgərin yaradıcılığına ozan baxışı sənəti kontekstində qiymət verməsək, normal elmi qənaətlərə gələ bilmərik. Aşıq Ələsgərin ənənə içərisində böyük sənətkar olduğunu xatırladan akademik bildirib ki, bu dahi sənətkarın ən üstün və bizə doğma gələn cəhəti onun dil, üslub, məfkurə, təlim, dini dünyagörüşü baxımından ənənəyə hədsiz dərəcədə bağlılığı və bu bağlılığın içərisində özünün sənətkar fərdiyyətinin olmasıdır.

Folklor İnstitutunun Dədə Qorqud şöbəsinin müdiri filologiya elmləri doktoru Ramazan Qafarlıya aşıq poeziyasında bədii-poetik imkanlardan, xüsusilə dilimizin zənginliklərindən yerli-yerində istifadə edən nümayəndələr içərisində ustad Aşıq Ələsgərin daha çox seçildiyini və mənalı ömrünün təqribən səksən ilini bu sənətin inkişafına və zənginləşməsinə həsr etdiyini diqqətə çatdırıb. R.Qafarlı bildirib ki, Aşıq Ələsgər və Molla Cümə haqq aşıqlığının son parlaq ulduzları idilər. Hər ikisinin öz əsərlərini Allah vergisi kimi təqdim etməsi bu fikri təsdiqləyir. Məruzəçi çıxışının sonunda Aşıq Ələsgərin poetik irsinin təkcə bədii növlərin zənginliyi ilə məhdudlaşmadığını, hər biri ayrılıqda götürüldükdə sənətkarlıq cəhətdən də kamil və bitkin nümunələr kimi nəzəri cəlb etdiyini vurğulayıb.

İnstitutun Mifologiya şöbəsinin müdiri filologiya elmləri doktoru professor Seyfəddin Rzasoy çıxış edərək Aşıq Ələsgəri böyük bir dəyər adlandırıb və yubileyinin təsadüfi qeyd olunmadığını xatırladıb. O bildirib ki, hər bir xalqın, millətin, etnosun tarixində o millətin bütün mədəniyyətini özünə konsentrasiya edən və öz şəxsiyyətini və yaradıcılığını millətin pasportuna, simvoluna çevirən şəxsiyyətləri var. Aşıq Ələsgər də onlardan biridir. Məruzəçi dilimizin yüksəlməsində, bədii düşüncə və estetizmin mütləqlik simvoluna çevrilməsində Aşıq Ələsgərin böyük rol oynadığını konfrans iştirakçılarının diqqətinə çatdırıb.

Açılış mərasimindən sonra konfrans öz işini dörd bölmədə 30-a yaxın məruzəçi ilə davam etdirib. Sonda məruzəçilərə sertifikat təqdim olunub və xatirə şəkilləri çəkilib.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts