Türkiyəyə qardaş köməyi: Bakıda yardım toplama kampaniyası dörd gündür davam edir

Tokio, 10 fevral , /AJMEDIA/

Türkiyədəki dağıdıcı zəlzələdən zərərçəkmiş insanlar üçün Bakıda yardım toplama kampaniyası dördüncü gündür davam edir.
AJMEDIA xəbər verir ki, yardımın toplandığı məntəqələrə axın edən çoxsaylı vətəndaşlar türk qardaşlarına əllərindən gələn köməyi göstərməyə can atırlar. Yardımların qəbul edildiyi ünvanlara – Bakı İdman Sarayına (Neftçilər prospekti 26a) və Heydər Əliyev adına İdman Kompleksinə (Abbas Səhhət küçəsi 2) əsasən qış paltarları, yorğan-döşək, ərzaq məhsulları, generatorlar və qızdırıcı cihazlar gətirilir.
Gətirilən əşya və ləvazimatlar könüllülər tərəfindən çeşidlənərək qablaşdırılır, avtomobillərə yüklənir, bundan sonra qardaş ölkəyə yola salınır. Kampaniyada yüzlərlə gənc könüllü kimi işləyir.
Qeyd edək ki, yardım kampaniyası Türkiyənin Azərbaycandakı səfirliyi və Heydər Əliyev Fondu tərəfindən təşkil olunub.
Fevralın 6-da Türkiyədə ard-arda iki güclü zəlzələ baş verib. Əsrin fəlakəti adlandırılan zəlzələ 10 vilayətdə ciddi dağıntılara və çoxsaylı insan tələfatına səbəb olub. Son məlumatlara görə, 18 min 991 nəfər həyatını itirib, 75 min 523 nəfər yaralanıb.
Türkiyəyə ilk yardım əlini uzadan ölkə Azərbaycan olub. Zəlzələdən dərhal sonra Prezident İlham Əliyevin tapşırığı ilə Fövqəladə Hallar Nazirliyinin 420 nəfərdən ibarət çevik xilasetmə qüvvələri qardaş ölkəyə yola salınıb. Hazırda zəlzələ bölgəsində FHN-in 725 nəfərlik şəxsi heyəti axtarış-xilasetmə işlərinə dəstək göstərir.
Faciədən zərər çəkmiş şəxslər üçün Heydər Əliyev Fondu tərəfindən humanitar yardımlar göndərilməsi davam edir. Eyni zamanda, Azərbaycanda fəaliyyət göstərən QHT-lər “Qardaş köməyı” adlı platforma yaradıb.
Son günlər yardım kampaniyasına rayon icra hakimiyyətləri də qoşulub.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts