Vətən müharibəsi iştirakçısı: Qazilər davranışları ilə cəmiyyətdə nümunə olmalıdırlar

Tokio, 9 iyun , /AJMEDIA/

Qırx dörd günlük Vətən müharibəsində rəşadətli Azərbaycan Ordusu Prezident, Müzəffər Ali Baş Komandanımız İlham Əliyev rəhbərliyi ilə işğalçı Ermənistan üzərində sarsıdıcı qələbə qazanaraq torpaqlarımızı otuz illik əsarətdən azad etdi. Azərbaycan Ordusunun döyüş meydanında qazandığı qələbələri dövlətimizin başçısı həm informasiya cəbhəsində, həm də diplomatiya sahəsində daha da möhkəmləndirdi. Bu şanlı Zəfər sayəsində hər bir azərbaycanlı ən böyük arzusuna qovuşdu. Bu gün üçrəngli bayrağımız işğaldan azad olunan ərazilərdə qürurla dalğalanır. Bu, bizim üçün böyük şərəfdir. Müharibə qurbansız olmur. Bu haqq savaşımızda da şəhidlər verdik, qazilərimiz oldu. Allahdan bütün şəhidlərimizə rəhmət, qazilərimizə şəfa diləyirəm.
AJMEDIA xəbər verir ki, bu sözləri Vətən müharibəsi qazisi Elçin Əhmədov AZƏRTAC-a açıqlamasında deyib.
Azərbaycanda şəhid ailələrinə və qazilərə dövlət dəstəyinin, onların problemlərinin həllinin Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın daim diqqət mərkəzində olduğunu vurğulayan E.Əhmədov bildirib: “Dövlətimizin başçısı İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva şəhid ailələrinə və qazilərə xüsusi diqqət və qayğı göstərir, onlarla mütəmadi görüşürlər. Dövlətimizin başçısı çıxışlarında Vətən uğrunda qəhrəmancasına döyüşərək torpaqlarımızı işğaldan azad edən Azərbaycan əsgərinin igidliyini ən yüksək səviyyədə qiymətləndirir. Təbii ki, bu ali qiymət biz qazilər üçün son dərəcə qürurverici və sevindiricidir. Biz qazilər bu ali etimadı doğrultmalı, cəbhədə olduğu kimi, cəmiyyətdə də nümunəvi davranışlarımızla örnək olmalıyıq”.
E.Əhmədov bəzən cəmiyyətdə qazilərlə bağlı xoşagəlməz halların baş verdiyi, bir sıra hallarda qazi adına layiq olmayan hərəkətlərə yol verilməsindən dərin təəssüf hissi duyduğunu vurğulayaraq qeyd edib: “Bu statusdan sui-istifadə edən həmin şəxslər qazi adını nüfuzdan və hörmətdən salırlar. Mən bütün qazi qardaşlarımızı səbirli olmağa çağırır, bu adın ucalığını qorumağı və şərəflə daşımağı xahiş edirəm. Ölkəmizdə qazilərimizin problemlərinin həlli daim diqqət mərkəzində saxlanılır. Vətən müharibəsində xəsarət alan bütün qazilərimizin müalicə və reabilitasiyası Prezidentin göstərişi ilə dövlət tərəfindən həyata keçirilir. Qazilərimiz döyüşlərdə olduğu kimi, indi də Müzəffər Ali Baş Komandanımızın ətrafında sıx birləşməlidirlər. Unutmamalıyıq ki, biz doğma torpaqlarımızın azadlığı uğrunda qazi olmuşuq. Buna görə də qazi adını şərəflə qoruyub saxlamaq bizim ən müqəddəs borcumuzdur”.
Qeyd edək ki, Vətən müharibəsi qazisi Elçin Əhmədov kiçik yaşlarında hər iki valideyni vəfat etdiyi üçün qardaşları ilə birgə dövlət himayəsində, internat məktəbində böyüyüb. Müharibə zamanı könüllü olaraq cəbhəyə yollanan Elçin Cəbrayılın, Xocavəndin və Şuşanın işğaldan azad olunması uğrunda çətin döyüşlərdə iştirak edib. O, oktyabrın 15-dən müharibənin sonuncu gününədək döyüş meydanında olub. İnternatdan səngərə doğru yürüyən və döyüşlərin birində bel nahiyəsindən ağır yaralanan qəhrəmanımız İkinci Qarabağ müharibəsində Qələbə tariximizi yazanlardan biridir.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts