Yapon professor: Eyni bölgədə daha bir güclü zəlzələ baş verə bilər

Tokio, 10 fevral , /AJMEDIA/

Yaponiyanın Tohoku Universitetinin professoru Toda Şinci Anadoluda baş vermiş güclü zəlzələnin min ildə bir dəfə baş verə biləcəyini söyləyib. Professor bildirib ki, müasir elm zəlzələnin nə vaxt və harada olacağını təxmin edə bilmir, amma Kahramanmaraş bölgəsində növbəti güclü zəlzələ ehtimalını da unutmaq olmaz.
AJMEDIA xəbər verir ki, Türkiyədə baş vermiş güclü zəlzələni şərh edən professor maraqlı açıqlamalar verib. Başqa yerlərdən fərqli olaraq tez-tez böyük və dağıdıcı zəlzələlərə məruz qalan Yaponiyada seysmologiya üzrə araşdırmaları ilə tanın T.Şinci Kahramanmaraşdakı zəlzələlərin min ildə bir dəfə baş verə biləcək qədər şiddətli olduğunu vurğulayıb.
Yaponiyanın Tohoku Universitetinin Fəlakətlər üzrə Beynəlxalq Elmi Tədqiqat İnstitutunun professoru Toda Şinji bildirib ki, Kahramanmaraşda baş verən və 10 əyalətə təsir edən 7,7 və 7,6 bal gücündə zəlzələlər ən böyük yeraltı təkanlar olub.
“Bu, min ildə bir baş verən zəlzələlərdir. Yer qabığında geniş bir hərəkət meydana gəlib. Belə böyük bir qopma və yer qabığının hərəkəti ancaq min ildə bir dəfə baş verə bilər. Türkiyədə zəlzələ zamanı çıxan enerji Yaponiyanın Kobe və Kumamoto regionlarında baş verən zəlzələlərdən 15 dəfə güclü olub”, – deyə professor qeyd edib.
Xatırladaq ki, 1995-ci ildə Yaponiyanın Kobe şəhərində baş verən Böyük Hanşin zəlzələsi 7,2 bal gücündə, 2016-cı ildə Kumamoto zəlzələsi isə 7 bal gücündə olub.
Professor Toda misallarla izah edib ki, Türkiyədə baş verən zəlzələlər quruda baş verən ən böyük zəlzələlərdən biridir.
“Türkiyədə baş verən son zəlzələ Çinin Sıçuan, ABŞ-ın Alyaska, Yeni Zelandiya və Tibetdəki zəlzələlərindən daha böyük və daha şiddətli olub. Üstəlik, saydıqımlarımdan üçü kənd yerlərində baş veridyinə görə insan itkisi az qeydə alınıb. Türkiyədə olanlar isə böyük yaşayış məntəqələrində meydana gəlib və bu, itkilərin çox olmasına səbəb olub”, – deyə professor bildirib.
Həmçinin prof. Şinci bildirib ki, dağıntıların bu qədər böyük olmasının əsas səbəbi zəlzələ mərkəzinin Yerin səthinə yaxın olmasıdır.
Yeraltı təkanların mahiyyətini izah edən yapon professor qeyd edib ki, çox geniş ərazidə Ərəb plitəsi Anadoluya doğru irəliləyir, çoxsaylı qırılma xətləri və yer qabığının qırılması böyük təkanlara səbəb olub.
“Türkiyədə baş verən zəlzələdən sonra çoxlu davamlı təkanlar var, bunlar adi təkanlardan daha böyükdür. Böyük zəlzələlər uzun qırılma xətləri boyunca baş verir. Qatların yerləşdiyi qırılma xətti təqribən 200 kilometr uzunluğundadır və buradakı gərginlik nəticəsində yaranan qopma dağıntının belə geniş əraziyə yayılmasına səbəb olub”, – deyə professor qeyd edib.
1999-cu ilin avqustunda Kocaeli zəlzələsini və ondan bir neçə ay sonra Düzce zəlzələsini xatırladan T.Şinci deyib: “1999-cu ilin avqustunda baş verən zəlzələdə ayrılan enerji böyük idi, amma əslində onun bir hissəsi digər lay xəttinə keçmişdi. Həmin zəlzələdə yaranan böyük gərginlikdən bir neçə ay sonra ikinci zəlzələ baş verdi. Təbii ki, zəlzələnin nə vaxt və harada olacağını təxmin edə bilmərik. Amma eyni bölgədə (Kahramanmaraş) güclü zəlzələ ehtimalını da nəzərdən qaçırmamalıyıq”.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts