Vətən müharibəsi şəhidi Yusif Cəfərovun xatirəsi anılıb

Tokio, 26 aprel , /AJMEDIA/

Şirvanda Vətən müharibəsi şəhidi Yusif Cəfərovun doğum günündə xatirəsi anılıb. Şəhidin məzarı ziyarət olunub, ruhuna dualar oxunub.
AJMEDIA xəbər verir ki, şəhidin anım günündə ailəsi ilə bərabər Şirvan Şəhər İcra Hakimiyyətinin, YAP Şirvan şəhər təşkilatının rəhbərliyi, hüquq mühafizə orqanlarının məsul əməkdaşları, şəhid ailələri, qazilər, ictimaiyyət nümayəndələri iştirak edib. Şəhidin xatirəsinə ehtiram olaraq məzarı üzərinə gül-çiçək dəstələri düzülüb.
Şəhər icra hakimiyyətinin başçısı İlqar Abbasov şəhidin məzarı önündə çıxış edərək, Yusif Cəfərovun evin tək oğlu olmasına baxmayaraq, könüllü olaraq Şanlı Ordumuzun Zəfər yürüşündə iştirak etməsindən, 44 günlük Vətən müharibəsində qəhrəmancasına döyüşərək şəhidlik zirvəsinə ucalmasından danışıb.
Vətənimizin bütövlüyü, torpaqlarımızın işğaldan azad edilməsi uğrunda canından keçərək şəhadətə qovuşan Yusif Cəfərova kimi qəhrəman, vətənpərvər, cəsur oğul böyütdüyü üçün şəhidin anası Gülbəniz xanıma minnətdarlıq ifadə edilib.
Ölkəmizdə şəhid ailələrinə və müharibə iştirakçılarına olan dövlət qayğısından danışılıb, yaralıların reabilitasiyası və sağalaraq yenidən cəmiyyətə inteqrasiyası üçün onların müasir tibb avadanlıqları ilə təmin edilmiş, dünyanın ən aparıcı tibb mərkəzlərində müalicə olunduqları vurğulanıb. Onların sosial-məişət problemlərinin həlli məqsədilə yaradılan YAŞAT Fondunun, Müdafiə Nazirliyinin xüsusi komissiyasının, Vətən müharibəsi şəhidlərinin ailələri, qazilər və veteranlarla bilavasitə məşğul olmaq üçün şəhər və rayon icra hakimiyyətlərində Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin yaradılmasının qazilərə və şəhid ailələrinə dövlət səviyyəsində göstərilən diqqət və qayğının bariz nümunəsi olduğu diqqətə çatdırılıb.
Şirvan şəhərində də hər bir şəhid ailəsinin və müharibə iştirakçısının probleminə həssaslıqla yanaşıldığı söylənilib. Onların adlarının əbədiləşdirilməsi məqsədilə xatirə guşələrinin, sinif otaqlarının yaradıldığı, küçələrə şəhid adlarının verildiyi qeyd edilib.
Şəhidlər xiyabanının əlamətdar günlərdə ziyarət olunmasının, hər ayın sonuncu cümə axşamında şəhid ailələri ilə görüşlərin keçirilməsinin, onların qayğıları ilə yaxından maraqlanılmasının şəhidlərə göstərilən ehtiramın təzahürü olduğu bildirilib.
Tədbirdə çıxış edənlər şəhid Yusif Cəfərovun ömür yolundan, döyüşlərdə göstərdiyi qəhrəmanlıq nümunələrindən bəhs ediblər. İslam dinində və xalqımızın mənəvi dəyərlərində şəhid adının çox uca tutulduğu vurğulanıb.
Şəhid Yusif Cəfərovun vaxtilə təhsil aldığı 2 nömrəli tam orta məktəbin direktoru Əminə Əliyeva onun məktəb illəri ilə bağlı xatirələrini bölüşüb. Yusifin necə məsuliyyətli, intizamlı, çalışqan şagird olduğunu, bütün valideyn iclaslarında müəllimlərin onunla bağlı müsbət fikirlər səsləndirdiklərini xatırladıb. Yusif Cəfərovun qəhrəmanlığının həmçinin vətənpərvərliyinin yetişməkdə olan gənc nəsilə örnək olduğunu, onun əziz xatirəsinin unudulmayacağını qeyd edib.
Şəhidin anası Gülbəniz xanım şəhid ailəsi kimi onlara göstərilən diqqət və qayğıya görə ölkə Prezidenti İlham Əliyevə, Birinci vitse-prezident, hörmətli Mehriban xanım Əliyevaya minnətdarlığını ifadə edib.
Ziyarətin sonunda vətənimizin müstəqilliyi, müdafiəsi, ərazi bütövlüyü uğrunda canından keçən bütün şəhidlərimizin ruhuna dualar oxunub.
Qeyd edək ki, şəhid Yusif Cəfərov döyüşlərdə göstərdiyi şücaətə görə, “Vətən uğrunda”, “Cəsur döyüşçü”, “Cəbrayılın azad olunmasına görə” və “Qubadlının azad olunmasına görə” medalları ilə təltif edilib.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts