Vətən Müharibəsi Qəhrəmanı: “Üç nöqtə” yüksəkliyinə doğru irəliləyərkən düşmən müqəvvalarla bizi aldatmaq istəyirdi

Tokio, 21 oktyabr , /AJMEDIA/

Bölmələrimiz tərəfindən Zəngilan düşmən işğalından azad olunduqdan sonra rayonun mühafizə və müdafiəsini təmin etdik. Daha sonra “Üç nöqtə” adlandırdığımız Azərbaycan, Ermənistan və İran sərhədinin birləşdiyi yeri düşməndən azad etməklə bağlı yuxarı komandanlıqdan əməliyyat məlumatı aldıq. Strateji əhəmiyyətə malik yüksəklik olan bu yer bizə düşmən ərazilərinin müəyyən hissəsini nəzarətdə saxlamağa imkan verirdi.
Bu fikirləri AJMEDIA-ya müsahibəsində Dövlət Sərhəd Xidmətinin (DSX) Vətən Müharibəsi Qəhrəmanı, mayor Anar Məmmədov söyləyib.
O, bildirib ki, əməliyyatın icrasına başlamamışdan bir sutka əvvəl, həmin ərazidən 825 metr məsafədə adsız bir yüksəklikdə bölmələrimiz tərəfindən “Üç nöqtə”nin kəşfiyyatı aparıldı. Həmçinin pilotsuz uçuş aparatları vasitəsilə yüksəkliyin arxasında yerləşən düşmən bölmələri, onların silah və texnikasının yerləşmə yerləri müəyyənləşdirildi. Toplanmış kəşfiyyat məlumatları yuxarı rəhbərliyə məruzə olunduqdan sonra bilavasitə əməliyyatın icrası üçün komando əraziyə daxil oldu. Biz Araz kənarında yerləşdirdiyimiz zirehli transportyorları qismən irəli çəkərək fasiləli atışlarla düşmənin əsas qüvvələrini o istiqamətə cəmləşdirdik. Bölmələrimiz iki qrup şəklində həmin “Üç nöqtə” adlandırdığımız yüksəkliyə doğru irəliləməyə başladı. Həmin yolda düşmənin çoxlu sürprizləri ilə qarşılaşdıq, hətta bizi çaşdırmaq üçün müqəvvalardan da istifadə etdirdilər. Yolda düşmən hərəkətimizi ləngitmək məqsədilə tank və piyada əleyhinə minalar basdırmışdı. Ancaq onlar heç cür bizim bölmələrin hərəkətini ləngidə bilmədilər. Sol cinahdan zirehli transportyorların atışı nəticəsində surətlə yüksəkliyə doğru irəliləməyə başladıq. Qruplarımız sağ, sol cinahlardan hərəkət etməklə sızma yolu ilə hər 40-50 metrdən bir anidən atəş açmaqla düşmən qüvvələrinin baş qaldırmasına imkan vermədi. Burada aktiv döyüş əməliyyatları gedirdi”.
Mayor əlavə edib ki, nəhayət, biz məqsədimizə nail olduq. Həmin yüksəklik düşmən işğalından azad olundu. Beləliklə, Azərbaycanın cənub-qərb istiqamətindəki dövlət sərhədini bərpa etdik. Hazırda xidmət etdiyimiz ərazi Bartaz silsiləsinin qurtaracağıdır. “Üç nöqtə” deyilən yer bu silsilənin sonunda Araz çayına birləşir.
Döyüş əməliyyatlarını layiqincə yerinə yetirdiyinə görə Dövlət Sərhəd Xidmətinin rəisi, general-polkovnik Elçin Quliyev tərəfindən vaxtından əvvəl mayor rütbəsi ilə təltif edilən Anar Məmmədov vurğulayıb: “Mənə xoşdur ki, mayor rütbəsini döyüş meydanında aldım. Eləcə də Müzəffər Ali Baş Komandanın müvafiq Sərəncamı ilə Vətən Müharibəsi Qəhrəmanı adına layiq görüldüm”.
Qeyd edək ki, Anar Məmmədov, həmçinin “Cəbrayılın azad olunmasına görə” və “Zəngilanın azad olunmasına görə” medallar ilə də təltif edilib.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts