AMEA-da “Heydər Əliyev: dövlətçilik təlimi və müasir dövr” mövzusunda konfrans təşkil edilib

Tokio, 7 may , /AJMEDIA/

Mayın 6-da AMEA Rəyasət Heyətində ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr edilən “Heydər Əliyev: Dövlətçilik təlimi və müasir dövr” mövzusunda konfrans təşkil edilib. Əvvəlcə konfransda ümummilli liderimiz Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Bu barədə AJMEDIA-ya AMEA-dan məlumat verilib. Bildirilib ki, tədbiri giriş sözü ilə açan AMEA-nın prezidenti vəzifəsini icra edən akademik Arif Həşimov müstəqil dövlətimizin memarı və qurucusu olan ulu öndər Heydər Əliyevin Azərbaycan xalqı qarşısındakı tarixi xidmətlərindən, dahi liderin elmi, siyasi, iqtisadi və mədəni quruculuq sahəsində, o cümlədən AMEA-nın bugünkü fəaliyyətində böyük rolundan danışıb. Vurğulanıb ki, ümummilli lider Heydər Əliyevin müdrik siyasəti və tarixi uzaqgörənliyi sayəsində milli dövlətçilik ideyasının, həmçinin müasir Azərbaycan dövlətinin qurulmasına və xalqımızın müstəqillik arzusunun gerçəkləşməsinə nail olunub.
Akademik Arif Həşimov diqqətə çatdırıb ki, dünyaşöhrətli siyasətçi Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi dövrdə ölkəmizdə elmin, o cümlədən AMEA-nın inkişafına böyük diqqət və qayğı ilə yanaşıb. Ulu Öndərin ikinci dəfə hakimiyyətə gəlişindən sonra akademiyanın bağlanmaq təhlükəsi aradan qalxıb və Azərbaycan elminin yeni inkişaf mərhələsi başlanıb.
O, ulu öndər Heydər Əliyevin uğurlu daxili və xarici siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində Azərbaycanın mühüm tarixi nailiyyətlər əldə etdiyini, 44 günlük Vətən müharibəsində qazanılan tarixi Zəfərin Heydər Əliyev siyasətinin təntənəsi olduğunu vurğulayıb.
Daha sonra AMEA-nın vitse-prezidenti akademik İsa Həbibbəyli “Müstəqillik yollarında: Heydər Əliyevdən İlham Əliyevə” adlı məruzə ilə çıxış edib.
Məruzədə qeyd olunub ki, dahi şəxsiyyət Heydər Əliyev hələ SSRİ dövründə Azərbaycana rəhbərlik edərkən hərb sahəsində yüksəkixtisaslı kadrların yetişdirilməsi işinə böyük diqqət yetirib, Cəmşid Naxçıvanski adına Hərbi Liseyin açılmasına dəstək verib. Ulu Öndər Azərbaycan dilinin 1978-ci il Konstitusiyasına dövlət dili kimi daxil edilməsinə nail olmaqla Azərbaycanın dövlət müstəqilliyinin böyük təməllərini atıb.
“Ümummilli Lider Heydər Əliyevin xalqımız qarşısında xidmətlərinin nəticəsidir ki, ölkəmizdə azərbaycançılıq ideyaları hələ sovet hakimiyyəti illərində formalaşmışdır”, – deyə bildirən vitse-prezident əlavə edib ki, bu səbəbdən Azərbaycan keçmiş SSRİ-yə daxil olan digər ölkələrlə müqayisədə, müstəqillik qazandıqdan sonra milli ideologiyanı müəyyən etmək baxımından bir addım öndə idi: “Dahi lider Heydər Əliyev müstəqil Azərbaycan dövlətinin banisi olduğu kimi, həm də Azərbaycan dövlət ideologiyasının banisidir”.
Akademik İsa Həbibbəyli qeyd edib ki, müstəqilliyin ilk illərində Azərbaycan üçün zəruri olan bütün siyasi, ideoloji, hərbi, iqtisadi proseslər ən yüksək səviyyədə Ulu Öndər Heydər Əliyev tərəfindən qətiyyətlə, ardıcıllıqla və məqsədyönlü şəkildə həyata keçirilib. Böyük şəxsiyyət tərəfindən Azərbaycanın siyasi suverenliyinin əsaslarının yaradılması, müstəqil dövlətin konstitusiyasının təsdiq olunması ölkəmizin siyasi müstəqilliyinin möhkəmləndirilməsi istiqamətində atılan vacib addımlardandır.
O, həmçinin iqtisadi suverenliyin təmini istiqamətində icra edilən mühüm layihələrdən olan, 1994-cü ildə imzalanmış “Əsrin müqaviləsi”nin əhəmiyyətindən danışıb, onun beynəlxalq əhəmiyyətə malik müqavilə olmaqla yanaşı, həm də Azərbaycanın müstəqilliyinin manifesti kimi vacibliyini vurğulayıb. İsa Həbibbəyli dünya ölkələrinin bu müqavilənin işığında Azərbaycanın dövlət müstəqilliyini yenidən tanıdığını bildirib.
Vitse-prezident müstəqil Azərbaycan dövlətçiliyinin bərpası istiqamətində görülən mühüm işlərdən biri kimi 1990-cı il noyabrın 17-də Naxçıvan Ali Sovetinin sessiyasında ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə müstəqilliyimizin əsas atributlarından olan üçrəngli bayrağımızın Naxçıvan Muxtar Respublikasının Dövlət Bayrağı kimi qəbul olunmasına nail olmasını xüsusi qeyd edib. Bildirib ki, Ulu Öndərin yorulmaz fəaliyyətinin nəticəsi olaraq torpaq islahatlarının həyata keçirilməsi, ordu quruculuğu, bazar iqtisadiyyatına keçid, ölkəmizdə özəl sektorun formalaşdırılması iqtisadi müstəqilliyə hesablanmış mühüm addımlar sırasındadır.
Akademik İsa Həbibbəyli əlavə edib ki, dahi şəxsiyyət Heydər Əliyev Azərbaycanın xarici siyasət konsepsiyasının yaradıcısı və icraçısı kimi Azərbaycana çoxlu sayda tərəfdaşlar qazandırıb, dünyanın müxtəlif ölkələri ilə yaratdığı əlaqələr nəticəsində Azərbaycanın müstəqil dövlət kimi tanınmasına nail olub.
Məruzədə Prezident İlham Əliyevin Ulu Öndərin yolunu daha da zənginləşdirdiyi, bu yolu layiqincə təmsil etdiyi və Azərbaycanı dünyanın sayılıb-seçilən dövlətlərindən birinə çevirdiyi diqqətə çatdırılıb.
AMEA-nın vitse-prezidenti bildirib ki, Prezident İlham Əliyev apardığı məqsədyönlü islahatlar nəticəsində ölkəmizdə şaxələndirilmiş iqtisadiyyat, çoxaspektli inkişaf prinsipini əsas götürərək tolerantlıq, multikulturalizm siyasətini uğurla tətbiq edir, Azərbaycanda siyasi həmrəyliyin formalaşmasına böyük töhfələr verir.
Ulu Öndərin ən mühüm xidmətlərindən biri də Qarabağı dünyaya Azərbaycan torpağı kimi tanıtmaqdan ibarət idi”, – deyən akademik İsa Həbibbəyli ümummilli lider Heydər Əliyevin bu vəzifənin öhdəsindən də müvəffəqiyyətlə gəldiyini vurğulayıb. Əlavə edib ki, Ulu Öndərin siyasi kursunun layiqli davamçısı olan Prezident İlham Əliyev Qarabağın tarixi Azərbaycan torpağı olduğunu qazandığı böyük Zəfərlə bir daha təsdiq edib.
Sonra Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Baş katibi akademik Asəf Hacıyev “Ümummilli Lider haqqında söz” adlı məruzə ilə çıxış edib. Bildirib ki, dahi şəxsiyyət Heydər Əliyev uzaqgörənliyi, qətiyyəti və cəsarəti, geniş dünyagörüşü ilə bir dövlət başçısı, aparıcı siyasi lider və diplomat kimi bütün dünyada tanınıb.
Akademik Asəf Hacıyev qeyd edib ki, Azərbaycanı gələcəkdə müstəqil dövlət kimi görən Ümummilli Lider SSRİ rəhbərliyi qarşısında təkidli tələblər irəli sürərək, strateji əhəmiyyətli bir sıra sənaye və istehsal müəssisələrinin respublikada inşasına nail olub, həyata keçirdiyi səmərəli islahatlarla çox qısa zamanda ölkəmizin iqtisadi inkişaf göstəricilərinə görə keçmiş ittifaq respublikaları arasında ilk yerlərdən birini tutmasını təmin edib.
Məruzəçi görkəmli dövlət xadimi Heydər Əliyevin təşəbbüsü, zəhməti və uzaqgörənliyi sayəsində, böyük əziyyətlər bahasına tarixi addım atıldığını, SSRİ dövründə Cəmşid Naxçıvanski adına Hərbi Lisey yaradıldığını diqqətə çatdırıb. Vurğulayıb ki, məhz 50 il bundan öncə əsası qoyulmuş hərbi məktəbin yetişdirdiyi əsgər və zabitlər 44 günlük Vətən müharibəsində xalqımıza tarixi Zəfər yaşatdılar.
“Milli-mənəvi dəyərlərimizin qorunmasında, mədəniyyətimizin inkişafında müstəsna xidmətlər göstərmiş böyük dövlət xadimi hər zaman milli kimliyi ilə qürur duyub, çoxəsrlik mədəniyyətimizin və mənəvi dəyərlərimizin qorunub saxlanılmasını gələcək nəsillərə tövsiyə edib. Prezident İlham Əliyev tərəfindən Ulu Öndərin yürütdüyü siyasət uğurla davam etdirilir. Bu gün hər birimiz Azərbaycan vətəndaşı olaraq dahi şəxsiyyət Heydər Əliyevi daim minnətdarlıq hissi ilə yad edir, dərin hörmətlə anırıq”, – deyə akademik Asəf Hacıyev əlavə edib.
Tədbirdə, həmçinin Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun şöbə müdiri filologiya elmləri doktoru Elnarə Akimova “Heydər Əliyev və Azərbaycan ədəbiyyatı”, Aşqarlar Kimyası İnstitutunun icraçı direktoru kimya elmləri doktoru Əfsun Sucayev “Azərbaycanda kimya sənayesinin inkişafında Heydər Əliyevin rolu”, Radiasiya Problemləri İnstitutunun (RPİ) aparıcı elmi işçisi fizika elmləri doktoru Elçin Hüseynov “Azərbaycan elmi: Heydər Əliyevdən İlham Əliyevə” və Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının şöbə müdiri, RPİ-nin aparıcı elmi işçisi fizika elmləri doktoru Sakin Cabbarov “Heydər Əliyev və Azərbaycan ordusu” mövzularında məruzələrlə çıxış edərək, Ulu Öndərin müvafiq sahələrdə həyata keçirdiyi uğurlu siyasətdən və əldə olunan nailiyyətlərdən danışıblar.
Sonda AMEA-nın vitse-prezidenti akademik Dilqəm Tağıyev və AMEA-nın müşaviri akademik Yaqub Mahmudov çıxış edərək dahi şəxsiyyət Heydər Əliyevin Azərbaycan xalqı və dövləti qarşısında çoxşaxəli fəaliyyətindən bəhs edib, Ulu Öndərlə bağlı xatirələrini bölüşüblər. Vurğulanıb ki, ümummilli lider Heydər Əliyev bütün həyatını Azərbaycan xalqının rifahına həsr edib, ictimai-siyasi fəaliyyəti dövründə Azərbaycanın inkişafı üçün çalışıb, xalqımız üçün əlindən gələni əsirgəməyib. Bu gün Ulu Öndərin siyasi kursu Prezident İlham Əliyev tərəfindən yeni reallıqlar işığında uğurla və müvəffəqiyyətlə davam etdirilir.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts