Açıq dənizlərə çıxışı olmadığı halda Azərbaycanın nəqliyyat-tranzit potensialı

Tokio, 18 fevral , /AJMEDIA/

Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan regionda öz müstəqil siyasətini qoruyan və dünya ölkələri arasında sayılıb seçilən ölkələr sırasındadır. Azərbaycan coğrafi olaraq qərblə şərqin, şimal ilə cənubun inteqrasiya etdiyi beynəlxalq nəqliyyat-tranzit yollarının kəsişməsində yerləşir. Belə əhəmiyyətli coğrafi mövqe imkan verir ki, ölkəmiz tranzit imkanlarından istifadə edərək dünya iqtisadiyyatının təchizat zəncirində əhəmiyyətli ölkə mövqeyinə sahib olsun.

Bunu AJMEDIA-a verdiyi açıqlamada iqtisadçı-ekspert Samir Heydərov bildirib. O qeyd edib ki, postpandemiya dönəmində, 2022-ci ilin yanvar-oktyabr aylarında Transxəzər magistralı üzrə yük daşımalarının həcmi əvvəlki ilin analoji dövrü ilə müqayisədə 27 faiz, mütləq ifadə ilə 42,5 milyon tona yaxın artıb. 2022-ci ildə Şərq-Qərb dəhlizi vasitəsilə ötürülən tranzit yüklərin həcmi əvvəlki ilin analoji dövrü ilə müqayisədə 20 faiz, Şimal-Cənub dəhlizi vasitəsilə isə 33 faiz artıb. 2023-cü ilin 8 ayına görə isə 2022-ci ilə nisbətən 37 faiz azalıb.

S. Heydərov əlavə edib ki, Bakı son iki ildə Avropa ölkələrinə Orta Dəhlizin əhəmiyyətini və iqtisadi səmərəliliyini təşviq etməyə çalışsa da, bu dəhlizə kifayət qədər əhəmiyyət verməyiblər. Avropa ölkələri yüklərin ənənəvi yollarla ötürülməsinin onlar üçün qənaətbəxş olduğunu hesab edirlər. Amma mürəkkəb geosiyasi vəziyyət yüklərin 52 günə mənzil başına çatmasına gətirib çıxarıb. Halbuki rəsmi Bakı region ölkələri ilə aparılan əməkdaşlıq çərçivəsində yüklərin Orta Dəhlizlə çatdrılmasını 22 günə endirir.

Ekspert qeyd edib ki, son aylar Qırmızı dənizdə husi yaraqlılarının Avropa və Amerika ticarət gəmilərinə hücumlar təşkil etməsi Orta Dəhlizin aktuallığını daha da artırır.

“Bu baxımdan ölkəmizin tranzit imkanları da artmaqdadır. Bu isə milli iqtisadiyyat üçün əlavə gəlir deməkdir. Azərbaycanın birbaşa açıq dənizə çıxışı olmasa da ölkənin sahib olduğu coğrafi mövqe və onun beynəlxalq ticarət yollarının kəsişmə nöqtəsində yerləşməsi ölkənin tranzit imkanlarını daha da artırır. Təbii ki, burda limanların, terminalların və dəmir yollarının yükaşırma, yük qəbul etmə və yükötürmə imkanları artırılır. Belə ki, 2023-cü ildə Azərbaycan dəmir yolları ilə 18 milyon tondan çox ümumi yük, 7 milyon tona yaxın tranzit yük daşınıb. Şimal-Cənub dəhlizi üzrə Astara terminalının tikintisi böyük ölçüdə yekunlaşıb. Ötən il bu terminalda 700 min dən çox yük aşırılıb. Tranzit imkanlarının artması ölkənin gəlirlərini də artırır. 2022-ci ilin 9 ayında yükdaşımalardan gəlir 33,2 faiz artaraq 539,6 milyon manat təşkil edib. Tranzit yükdaşımalarından isə 230 milyon manat gəlir əldə edilib”, – deyə Samir Heydərov bildirib.

Əlavə edib ki, Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən təsdiq edilmiş “2022-2026-cı illər ölkənin sosial-iqtisadi inkişaf strategiyasına görə” tranzit imkanlar artırılaraq əldə edilməsi nəzərdə tutulan gəlir həcmi qarşıdakı 5 il ərzində 450 milyon manata çatdırılacaq.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts