Yaponiya hökuməti gələn il müdafiə xərclərinə rekord həddə vəsaitin ayrılması barədə büdcə layihəsini bəyənib

Tokio, 24 dekabr, /AJMEDIA/

Dekabrın 24-də Yaponiya Nazirlər Kabineti 2022-ci maliyyə ilində müdafiə xərcləri üçün rekord həddə – 5,40 trilyon yen (təqribən 47 milyard dollar) vəsait ayrılması barədə büdcə layihəsini bəyənib.

AJMEDIA Yaponiya Müdafiə Nazirliyinə istinadla xəbər verir ki, səkkiz il ardıcıl olaraq artırılan büdcə vəsaitinin əsas hissəsinin yeni texnologiyaların hazırlanmasına sərf ediləcəyi gözlənilir. ABŞ hərbi bazalarının saxlanması xərcləri də daxil olmaqla, büdcə layihəsi əvvəlki illə müqayisədə 1,1 faiz artacaq. Büdcə layihəsinin əsasən, Şimali Koreyanın nüvə və raket zərbələrinin qarşısının alınması üçün sərf olunacağı qeyd edilir.

Həmçinin bildirilir ki, nazirlik yeni tədqiqatlar və təkmilləşdirmələr üçün 291,1 milyard yen və ya əvvəlki illə müqayisədə 37,6 faiz çox vəsait ayrılmasını nəzərdə tutur. Bu zaman süni intellekt tərəfindən idarə olunan və qırıcılarla əlaqədə fəaliyyət göstərən pilotsuz uçan aparatların hazırlanmasının diqqət mərkəzində olacağı qeyd edilir.

Bununla yanaşı, nazirlik hava hücumundan müdafiə qüvvələri üçün yeni nəsil qırıcıların hazırlanmasına 85,8 milyard yen ayırmağı planlaşdırır. Bu təyyarələr üçün reaktiv mühərriklər Böyük Britaniya ilə birlikdə istehsal ediləcək.

Eyni zamanda, 12 ədəd yeni nəsil F-35 qırıcısının əldə edilməsi üçün 10,2 milyard yen vəsaitin sərf edilməsi nəzərdə tutulur. Bundan əlavə, Yaponiya hərbi-hava qüvvələrinə məxsus 70 ədəd F-15 qırıcısının modernləşdirilməsinə 52 milyard yen ayrılması planlaşdırılır.

Kosmik məkana gəlincə, nazirlik bu istiqamətdə aparılacaq tədqiqat layihələrinə 117,7 milyard yen ayırmağı nəzərdə tutur.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts