Yeddi rəqəmi sanki onun bu dünyadakı cismən varlığı üçün xüsusi seçilmişdi

Tokio, 30 sentyabr , /AJMEDIA/

Tovuz döyüşləri zamanı komandiri, general-mayor Polad Həşimovun şəhid olması Sahili çox hiddətləndirmişdi. Komandirinin qisasını almaq üçün öndə gedənlərdən biri də Sahil idi. Həmin döyüşlər zamanı mənə bircə kəlimə yazmışdı: “Haqqını halal et!”. İlk dəfə idi içimə qəribə bir təlaş doldu. Həmin vaxt atəşkəs bərpa olunsa da, narahatlığım keçmədi. Hisslərim Sahillə mənim tale yollarımızın ikiyə ayrılacağını deyirdi. Həyatımda ilk dəfə yanılmaq istədim, təəssüf ki, belə olmadı. Cəmi iki ay yarımdan sonra hiss etdiklərim özünü doğrultdu. Sentyabrın 27-də başlanan Vətən müharibəsi Sahilin komandirinin intiqamını alması üçün fürsət oldu. Heç tərəddüd etmədən həm Vətənə olan borcunu, həm də general-mayor Polad Həşimovun ruhu qarşısında verdiyi intiqam sözünü tutmaq üçün irəli atıldı. Sahil verdiyi sözə canı bahasına əməl etdi. O, Allahın dərgahına da, komandirinin hüzuruna da üzüağ getdi.
AJMEDIA xəbər verir ki, bunu Vətən müharibəsinin şəhid baş leytenantı Sahil Məmmədovun həyat yoldaşı Turanə Məmmədova deyib.
Turanə xanım həyat yoldaşı ilə son görüşünü belə xatırlayır: “2020-ci il sentyabrın 25-i sonuncu görüşümüz oldu. Davranışlarındakı qəribəliklər iki aydan çoxdur içimdə saxladığım narahatlıqları bir az da artırdı. “Nəfəsim” adlandırdığı qızımız Şəmsi doyunca öpdü. Mənim də alnımdan öpüb “Allaha əmanətlərimsiniz” deyib getdi. Sentyabrın 26-da gecə saatlarında şəhidliklə bağlı status paylaşmışdı. O gecə mənə haram oldu sanki. Yuxumu da qarışdırdım. Səhəri isə Azərbaycan Ordusunun əks-hücum əməliyyatına başlaması xəbəri ilə açdım. Ürəyimin çırpıntısı bədənimdə əks-səda verirdi. Sahillə əlaqə saxlamağa çalışsam da olmadı. Onu xəstəxanalarda yaralılar arasında axtarsam da tapmadım. Hər ötən gün ondan xəbər çıxmadıqca yerə-göyə sığmırdım. Həmin vaxtlar döyüş meydanında Azərbaycan ordusuna məğlub olan düşmən dinc əhalini hədəf alırdı. Gəncə bombalansa da, Sahildən xəbər almayınca şəhəri tərk etməyəcəyimi dedim. Oktyabrın 4-də Sahilin yaxın dostlarından biri mənə zəng edib dedi ki, Sahillə danışa bilib, o, bizim Bakıya getməyimizi istəyir. Bakıya yola düşsəm də, içimdə şübhə qalmışdı. Sahil nə olur-olsun mənimlə əlaqə saxlayardı. Odur ki, Müdafiə Nazirliyinə müraciət etdim. Aldığım cavab sanki ruhumu bədənimdən aldı. Sahilin adı sentyabrın 28-dən itkinlər siyahısında imiş…
Əlimi hər şeydən üzmüşdüm. Lakin içimdə sağ olmasına dair az da olsa ümid var idi. Ta ki, dekabrın 4-dək… Dekabrın 4-də Sahilin nəşinin tapıldığı xəbərini aldım. Onu son dəfə görmək istəyirdim. Hər zamankı kimi gülümsəyirdi. Bu, onun mənə son gülümsəməsi oldu. Sən demə Sahil sentyabrın 28-də Kəlbəcər istiqamətində gedən döyüşlərdə – Murovdağda şəhid olub. Onun nəşini dekabrın 7-də doğulduğu Naxçıvan şəhər Qaraçuq qəsəbəsinə aparıb oradakı kənd qəbiristanlığında torpağa tapşırdıq. Sahilin 25 illik ömrünə çox qəribə bir təsadüf də iz saldı. Yeddi rəqəmi sanki onun bu dünyadakı cismən varlığı üçün xüsusi seçilmişdi. İyunun 7-də dünyaya göz açdı, dekabrın 7-də isə bu dünya ilə əbədi vidalaşdı. Amma Sahil digər şəhidlərimiz kimi, ruhən əbədi yaşayacaq”.
Həyat yoldaşı Sahilsiz hər şeyin çətin olduğunu, lakin onun şəhid adının əzəmətinin ayaqda qalmağa güc verdiyini deyir: “Xoşbəxt ailə həyatımız dörd il çəkdi. Bu dörd il ərzində onunla bağlı o qədər gözəl xatirələrim var ki… Sahilin qoxusunu, nəfəsini qızımızdan alıram. Şəmslə bağlı arzuları, xəyalları var idi. Ona söz vermişəm. Ömür vəfa etsə, hər birini yerinə yetirəcəyəm”.
Turanə Məmmədova şəhid ailəsi kimi dövlət qayğısından razılığını ifadə edib.
Qeyd edək ki, Vətən müharibəsi şəhidi, baş leytenant Sahil Rasim oğlu Məmmədov “Vətən uğrunda”, “İgidliyə görə”, Kəlbəcərin azad olunmasına görə” medalları və “Rəşadət” ordeni ilə təltif olunub. O, həmçinin sağlığında “Azərbaycan Silahlı Qüvvələrinin 100 illiyi (1918-2018) yubiley medalı”na layiq görülüb.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts