“Vətən fədailəri Naxçıvan şəhidləri” kitabının təqdimatı olub

Tokio, 23 Oktyabr, /AJMEDIA/

Oktyabrın 22-də Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində “Vətən fədailəri Naxçıvan şəhidləri” kitabının təqdimat mərasimi keçirilib.

AJMEDIA xəbər verir ki, mərasimdə Müdafiə Nazirliyinin nümayəndələri, şəhid ailələrinin üzvləri, qazilər və din xadimləri iştirak ediblər.

Tədbirdə əvvəl ümummilli lider Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Müdafiə Nazirliyinin nümayəndəsi, polkovnik Elşad Əbilov tədbirdə çıxış edərək Azərbaycanın Vətən müharibəsindəki tarixi Qələbəsindən danışıb. O, bu Qələbənin Azərbaycan dövləti və xalqının tarixində mühüm yer tutduğunu, dövlətimizin gücünə güc qatdığını, onun inkişafı üçün daha geniş perspektivlər açdığını qeyd edib. Vurğulayıb ki, bu Zəfər əsrlər sonra da xalqımız tərəfindən qürur və iftixar hissi ilə yad ediləcək, qəhrəmanlarımız minnətdarlıq hissi ilə anılacaq.

“Vətən fədailəri Naxçıvan şəhidləri” kitabının müəllifi Manya Səxavətqızı nəşrin ərsəyə gəlməsində rolu olan şəxslərə təşəkkürünü bildirib. Qeyd edib ki, şəhidlərimizin xatirəsinə ehtiram, şəhid ailələrinə diqqət və qayğı göstərilməsi hər birimizin borcudur. Bunu bizə Ulu Öndərimiz öyrədib, Müzəffər Ali Baş Komandanımız öz əməli fəaliyyəti ilə göstərib.

Milli Məclisin deputatı Aydın Hüseynov Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində tarixi Zəfərin qazanılmasında şəhidlərimizin fədakarlığının, qəhrəmanlığının həlledici rol oynadığını bildirib. Xalqımızın şəhidlərimizin xatirəsinə ən yüksək ehtiram göstərdiyini vurğulayan deputat bildirib ki, dövlətimizin başçısı şəhidlərin xatirəsinin əbədiləşdirilməsi, onların ailə üzvlərinin və qazilərimizin sosial qayğılarının həllini daim diqqət mərkəzində saxlayır.

Din xadimləri Hacı Şahin Həsənli, Hacı Ramil Bədəlov çıxışlarında Vətən uğrunda canından keçən qəhrəmanların şəhidlik zirvəsinə ucaldıqlarını vurğulayıblar. Bildirilib ki, şəhidlərimizin müqəddəs xatirəsi daim qəlblərlə yaşayacaq.

Şəhid ailələrinin üzvləri bildiriblər ki, Azərbaycanın qəhrəman oğulları Vətəni son nəfəslərinə qədər qorudular, torpaqlarımızı işğaldan azad etdilər. Qəhrəman şəhidlərimiz öz valideynlərini, sevdiklərini nə qədər əziz, uca tuturdularsa, Vətəni də bir o qədər uca bildilər və bu yolda şəhidlik zirvəsinə ucaldılar.

Çıxışlardan sonra anım tədbiri bədii hissə ilə davam edib.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts