Yaponiya çərpələngləri Dənizkənarı Milli Parkda

Tokio, 24 iyul , /AJMEDIA/

İyulun 24-də Bakıda Dənizkənarı Milli Parkda Yaponiya ilə Azərbaycan arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümü ilə bağlı bu ölkənin ənənəvi mədəniyyət tədbiri olan “Sanco çərpələng yarışı” keçirilib.
AJMEDIA xəbər verir ki, “Yaponiya-Azərbaycan Dostluq İli” tədbirləri çərçivəsində təşkil olunan yarışda Yaponiyanın Azərbaycandakı səfirliyinin, Bakı Şəhər İcra Hakimiyyəti aparatının əməkdaşları, paytaxtımızın sakinləri və qonaqları iştirak ediblər.
Tədbirdə qeyd olunub ki, “Sanco çərpələng yarışı” 18-ci əsrdən etibarən davam edən ənənəvi festival olmaqla, Niiqata prefekturasının qeyri-maddi milli mədəni sərvəti kimi tanınır. Yarışda hər birində beş nəfər olmaqla iki komanda olur. Onlar rəqibin çərpələngini yerə düşürtmək üçün mübarizə aparırlar.
Yarış üçün istifadə olunan çərpələnglər altıbucaqlıdır və Sanco şəhərinin özünəməxsus atributudur. Hətta az küləkli şəraitdə belə səmada uçurdulması mümkündür və idarə edilməsi rahatdır. Tədbir zamanı 11 sənətkar tərəfindən “Sanco çərpələng yarışı” təşkil edilib. Eləcə də tamaşaçılara nümayiş etdirmək üçün çərpələng üzərində rəsmlər çəkilib və onlar uçurdulub.
Sonda tədbir üçün xüsusi hazırlanmış Bakı xatirə çərpələngi şəhər icra hakimiyyətinə hədiyyə olunub.
Yaponiyanın Azərbaycandakı səfirinin müavini, müşavir Takoya Yukihito bildirib ki, bu gün Dənizkənarı Milli Parkda 300 ildən çox tarixi olan Yaponiyanın məşhur çərpələng yarışı təşkil olunub. Bu yarış Yaponiya ilə Azərbaycan arasında diplomatik münasibətlərin qurulmasının otuzuncu ildönümü çərçivəsində baş tutan tədbirlərdən biridir. Ölkənizin insanları çox istiqanlıdır. Eyni zamanda, paytaxtınızda gördüyüm mənzərə xoşuma gəldi. Bakı çox füsunkar və gözəl şəhərdir.
Qeyd edək ki, “Sanco çərpələng yarışı” iyulun 23-də Lənkəran şəhər Heydər Əliyev adına xatirə parkında keçirilib.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts