Vətən müharibəsi şəhidi Vüsal Teymurovun ailəsi ziyarət olunub

Tokio, 28 aprel , /AJMEDIA/

Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Vüsal Nəsirli Ramazan bayramı ərəfəsində Vətən müharibəsinin şəhidi Teymurov Vüsal Zakir oğlunun ailəsini ziyarət edib.
Şəhidin ailəsi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən yeni 3 otaqlı mənzillə təmin olunub.
Nazirliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən AJMEDIA-ya verilən məlumata görə, ailəyə sığorta ödənişi, maddi yardım verilib, Prezidentin aylıq təqaüdü təyin olunub. Şəhidin anasının məşğulluğu təmin edilib, atası isə pensiyaçıdır.
Ailə üzvləri ilə görüş zamanı şəhid V.Teymurovun döyüş yolundan bəhs olunub. Şəhid olmuş qəhrəmanlarımızın, həmçinin şəhid Vüsalın xatirəsinin həmişə ürəklərdə yaşayacağı vurğulanıb.
Şəhid ailəsinin sosial vəziyyəti öyrənilib. Nazir müavini ailənin yaşayışının bundan sonra da daim diqqətdə saxlanacağını bildirib.
Qeyd edək ki, V.Teymurov 44 günlük Vətən müharibəsində şərəfli döyüş yolu keçib və Şuşa istiqamətində gedən döyüşdə şəhid olub. Prezident İlham Əliyevin sərəncamları ilə “Vətən uğrunda”, “Qubadlının azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə” və “Şuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts