ACE layihəsi çərçivəsində dənizin 140 metr dərinliyində yeni platforma quraşdırılacaq

Tokio, 8 oktyabr , /AJMEDIA/

Oktyabrın 7-də Heydər Əliyev adına Bakı dərin özüllər zavoduna media-tur təşkil edilib.
AJMEDIA xəbər verir ki, əvvəlcə Heydər Əliyev adına Bakı dərin özüllər zavodunda mətbuat konfransı keçirilib. BP-nin xarici kommunikasiyalar üzrə rəhbəri, “Azəri-Mərkəzi-Şərqi” (ACE) layihəsinin baş meneceri Nill Filips ACE layihəsi haqqında məlumat verib.
N.Filips diqqətə çatdırıb ki, ACE ilk avtomatlaşdırılmış platforma olacaq. Bütün idarəetmə işləri platformadan deyil, Səngəçal terminalından aparılacaq. “Şahdəniz-2” layihəsinin texniki təcrübəsindən ACE-də də istifadə ediləcək. Neft və su sualtı xəttin ortasında birləşmə üsulu ilə mövcud “Şərqi Azəri” neft xəttinə qoşulmuş yeni boru kəməri vasitəsilə mövcud 30 düymlük kəmərlə Səngəçal terminalına ixrac ediləcək. Laylara suyun vurulması üçün yüksəktəzyiqli su ACE platformasına “Şərqi Azəri”nin yaxınlığında sualtı birləşmə üsulu ilə mövcud “Mərkəzi Azəri” – “Şərqi Azəri” suvurucu xəttinə qoşulmuş yeni xətt vasitəsilə təchiz ediləcək. ACE qazı “Şərqi Azəri” tağı üçün qazın vurulması məqsədi ilə dehidrasiya ediləcək və sıxılacaq. “Şərqi Azəri” tağına vurulmasına ehtiyac olmayan qaz həcmi “Mərkəzi Azəri” – KSVP-ya ixrac ediləcək və “Mərkəzi Azəri”nin tağına vurulacaq.
Həmçinin ACE üzrə 2050-ci ilə kimi 300 milyon barel neft çıxarılmasına şərait yaranacaq. Nill Filips bildirib ki, ACE layihəsi çərçivəsində dənizin təxminən 140 metr dərinliyində, mövcud “Mərkəzi Azəri” və “Şərqi Azəri” platformalarının arasında yeni hasilat, qazma və yaşayış platforması quraşdırılacaq. Platformanın üzərində 48 quyu şaxtası olacaq, yerli ehtiyatlardan istifadə artırılacaq. BP-nin və podratçıların resurslarının optimallaşdırılması, AÇG-nin mövcud infrastrukturunun istifadə imkanlarının maksimum səviyyəyə çatdırılması həyata keçiriləcək.
Mətbuat konfransından sonra jurnalistlər ACE platformasının dayaq bloku ilə tanış olub. Məlumat verilib ki, 2023-cü ilin birinci rübündə platformanın aşağı hissəsinin quraşdırılması başlanacaq, dayaq bloku üzrə işlər yekunlaşdırılıb dənizə çıxarılacaq. Hələlik isə yuxarı hissə tikilir. Bütün hissələr quraşdırılandan sonra quyuların qazılması və neft hasilatına başlanılması 2023-cü ilin sonu – 2024-cü ilin əvvəlinə nəzərdə tutulub.
Bildirilib ki, ACE layihəsinin əsas məqsədi Xəzər dənizində əldə olunan uğurları artıraraq və beynəlxalq miqyasda rəqabətədavamlı layihə həyata keçirərək “Azəri-Günəşli Terminalı”ndakı (AGT) gələcək qurğuların qazma, istismar və icra əməliyyatlarını təhlükəsizlik baxımından transformasiya etməkdir. Layihənin ümumi dəyəri 6 milyard dollardır. Məbləğin demək olar ki, yarısı – təqribən 3,2 milyardı tikinti və digər işlərə sərf olunur. Qalan hissəsi isə istismar müddətinin sonuna qədər müvafiq işlərə xərclənəcək.
N.Filipsin sözlərinə görə, ACE platforması Londonda yerləşən beynəlxalq sığorta şirkəti tərəfindən sığortalanıb: “ACE layihəsinin bütün tərəfdaşları risklərdən sığortalanmağa üstünlük verir və SOCAR tərəfindən beynəlxalq sığorta strategiyasına uyğun olaraq risklərin sığortalanması üçün icazə almışıq”.
Qeyd edək ki, Heydər Əliyev adına Bakı dərin özüllər zavodunun təməli ulu öndər Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində 1978-ci ildə qoyulub. SSRİ dövründə ilk belə zavod məhz Azərbaycanda tikilib. 1978-ci ildə təməli qoyulan müəssisənin ilk məhsulu 1984-cü ildə yola salınıb. 1994-cü il sentyabrın 20-də Ulu Öndərin iştirakı ilə “Əsrin müqaviləsi” imzalandıqdan sonra da zavod ölkə iqtisadiyyatının inkişafına mühüm töhfələr verib.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts