Xalqa bağışlanmış ömürdən anlar: 2000-ci ilin mayı

Tokio, 10 iyun , /AJMEDIA/

AJMEDIA müasir müstəqil Azərbaycan dövlətinin banisi, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar xalqımızın Ulu Öndərinin parlaq, zəngin və şərəfli həyat yolunun əsas məqamlarını, bənzərsiz siyasi və dövlətçilik fəaliyyətini – xalqa bağışlanmış ömrünün anlarını xronoloji ardıcıllıqla təqdim edir.

X X X

1 may. Prezident Heydər Əliyev Beynəlxalq Valyuta Fondunun II Avropa Departamenti direktorunun başçılıq etdiyi nümayəndə heyətini qəbul etdi.
5 may. “Bakılı oğlanlar” Şən və Hazırcavablar Komandasının konsertində iştirak etdi və komandanın üzvləri ilə görüşdü.
6 may. Yeni Azərbaycan Partiyası siyasi şurasının iclasında nitq söylədi.
7 may. Akademik Milli Dram Teatrında “Aydın” pyesinin yeni quruluşda tamaşasına baxdı.
9 may. Bakıda iki dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanovun məzarı önündə faşizm üzərində Qələbənin 55-ci ildönümü münasibətilə keçirilən mərasimdə nitq söylədi.
11 may. ABŞ Dövlət Departamentinin yeni müstəqillik qazanmış dövlətlərə yardım üzrə koordinatoru səfir Uilyam Teylorun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul etdi.
İsrailin milli bayramı şərəfinə təşkil olunmuş rəsmi qəbulda nitq söylədi.
12 may. Yeniyetmələrin II Respublika Oyunlarının açılışı mərasimində çıxış etdi.
18 may. Qaçqınların və məcburi köçkünlərin vəziyyətinə həsr olunmuş “İnkişaf Problemləri və Strateji Problemlər” mövzusunda beynəlxalq konfransda iştirak etdi.
19 may. Ukraynanın hökumət nümayəndə heyəti ilə görüşdü.
23 may. Gəncə şəhərinə səfər etdi. Səfər çərçivəsində Yenikənd Su Elektrik Stansiyasının açılışında iştirak etdi, “N” hərbi hissəsinin şəxsi heyəti, həmçinin şəhər ictimaiyyətinin nümayəndələri ilə görüşdü. Nizami Gəncəvinin məqbərəsini ziyarət edərək nitq söylədi.
27 may. Respublika Günü münasibətilə keçirilən təntənəli tədbirdə nitq söylədi.
28 may. Şəhidlər xiyabanını ziyarət etdi.
29 may. Türkiyənin xarici işlər naziri İsmayıl Cəm ilə görüşdü.

