Üçüncü Sevil Beynəlxalq Qadın Sənədli Film Festivalı keçiriləcək

Tokio, 25 iyul , /AJMEDIA/

Avqustun 13 –dən 20-dək III Sevil Beynəlxalq Qadın Sənədli Film Festivalı keçiriləcək.
AJMEDIA xəbər verir ki, festival Bakı, Şəki, Lənkəran şəhərlərində eyni anda baş tutacaq. Festival proqramı çərçivəsində gender məsələlərinə toxunan filmlər nümayiş olunacaq.
Festivalın builki şüarı “Bizdən sizə kim düşə?” olacaq. Festival çərçivəsində eyni zamanda, seçki komissiyası tərəfindən seçilən filmlər, “Ən yaxşı uzun metrajlı film”, “Ən yaxşı qısametrajlı sənədli film” və “Ən yaxşı yerli sənədli film” kateqoriyası üzrə yarışacaqlar. Bundan başqa, əlavə çoxsaylı yerli və beynəlxalq uzun və qısametrajlı sənədli filmin, masterklassların, panel müzakirələrin, filmlərdən sonra müzakirə sessiyalarının yer aldığı zəngin festival proqramı filmsevərlərin yolunu gözləyir. Müxtəlif ölkələrin kinematoqrafçılarının qonaq olacağı festival proqramının bütün filmləri orijinal dilində azərbaycanca altyazı ilə nümayiş olunacaq.
Qeyd edək ki, Sevil Beynəlxalq Qadın Sənədli Film Festivalı 2022-ci il proqramı çərçivəsində Almaniyanın “goEast” film festivalı ilə əməkdaşlığa başlayıb və bu əməkdaşlıq çərçivəsində “Sevilfestin” builki qalib rejissoru “goEast” tərəfindən təşkil edilən “East-West Talent Lab”da iştirak haqqı qazanacaq.
Xatırladaq ki, Sevil Film Festivalı 2020-ci ilin sentyabrında fəaliyyətə başlayıb. Festival müstəqil yerli sənədli film sahəsinin inkişafına töhfə vermək, sənədli film üzrə yerli və xarici peşəkarlar arasında təcrübə mübadiləsi üçün platforma yaratmaq, yeni yerli sənədli filmlərin, eləcə də beynəlxalq müştərək məhsulların yaradılmasını təşviq etmək, eyni zamanda, sənədli filmlər vasitəsilə gender məsələlərinə diqqət çəkmək məqsədi ilə yaradılıb. “Sevil” adı Azərbaycanda qadın azadlığını təmsil edən Cəfər Cabbarlının “Sevil” pyesindən götürülüb.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts