“Əsrin müqaviləsindən” “Yeni Əsrin müqaviləsi”nə gedən yol

Tokio, 26 dekabr, /AJMEDIA/

Azərbaycanın neft epopeyasının uğurlu davamı Prezident İlham Əliyevin adı ilə bağlıdır

Müstəqil Azərbaycanı müasir, güclü, davamlı iqtisadi inkişafa malik dövlətə çevirmək üçün ümummilli lider Heydər Əliyev gələcək siyasi-iqtisadi islahatların köklü transformasiyasının əsası olacaq neft strategiyasını müəyyənləşdirdi. Bu strategiya xarici sərmayədarların Azərbaycanın neft yataqlarının işlənilməsinə cəlb edilməsini, xam neftin daşınma yollarının şaxələndirilməsini, neft gəlirlərinin səmərəli idarə olunmasını və Azərbaycanın yeni inkişaf mərhələsinə qədəm qoymasını təmin etdi.

1994-cü il Azərbaycanın müstəqillik tarixində xüsusi yer tutur. Ulu öndər “Əsrin müqaviləsi”ni bütün maneələrə baxmayaraq reallaşdıra bildi. Ötən müddət ərzində Azərbaycan “Əsrin müqaviləsi”ndən geniş bəhrələndi. Ölkənin beynəlxalq aləmdə nüfuzu xeyli artdı, etibarlı tərəfdaş imici formalaşdı və əsas faktorlardan biri kimi, Azərbaycan zəngin məmləkətlərdən birinə çevrildi. Bu uğurların davamı kimi “Yeni Əsrin müqaviləsi” imzalandı və neft kontraktlarının müddəti 2050-ci ilə qədər uzadıldı.

AJMEDIA “Əsrin müqaviləsi”ndən “Yeni Əsrin müqaviləsi”nə gedən yola, Prezident İlham Əliyevin bu istiqamətdə həyata keçirdiyi müdrik siyasətinə, Azərbaycanı zirvələrə yüksəldən neft strategiyasına nəzər salır.

“Əsrin müqaviləsi” imzalanan ərəfələrdə hadisənin geosiyasi çalarları heç də hər kəs üçün bütünlükdə aydın deyildi. Yalnız böyük strateji təfəkkür sahibi olan Heydər Əliyev gözəl bilirdi ki, ölkənin müstəqillik tarixində yeni bir dönəmin bünövrəsi qoyulur. Bu yolda Azərbaycana qarşı təzyiqlər də oldu, qarayaxma və ləkələmə kampaniyaları aparıldı, müxtəlif iftiralar uyduruldu. Lakin müstəqil Azərbaycan dövlətinin memarını heç kim, heç bir qüvvə tutduğu düzgün yoldan döndərə bilmədi.

Bütün bunlar Azərbaycanın gələcək inkişafı üçün zəmin hazırlayırdı, yaranmış imkanı həyatda gerçəkləşdirmək lazım idi. Burada da Heydər Əliyev dühası özünü göstərdi, sonra isə İlham Əliyev neft strategiyasını daha da zənginləşdirərək yeni layihələrə imza atdı.

Ulu Öndərin Azərbaycanın işıqlı taleyini müəyyənləşdirən neft strategiyasının təməlini qoyduğu həmin illərdə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin xarici əlaqələr üzrə vitse-prezidenti vəzifəsində çalışan İlham Əliyev artıq bu strategiyanı mənimsəməyə başlamışdı. “Əsrin müqaviləsi”nin imzalanması ilə bağlı danışıqlar gedən zaman Azərbaycanın qarşısına Xəzər dənizinin hüquqi statusunun həll edilməsi ilə bağlı şərt qoyulmuşdu. Belə bir məqamda məhz İlham Əliyev bu barədə Ulu Öndərimizə məlumat verdi, onun göstərişi ilə Vaşinqtona uçdu, orada çox faydalı görüşlər keçirib məsələni yoluna qoydu.

Moskvada Beynəlxalq Münasibətlər İnstitutunu bitirərək, alimlik elmi dərəcəsi alan İlham Əliyevin ingilis dilini və beynəlxalq hüquq məsələlərini dərindən bilməsi, tərəfdaşlarla birbaşa ünsiyyət qurub, mürəkkəb vəziyyətlərdən çıxış yollarını tapmaq və gərginliyi aradan qaldırmaq məharəti Vaşinqtonda səlahiyyətli şəxslərlə görüşlərdə də özünü göstərdi.

Nəhayət tərəflərin birgə işləmək, Xəzərin Azərbaycan sektorundakı zəngin neft və qaz yataqlarından ədalətlə bəhrələnmək istəyi üstün gəldi. 1994-cü il sentyabrın 14-də Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin “Xəzərin Azərbaycan sektorunda neft yataqlarının birgə işlənməsi haqqında xarici neft şirkətləri konsorsiumu ilə danışıqların yekunları barəsində” Fərmanı elan edildi. 1994-cü il sentyabrın 20-də isə Bakıda dünyanın 7 ölkəsinin 11 məşhur neft şirkəti ilə Xəzər dənizinin Azərbaycan sektorundakı “Azəri”, “Çıraq” yataqlarının və “Günəşli” yatağının dərinsulu hissəsinin birgə işlənməsinə və Hasilatın Pay Bölgüsünə dair sonralar “Əsrin müqaviləsi” kimi tanınan məşhur Saziş imzalandı.

“Çıraq” yatağından ilk neft 1997-ci il noyabrın 7-də əldə edildi. “Əsrin müqaviləsi” respublikada neft hasilatının böyük həcmdə artmasına səbəb oldu. 1994-cü ildə “Əsrin müqaviləsi” imzalanan vaxt Azərbaycanın tarixində ən aşağı səviyyədə – 9,5 milyon ton olan neft hasilatı 2010-cu ildə 5 dəfədən çox artaraq 51 milyon tona çatdı. Son 27 ildə isə Azərbaycanın neft istehsalı 4 dəfədən çox artıb.

“Əsrin müqaviləsi”ndən sonra qarşıda daha bir hədəf – əsas ixrac boru kəmərinin çəkilməsi dayanırdı. Ulu Öndər tərəfindən təməli qoyulan Bakı-Tbilisi-Ceyhan (BTC) neft kəmərinin tikintisi Prezident İlham Əliyevin səyləri ilə reallaşdı. Başqa sözlə desək, BTC Heydər Əliyev dühasının möhtəşəm proqramı, İlham Əliyev hakimiyyətinin real əsəridir. Ümumiyyətlə isə Azərbaycanın yeni neft strategiyasının ayrı-ayrı detalları ilə bağlı danışıqların aparılmasını, müvafiq sazişlərin imzalanmasını təhlil edəndə görünür ki, bunların hamısı əvvəlcədən dəqiq ölçülüb-biçilmiş bir strateji planın tərkib hissələridir.

Ölkəmizdə neft gəlirlərindən düzgün və məqsədyönlü şəkildə istifadə olunur. Azərbaycan Dövlət Neft Fondu dünyadakı ən şəffaf neft fondlarındandır. “Əsrin müqaviləsi” çərçivəsində Azərbaycanın əldə etdiyi gəlirlər maksimum dərəcədə səmərəli şəkildə zəruri olan sahələrə yönəldilib. Ölkəmizdə Prezident İlham Əliyevin rəhbərliyi ilə iqtisadiyyatın diversifikasiyası, qeyri-neft sektorunun, o cümlədən də özəl bölmənin inkişafı siyasəti həyata keçirilir. Respublikamızda ənənəvi neft sənayesinin yenidən qurulması ilə paralel surətdə, müasir çağırışlar nəzərə alınmaqla modern sənaye quruculuğu həyata keçirilir. Neft gəlirləri, həmçinin institusional inkişafa, ölkənin gələcəyi baxımından müstəsna əhəmiyyət daşıyan insan kapitalı yetişdirilməsinə, sosial məzmunlu layihələrin icrasına, bütün ölkəboyu abadlıq-quruculuq işləri aparılmasına yönəldilir.

Bu məqamda AÇG-nin möhtəşəm nailiyyətlərini nümayiş etdirən bir neçə əsas məqamı xatırlatmaq yerinə düşər. Bu il sentyabrın 18-də “Azəri-Çıraq-Günəşli” (AÇG) yatağı daha bir şanlı səhifə yazdı – yataqdan 4 milyardıncı barel neft hasil edildi. Layihə çərçivəsində indiyədək 40 milyard ABŞ dolları həcmində kapital investisiya qoyulub, 50 milyard kubmetr səmt qazı Azərbaycana təhvil verilib, 3,7 milyard barel neft Bakı-Tbilisi-Ceyhan boru kəməri vasitəsilə nəql edilərək dünya bazarlarına çıxarılıb. Neft Fondunun indiyədək (2001-ci ildən etibarən) AÇG layihəsi üzrə gəliri 154 milyard 670 milyon dolları ötüb.

Dünyada baş verən maliyyə böhranını, neft qiymətlərinin aşağı düşməsini və sair qlobal hadisələri fürsət bilən, Azərbaycanın uğurlu neft strategiyasını gözügötürməyənlər, əldə edilən uğurlara daim məkrli yanaşanlar ictimai rəydə çaşqınlıq yaratmağa cəhd göstərirdi. Bunun cavabı çox gecikmədi. “Şahdəniz-2” layihəsi çərçivəsində Bakı Gəmiqayırma Zavodunda inşa edilən “Xankəndi” sualtı tikinti gəmisinin 2017-ci il sentyabrın 6-da təqdimat mərasimi zamanı Prezident İlham Əliyevin AÇG yatağı ilə bağlı söylədiyi fikirlər Azərbaycanın neft ehtiyatları barədə şayiələrə nöqtə qoydu. “Bir neçə gündən sonra “Azəri-Çıraq-Günəşli” yatağı üzrə yeni kontraktın imzalanması nəzərdə tutulur. Biz, o yataqdakı fəaliyyətimizi 2050-ci ilə qədər uzadacağıq. Bu da bir daha onu göstərir ki, Azərbaycanın çox böyük neft ehtiyatları var”, – deyən Prezident İlham Əliyevin açıqlamasından aydın oldu ki, ölkəmizdə yeni neft erasının başlanğıcı qoyulur.

2017-ci il sentyabrın 14-də Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə Xəzər dənizinin Azərbaycan sektorundakı “Azəri”, “Çıraq” yataqlarının və “Günəşli” yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və neft hasilatının pay bölgüsü haqqında düzəliş edilmiş və yenidən tərtib olunmuş Sazişin imzalanması mərasimi keçirildi. Sazişi Azərbaycan Hökumətinin, SOCAR-ın, BP, “Chevron”, “Inpex”, “Statoil”, “ExxonMobil”, “TP”, “Itochu” və “ONGC Videsh” şirkətlərinin rəsmiləri imzaladı. Sazişə əsasən BP layihənin operatoru olaraq qaldı.

Beləliklə “Yeni Əsrin müqaviləsi” yeni şərtlər ilə Azərbaycanın neft siyasətində növbəti uğurların başlanğıcını qoydu. Yeni müqavilənin imzalanması onu göstərdi ki, yataqların gələcək dövrdə işlənilməsində maraqlı olan xarici neft şirkətləri var və Azərbaycan dünya iqtisadiyyatı üçün açıq ölkədir. Etibarlı tərəfdaş kimi xarici sərmayədarların diqqətini cəlb edir. Lakin dəyişən bir mühüm məqam var ki, “Yeni Əsrin müqaviləsi”ndə bütün şərtləri Azərbaycan diktə edir.

Azərbaycanın götürdüyü düzgün xətt davamlıdır. Prezident İlham Əliyevin yeni müqavilənin imzalanmasında dediyi kimi: “Bizim çox böyük maliyyə resurslarımız var. Artıq 1999-cu ildən fəaliyyətə başlamış Azərbaycan Dövlət Neft Fondu bizim üçün çox önəmli bir amildir. Biz valyuta ehtiyatlarımızı artırırıq, hətta neftin qiymətinin aşağı düşməsi ilə əlaqədar yaranmış bəzi çətinliklər də bizi bu yoldan döndərə bilmədi. Biz hətta bu illərdə öz valyuta ehtiyatlarımızı artırmışıq, artıracağıq. Əlbəttə ki, “Əsrin kontraktı”nın uzadılması və “Şahdəniz” layihəsinin, “Cənub Qaz Dəhlizi”nin icrası nəticəsində bizim maddi imkanlarımız daha da genişlənəcək”.

Sazişin bir hissəsi olaraq SOCAR-ın AÇG-dəki iştirak payı 11,65 faizdən 25 faizə qaldırıldı və beynəlxalq tərəfdaş şirkətlər Dövlət Neft Fonduna 3,6 milyard dollar bonus ödəyəcək. Azərbaycana çatacaq mənfəət neftinin səviyyəsi isə 75 faiz təşkil edəcək. Beləliklə, ölkənin ümumi mənfəət göstəricisi 89,1 faiz olacaq ki, bu da gələcəkdə yeni strateji layihələrə başlamağa zəmin yaradacaq.

“Yeni Əsrin müqaviləsi”, eyni zamanda, Azərbaycanın çox etibarlı tərəfdaş olduğunu, ölkəmizlə tərəfdaşlıq edən subyektlər arasında ciddi etimad mühitinin formalaşdığını göstərir. Xüsusilə də, uzun müddət ölkəmizlə uğurlu əməkdaşlıq edən BP şirkəti ilə praqmatik işbirliyi yaranıb. Prezident İlham Əliyev bu məqamları xüsusi vurğulayaraq deyib: “Bu gün mən xüsusilə bizim əsas tərəfdaşımızın – BP şirkətinin fəaliyyətini qeyd etmək istəyirəm. Bizimlə BP arasında əməkdaşlığımızın da 23 illik tarixi var. Yəni, BP bizim bütün əsas layihələrimizdə əsas tərəfdaş və investor kimi fəaliyyət göstərir. Həm “Azəri-Çıraq-Günəşli”də, Bakı-Tbilisi-Ceyhan layihəsində, “Şahdəniz” layihəsində, “Cənub Qaz Dəhlizi” layihəsində. Yəni, bu strateji tərəfdaşlıq artıq böyük sınaqlardan çıxıb. Bizim aramızda – SOCAR ilə BP arasında yaranmış çox gözəl işgüzar münasibətlər, qarşılıqlı etimad, o cümlədən bugünkü mərasimi mümkün etmişdir”.

Qeyd edək ki, hazırda AÇG-də tərəfdaşların iştirak payları belədir: BP-30,37 faiz, “AzACG” (SOCAR)-25 faiz, “MOL”-9,57 faiz, “Inpex”-9,31 faiz, “Equinor”-7,27 faiz, “ExxonMobil”-6,79 faiz, “TP”-5,73 faiz, “Itochu”-3,65 faiz və “ONGC Videsh Limited” (OVL)-2,31 faiz.

Bütün bunlar göstərir ki, Azərbaycanın dinamik inkişafını təmin edən neft siyasəti, “Əsrin müqaviləsi”ndən “Yeni Əsrin müqaviləsi”nədək keçilən uğurlu yol məhz ümummilli lider Heydər Əliyevin təməlini qoyduğu neft strategiyası əsasında mümkün olub. Ulu Öndərin siyasi-iqtisadi kursuna sadiq qalan dövlətimizin başçısı bu yolla müstəqilliyimizi daha da möhkəmləndirir, Azərbaycanı güclü iqtisadiyyata malik qüdrətli ölkəyə çevirir. Vətən müharibəsində qazanılmış şanlı Qələbə məhz bu uğurlu siyasətin bariz nümunəsidir.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts