ÜST: Hazırda koronavirusun “alfa”, “beta” və “qamma” ştamlarına nadir hallarda rast gəlinir

Tokio, 1 aprel , /AJMEDIA/

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) “omikron” və “delta” ştamlarını koronavirusun “hazırda dövr edən” və narahatlıq doğuran qrupuna daxil edib. Eyni zamanda, COVID-19 virusunun “alfa”, “beta” və “qamma” variantları “əvvəllər dövr edən” ştamlar qrupuna aid edilib.

AJMEDIA xəbər verir ki, bu barədə TASS agentliyinin müxbirinə ÜST-nin Cenevrədəki mənzil-qərargahında bildiriblər. Ştamların iki qrupa bölünməsi onunla izah edilib ki, “alfa”, “beta” və “qamma” ştamlarına hazırda nadir hallarda rast gəlinir.

ÜST koronavirusun 5 ştamını – “omikron”, “delta”, “alfa”, “beta” və “qamma”nı “narahatlıq doğuran variantlar” (VOC) kateqoriyasına aid edib. Təşkilatın mənzil-qərargahında vurğulayıblar ki, narahatlıq doğuran “alfa”, “beta” və “qamma” variantlarının sirkulyasiyasında son 6 ay ərzində əhəmiyyətli azalma baş verib. Son 90 gün ərzində praktik olaraq, bu variantların təkrarlanması barədə məlumat daxil olmayıb. Bu səbəbdən “SARS-CoV-2” üzrə ÜST ekspertləri martın 7-də keçirilən iclasda VOC kateqoriyalı ştamları iki qrupa bölüblər. “Omikron” və “delta” “hazırda dövr edən” qrupa, “alfa”, “beta” və “qamma” isə “əvvəllər dövr edən” ştamlar qrupuna daxil edilib.

Təşkilatda izah ediblər ki, VOC kateqoriyalı ştamlar koronavirusun digər variantları ilə müqayisədə daha tez yayılır, xəstəliyin daha ağır gedişatına səbəb olur, orqanizmin immun reaksiyasından yayınır, həmçinin kliniki mənzərəni dəyişir və yaxud da onlara qarşı səhiyyə sahəsində tətbiq olunan vasitələrin səmərəliliyini azaldır.

Xatırladaq ki, “delta” variantı VOC kateqoriyasına 2021-ci ilin mayında, “omikron” həmin ilin noyabrında, “alfa” və “beta” 2020-ci ilin dekabrında, “qamma” isə 2021-ci ilin yanvarında daxil edilib.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts