Yaponiyada nəşr olunmuş kitabda Azərbaycan haqqında xüsusi məqalə yerləşdirilib

Tokio, 22 aprel , /AJMEDIA/

Yaponiyada “Mütaliə edərkən sizi dünya xəritəsinə aparan kitab” adlı yeni nəşrdə Azərbaycana həsr edilmiş xüsusi məqalə yerləşdirilib.
AJMEDIA xəbər verir ki, “Rusiyanın ətrafındakı maraqlı ölkələr: Azərbaycan necə bir ölkədir?” adlı məqaləni “dimond.jp” saytı da yaponiyalı oxuculara təqdim edib.
Kitabda dünyanın 212 ölkəsi 30 regiona bölünərək oxuculara təqdim edilir. Dünya ölkələrini quş uçuşu hündürlüyündən seyretməyə imkan yaradan kitab hər bir regionun xüsusiyyətlərini və ölkələr arasında münasibətləri kompakt şəkildə öyrənməyə, böyüklərin bilməli olduğu dünyanın vacib məsələlərini aydın şəkildə anlamağa imkan verən epoxal nəşr kimi xarakterizə olunur.
Qeyd edilir ki, Azərbaycanın adı xüsusən son illər Olimpiya oyunlarında və Dünya çempionatlarında böyük uğur qazanan ölkələr sırasında tez-tez çəkilir. Yaponiyada ölkəmizə olan bu böyük maraq nəzərə alınaraq, Azərbaycan haqqında ətraflı məlumat verilir. Onun Qara dəniz ilə Xəzər dənizi arasındakı Qafqaz regionunda yerləşdiyi bildirilir. Şərqdə Xəzər dənizi, Cənubda İran, şimalda Rusiya ilə əhatə olunduğu qeyd edilir. Azərbaycanda yaşayan əhalinin əsasən islam dininə sitayiş etdiyi, bununla yanaşı, müxtəlif dinlərin nümayəndələrinin burada yaradılmış tolerant münasibətdən və multikultural şəraitdən məmnun olduğu vurğulanır.
Bildirilir ki, XIX əsrin əvvəllərində Rusiyanın təsiri altına düşən Azərbaycan XX əsrin əvvəllərində müstəqilliyini qazansa da, bu, cəmi 23 ay çəkib. Təqribən 71 il keçmiş Sovet İttifaqının tərkibində olan Azərbaycan 1991-ci ildə müstəqilliyini bərpa edib. Diqqətə çatdırılır ki, balanslaşdırılmış xarici siyasət yürüdən Azərbaycan rəhbərliyi MDB-nin tərkibinə daxil olsa da, ABŞ və Avropa İttifaqı ilə də yaxın münasibətlər qurmağa nail olub.
Məqalədə Ermənistanın Azərbaycana qarşı əsassız torpaq iddiaları və bu zəmində baş verən Qarabağ münaqişəsinə də diqqət yetirilib. Azərbaycanın təqribən 30 ilə yaxın bir dövrdə işğal altında qalan torpaqlarının 2020-ci ilin payızında azad edildiyi qeyd olunub.
Yazıda Azərbaycanın Xəzər dənizində yerləşən neft və qaz yataqlarından bacarıqla istifadə etdiyi də yer alıb. XIX əsrin ortalarından başlanan neft hasilatı nəticəsində ölkəmizin dünyanın enerji təminatında xüsusi rol oynadığı qeyd edilib. Müstəqilliyin bərpasından sonra inşa olunan Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft və Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri nəticəsində əldə edilən mənfəətin bacarıqla istifadəsi nəticəsində paytaxt Bakının gündən-günə gözəlləşdiyi vurğulanıb.
Yazıya Azərbaycan xəritəsi, Azərbaycanın Dövlət Bayrağı və Bakının müasir görünüşünün əks olunduğu fotolar da əlavə edilib.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts