Xalq artisti Həsənağa Salayevin 100 illiyi münasibətilə virtual sərgi hazırlanıb

Tokio, 4 Dekabr, /AJMEDIA/

Xalq artisti Həsənağa Salayevin 100 illik yubileyi münasibətilə hazırlanmış virtual sərgi istifadəçilərin ixtiyarına verilib.

Milli Arxiv İdarəsindən AJMEDIA-ya bildirilib ki, sərgi S.Mümtaz adına Dövlət Ədəbiyyat və İncəsənət Arxivinin sənədləri əsasında hazırlanıb.

Romantik teatr məktəbinin son nümayəndəsi adlandırılan, güclü səs tembri, mükəmməl aktyor ifaçılığı ilə öz dövrünün səhnə nəhənginə çevrilən Həsənağa Salayev Azərbaycan teatr mədəniyyətinin inkişafında böyük xidmətləri olmuş səhnə ustalarındandır. Onun Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının səhnəsində yaratdığı obrazlar öz möhtəşəmliyinə görə seçilmiş və bu gün də xatırlanmaqdadır.

Görkəmli aktyor coşqunluğu və çılğınlığı ehtiva edən romantik rollarla yanaşı, lirik və dramatik obrazları da böyük məharətlə ifa edib. O, klassik və tərcümə əsərlərində yaratdığı obrazları müasir dövrün ictimai-sosial, mənəvi-əxlaqi problemləri ilə ustalıqla əlaqələndirməyi bacarırdı.

Teatr səhnəsində olduğu kimi, kino sahəsində də yaddaqalan rollar ifa etmiş Həsənağa Salayev 1959-cu ildə respublikanın Əməkdar artisti, 1974-cü ildə isə Xalq artisti fəxri adlarına layiq görülüb.

Dekabrın 5-də anadan olmasının 100 illiyi qeyd olunan görkəmli aktyorun səhnə yaradıcılığı hər zaman sənətsevərlər tərəfindən tədqiq və təbliğ olunacaq və daim yaddaşlarda yaşayacaq.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts