Sülhün alternativi və hüquq

Tokio, 6 may , /AJMEDIA/

Neoimperializmin qanlı-qadalı işğalçılıq və qəsbkarlıq siyasəti, sadəcə, bu günün mövzusu deyil. Qəsbkarlıq və işğalçılıq uzun əsrlər boyu Şərqdə dəyərlərin istismarına, uzun və sonsuz bəlalara səbəb olub. Bu gün isə hərbi qəsbkarlığı siyasi xaosla əvəzləmək istəyən şəbəkələr beyinləri, milli məfkurələri və ideyaları yad düşüncə sistemləri ilə “zəbt etməyə” çalışır.

AJMEDIA xəbər verir ki, bu sözlər Sosial Tədqiqatlar Mərkəzinin (STM) sektor müdiri Tural İsmayılovun “Sülhün alternativi və hüquq” sərlövhəli məqaləsində yer alıb.

Məqalədə deyilir ki, Ermənistanın beynəlxalq hüququ heçə sayan 30 illik işğalçılıq siyasəti dünyanın ədalətdən danışan böyük güc mərkəzlərinin cılızlığını bir daha nümayiş etdirdi. Azərbaycanın sülh çağırışları beynəlxalq hüququn prinsipləri ilə üst-üstə düşsə də, neoimperialist istismarçı mərkəzlər erməni lobbisini “bəsləyərək” kini, etnik dözümsüzlüyü və faşizmi təşviq etdilər. Beynəlxalq müharibə hüququ (və ya Beynəlxalq humanitar hüquq) dövlətlər arasında silahlı münaqişələr zamanı tətbiq olunan hüquqi qayda və prinsipləri tənzimləyən hüquq sahəsidir. Bu qanunun əsas məqsədləri müharibələr zamanı insan və əmlak itkilərini minimuma endirmək, insan hüquqlarını qorumaq və müharibənin təsirlərini məhdudlaşdırmaqdır.

Diqqətə çatdırılır ki, işğaldan azad edilən ərazilərdə ortaya çıxan çoxsaylı amillər Ermənistanın təkcə işğalçılıqla məşğul olmadığını, həm də ekoloji və mədəni sahələrdə, həmçinin dövlət səviyyəsində cinayətlər törətdiyini göstərdi. Müharibə hüququ humanitar hüququn əsas prinsiplərini əks etdirən bir sıra qaydalardan ibarətdir. Bu qaydalar müharibə zamanı hərbi fəaliyyəti tənzimləmək və müharibənin təsirlərini məhdudlaşdırmaq üçün yaradılıb. Ermənistanın Azərbaycan ərazilərini işğal edərkən Xocalıda, Ağdabanda, Başlıbeldə, Meşəlidə, Bağanıs Ayrımda törətdiyi qətliamlar isə hələ də beynəlxalq hüquqda layiqli qiymətini almamış faciələrdir. Yəni, işğalçılıq özü bir cinayət və qlobal həmrəylik tələb edən hadisədirsə, işğal dövründə törədilən ayrı-ayrı cinayətlər də beynəlxalq məhkəmə çəkişmələrinə səbəb olmalıdır. Hərbi zərurət prinsipi vurğulayır ki, müharibə zamanında edilən hərəkətlər hərbi məqsədlərlə məhdudlaşmalıdır. Müharibə edən tərəflər mülki əhaliyə və ya mülki infrastruktura lazımsız zərər vurmamalı, mülki şəxslərin müdafiəsinə xüsusi diqqət yetirməlidirlər. Azərbaycan öz ərazi bütövlüyünü təmin edən əməliyyatlarda bu prinsiplərə tam riayət etdi. 1990-cı illərdə Ermənistan beynəlxalq hüququn bütün prinsiplərini tapdalasa da, indiyədək nə bu addımlar, nə də 44 günlük Vətən müharibəsi dövründə Gəncə, Bərdə, Tərtərdə mülki əhalimizə qarşı edilən hücumlara görə sanksiyalara məruz qalmayıb. Azərbaycan bütün separatçıları bu gün hüquqi faktlar qarşısında qoyaraq siyasi mərkəzlərin hüququ oyuncağa çevirmək tendensiyasını da bitirir.

Müharibə qanunu müəyyən sahələrdə savaşın təsirini məhdudlaşdıran və humanist yanaşmanı təşviq edən müxtəlif məhdudiyyətləri özündə cəmləşdirir.