1992-ci ilin noyabrında təsis olunmuş Yeni Azərbaycan Partiyası (YAP) Azərbaycan tarixinə mühüm hadisələrdən biri kimi yazılıb. Ulu Öndər Heydər Əliyevin bu partiyaya Sədr seçilməsi respublikanın 1990-cı illərin əvvəlində gərgin, təhlükəli ictimai-siyasi vəziyyətindən irəli gələn tarixi zərurət idi. Ozamankı hakimiyyət dairələrinin YAP-ın yaranmasına göstərdikləri maneələr, aramsız təzyiqlər bu yola qədəm qoyan insanların əzm və iradəsini qıra bilmədi. Ulu Öndər o günləri xatırlayaraq deyirdi: “Yeni Azərbaycan Partiyası Azərbaycanda gedən ictimai-siyasi proseslərin içərisindən çıxan zərurətdir… Yeni Azərbaycan Partiyasının fərqi ondan ibarətdir ki, bu partiya onu yaratmaq, siyasi fəaliyyətlə məşğul olmaq istəyən adamların istəkləri ilə, bir təşkilati mərkəz olmadan… ağır şəraitdə böyük təqiblər şəraitində yaranmış bir partiyadır”.
2000-ci il mayın 6-da Heydər Əliyev Rəşid Behbudov adına Mahnı Teatrında Yeni Azərbaycan Partiyası siyasi şurasının iclasında çıxışı zamanı YAP-ın qurultayında keçən dövrə yekun vurdu və qarşıda duran vəzifələrdən danışdı.
Sitat: “Məmnuniyyətlə qeyd edirəm ki, Yeni Azərbaycan Partiyası yaranandan indiyə qədər, xüsusən 1993-cü ildən sonra bu sahədə çox iş görübdür. Bizim əldə etdiyimiz, dövlətin əldə etdiyi bu nailiyyətlərdə Yeni Azərbaycan Partiyasının çox dəyərli payı var. Ancaq bunlar bugünkü mərhələyə qədər olan məsələlərdir. Bundan sonra dövlətin qarşısında duran vəzifələr, eyni zamanda Yeni Azərbaycan Partiyasının qarşısında duran vəzifələrdir. Bizim siyasi xətt-hərəkətimiz, dövlətin daxili və xarici siyasəti eynən Yeni Azərbaycan Partiyasının siyasi xəttidir. Bu siyasi xətti də daim inkişaf etdirmək lazımdır”.
Ümummilli Lider Heydər Əliyev mədəniyyət və incəsənət sahəsinə hər zaman həssas münasibət bəsləyir, sənət adamlarına diqqət və qayğı göstərirdi. Mədəniyyət və incəsənət xadimlərinin bir çoxu ilə şəxsən tanış idi. Vaxtaşırı olaraq konsertlərə, teatr tamaşalarına baxır, səhnə arxasına keçərək artistlərlə, aktyorlarla söhbət edirdi.
Ulu Öndər 2000-ci il mayın 7-də Akademik Milli Dram Teatrında Cəfər Cabbarlının 100 illik yubileyi münasibətilə görkəmli dramaturqun “Aydın” pyesinin yeni quruluşda tamaşasına baxdı. Tamaşadan sonra sənətkarlarla görüşən Ulu Öndər Cəfər Cabbarlı irsini və “Aydın” pyesinin tamaşaya qoyulmasını yüksək qiymətləndirərək dedi: “Cəfər Cabbarlının bu pyesi Azərbaycanın bütün teatrsevərləri, sənətsevərləri üçün həmişə qiymətli, əziz olmuşdur, bu tamaşa həmişə sevinclə qarşılanmışdır. Uzun bir fasilədən sonra siz yenidən bu əsərə qayıtmısınız. Bəlkə burada yenə mənim də bir az xidmətim var ki, mən Cəfər Cabbarlının 100 illik yubileyi münasibətilə sərəncam imzaladım, siz də bu sərəncama cavab olaraq onun gözəl əsərlərindən birini hazırladınız və bu gün təqdim etdiniz…
Cəfər Cabbarlı mədəniyyətimizin, ədəbiyyatımızın böyük, dahi insanlarından biridir. Təsadüfi deyil ki, – mənim xatirimdədir – biz onun 80 illik yubileyini çox təntənəli keçirdik. Azərbaycanda, Bakının ən gözəl guşələrindən birində Cəfər Cabbarlının heykəlini ucaltdıq”.
Ulu Öndərin 1993-cü ildə respublikamıza rəhbərliyə qayıdışı ərəfəsində arxa plana keçmiş 9 May – Qələbə Günü yenidən dövlət bayramları sırasına daxil edildi. Müharibə veteranlarının sosial müdafiəsinin gücləndirilməsi istiqamətində mühüm addımlar atıldı, “Veteranlar haqqında” Qanun imzalandı.
2000-ci il mayın 9-da Heydər Əliyev Bakıda iki dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanovun məzarı önündə İkinci Dünya müharibəsində faşizm üzərində Qələbənin 55-ci ildönümü münasibətilə keçirilən mərasimdə iştirak etdi. Azərbaycan xalqının qələbədəki rolundan danışdı, qəhrəman övladlarımızın xidmətlərini bir daha xatırlatdı.
Sitat: “Azərbaycan da bu müharibədə – Böyük Vətən müharibəsində öz payını vermişdir. Azərbaycanın qəhrəman oğulları vuruşmuş, döyüşmüş, canlarını vermiş, həlak olmuşlar. O vaxt Azərbaycandan 600 minə qədər vətəndaşımız cəbhəyə gedib vuruşmuşdur. Onların təxminən 300 mini geri qayıtmamış, alman faşizmi üzərində qələbə çalmaq üçün canlarını qurban vermişlər, həlak olmuşlar. Azərbaycan xalqının dəyərli nümayəndələri, igid oğulları bu vuruşlarda böyük qəhrəmanlıq nümunələri göstərmişlər…
Həzi Aslanov Böyük Vətən müharibəsində mərdliklə döyüşən, vuruşan Azərbaycan xalqının nümayəndələrindən ən görkəmlisidir. O bu döyüşlərdə həlak olmuş, ancaq öz vətəndaşlıq borcunu yerinə yetirmiş, Azərbaycan xalqının hansı yüksək mənəvi xüsusiyyətlərə malik olduğunu dünyaya nümayiş etdirmişdir. O, Sovet İttifaqı Qəhrəmanı adını alıb sonra da döyüşərək, general rütbəsinə çatıb, ondan sonra da döyüşərək qəhrəman kimi həlak olmuşdur. Biz bu gün bu məzarın önündə – Azərbaycan xalqının qəhrəman oğlu Həzi Aslanovun məzarının önündə Azərbaycan xalqının bütün qəhrəmanlarının, həyatını qurban vermiş igid oğlan və qızlarının xatirəsini yad edirik”.
İsrail və Azərbaycan xalqlarını uzun illərin dostluq münasibətləri birləşdirir. Yəhudilər Azərbaycanda əsrlər boyu sərbəst yaşamış, öz həyatlarını qurmuşlar. Bu, dövlətlərin də bir-birinə yaxınlaşmasına, əlaqələrin strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsinə vəsilə olub. Ulu Öndər mayın 11-də İsrailin milli bayramı şərəfinə təşkil olunmuş rəsmi qəbulda iştirak etdi. Burada söylədiyi nitqində Azərbaycan-İsrail münasibətlərinin daha da inkişaf etməsinin zəruriliyini vurğuladı və bir sıra aktual məqamlara toxundu.

X X X

Heydər Əliyevin İsrailin Milli Bayramı şərəfinə təşkil olunmuş rəsmi qəbulda nitqindən

• Biz Azərbaycanda İsrail dövlətinə bir dost dövlət və yəhudi xalqına dost xalq kimi baxırıq. Eyni zamanda, İsrailin qonşuları olan ərəb ölkələri də bizim dostlarımızdır. Biz çox arzu edirik ki, Yaxın Şərqdə İsrailin ətrafındakı münaqişə tezliklə başa çatsın və İsrail ilə onun ətrafında olan bütün ərəb ölkələri arasında sülh, əmin-amanlıq yaransın.
• Biz istəyirik ki, o bölgədə İsrail öz müstəqilliyini qoruyub saxlasın, İsrail dövləti bundan sonra da güclənsin və inkişaf etsin. Eyni zamanda, biz istəyirik ki, fələstinlilər də, ərəblər də öz istəklərinə, arzularına çatsınlar, onlar da öz torpaqlarında müstəqil yaşamaq, müstəqil dövlət əldə etmək hüququna nail ola bilsinlər.
• Azərbaycan ilə İsrail arasında olan dostluğun dərin kökləri var. Azərbaycanda yəhudilər əsrlər boyu yaşamış, Azərbaycanın bərabər hüquqlu insanları kimi yaşamışlar. Azərbaycanlılar heç vaxt onları burada hansısa əcnəbi xalqın nümayəndəsi kimi hesab etməmişlər. Bizim xalqımız heç vaxt unutmayacaqdır ki, Azərbaycanda yaşayan yəhudilər XIX əsrin sonu və XX əsrin əvvəlindən başlayaraq indiyə qədər Azərbaycan elminin, mədəniyyətinin, səhiyyəsinin, iqtisadiyyatının, sənayesinin inkişafında böyük xidmətlər göstərmiş və çox silinməz izlər qoymuşlar.
• Azərbaycan xalqı sülhsevər xalqdır. Azərbaycan xalqı heç vaxt heç bir millətə qarşı pis niyyətlər, mənfi münasibət göstərən xalq deyildir. Məhz buna görə də yəhudilər Azərbaycanda əsrlər boyu sərbəst yaşamış, öz həyatlarını qurmuş, Azərbaycanın həyatının bütün sahələrində fəaliyyət göstərmiş və Azərbaycanın inkişafında fəal iştirak etmişlər.
• Bu gün də müstəqil dövlətimizdə yəhudilər Azərbaycanın bərabər hüquqlu vətəndaşları kimi yaşayırlar. Onlar burada öz ölkələri, vətənlərində olduğu kimi yaşayırlar. Azərbaycan dövlət müstəqilliyini əldə edəndən sonra ölkəmiz ilə İsrail arasında hökumətlərarası əlaqələr daim inkişaf etmişdir.
• Biz bu əlaqələrin gələcəkdə də inkişaf etməsini istəyirik, bunun üçün öz tərəfimizdən lazımi tədbirlər görürük və görəcəyik. Ümidvaram ki, İsrail-Azərbaycan əlaqələri get-gedə genişlənəcək və hər iki tərəfə fayda verəcəkdir

Follow us on social

Facebook Twitter Youtube

Related Posts