Yazıda, eyni zamanda, vurğulanır ki, diplomatik həllər, sülh danışıqları və beynəlxalq müqavilələr müharibənin qarşısını almaq üçün məhdudiyyətlərin bir hissəsini təşkil edir. Diplomatik həll yolları tükəndikdə isə dövlətlərin hərb yolu – sülhə məcburetmə əməliyyatları aparmaq hüququ mövcuddur. Beynəlxalq hüquq hər bir dövlətin öz suveren hüquqlarını qorumaq niyyətlərini əsla əngəlləmir və əngəlləyə də bilməz. Beynəlxalq hüquq doktrinasında uzun müddətdir müzakirə olunan “ədalətli müharibə” anlayışı, əslində, dövlətlərin beynəlxalq hüququ pozduqları təqdirdə pozuntuya son qoymaq və pozanı cəzalandırmaq hüququna aiddir. Bu kontekstdə hərbi gücdən istifadə dövlətin məsuliyyətini gündəmə gətirir. Lakin 1945-ci ildən sonra qurulan yeni dünya nizamı ilə bütün dövlətlərin beynəlxalq hüququn pozulmasına qarşı silahlı güc tətbiq etmək hüququ bəzən yanlış şərhlərə məruz qaldı. Müharibə cinayətləri Beynəlxalq Cinayət Məhkəməsinin 2002-ci ildən qüvvədə olan Statusunun 8-ci maddəsi ilə tənzimlənir. Ermənistan və onun cinayətkar havadarları Azərbaycanın sülhə məcburetmə əməliyyatları nəticəsində işğaldan azad edilən bölgələrdə ortaya çıxan cinayət faktlarından diqqəti yayındırmaq üçün əlindən gələni əsirgəməyərək Azərbaycana böhtan atmağa çalışırlar. Humanitar hüquq insan əzabını minimuma endirmək məqsədi daşıyır. Bunun üçün müharibə mümkün qədər humanist və nizamlı olmalıdır. Bu məqsəd əsrlərin əməyinin məhsulu kimi Cenevrə Konvensiyalarının əlavə protokollarında öz əksini tapıb. Müharibələrin gətirdiyi ağrılar, dağıntılar insanlara, təbiətə, mədəni irsə təsir edir. Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) hazırladığı və Cenevrə konvensiyaları olaraq tanınan sənədlər humanitar hüququn ən mühüm mənbələridir. BQXK-nın rəhbərliyi ilə müvafiq olaraq 1864, 1906, 1929 və 1949-cu illərdə dörd Konvensiya qəbul edilib. 1949-cu il avqustun 12-də isə həmin tarixə qədər qəbul edilmiş konvensiyalar yenidən təşkil olunaraq sistemləşdirilib və dörd ayrı Cenevrə Konvensiyası kimi qəbul edilib.

Müəllif bildirir ki, Azərbaycan 2020-ci il sentyabrın 27-də Ermənistanın təxribatlarına cavab olaraq başlatdığı əks-hücum əməliyyatları ilə bəlkə də dünyada yeganə haqlı müharibə hüququnun necə olduğunu sübuta yetirdi. Həmçinin Azərbaycan həyata keçirdiyi əməliyyatlarla beynəlxalq hüququ təmin etdi. Ordumuz sülhə məcburetmə əməliyyatları ilə mülki əhaliyə heç bir xəsarət yetirməyərək beynəlxalq hüquqa və humanizmə sadiqliyini nümayiş etdirdi. BMT Nizamnaməsinin 7-ci hissəsində, konkret olaraq 42-ci maddədə göstərilir ki, dövlət “Təhlükəsizlik Şurasının 41-ci maddəsində nəzərdə tutulan tədbirlərin kifayət olmadığı ehtimal edildiyi halda və ya artıq kifayət olmadığını hesab etdikdə, o, beynəlxalq sülh və təhlükəsizliyi qorumaq və ya bərpa etmək üçün hava, dəniz, yaxud quru qoşunları tərəfindən zəruri sayıla biləcək tədbirləri görmək səlahiyyətinə malikdir”. Təhlükəsizlik Şurası tərəfindən bu tətbiq olunmadığı hallarda dövlətlərin özləri bunu yerinə yetirərək ədaləti təmin etmiş olurlar.

Azərbaycanın qazandığı Zəfər bu baxımdan da vacib və əhəmiyyətlidir.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts