Türkiyə Parlamentində “Azərbaycanın Vətən savaşında Zəfər Günü” fotosərgisinin açılışı olub

Tokio, 5 Noyabr, /AJMEDIA/

Türkiyə Böyük Millət Məclisində (TBMM) böyük Qələbənin birinci ildönümünə, 8 Noyabr – Zəfər Gününə həsr olunmuş “Azərbaycanın Vətən savaşında Zəfər Günü” mövzusunda fotosərgisinin açılışı keçirilib.

AJMEDIA xəbər verir ki, Türkiyə Parlamenti və Azərbaycanın Ankaradakı səfirliyi tərəfindən birgə təşkil olunan sərginin açılışında deputatlar və diplomatlar, KİV təmsilçiləri iştirak ediblər.

Çıxışında böyük Zəfərlə bağlı səmimi fikir və düşüncələrinə geniş yer ayıran Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şəntop bu vaxta qədər Türkiyə Parlamentində Azərbaycanla bağlı təşkil olunan sərgilərin əsasən acı tariximizi əhatə etdiyinin xatırladaraq deyib: “Bu gün isə indiyədək nümayiş etdiriklərimizdən tam fərqli məqsədlə bir sərgi açırıq. Bu gün qalibiyyət Zəfərini qeyd etmək, sevinc gününü anmaq üçün buradayıq.”

Qarabağın otuz ilə yaxın işğalda saxlanılmasını, Xocalı soyqırımının dəhşətlərini, Vətən savaşında qəhrəman övladlarımızın göstərdiyi şücaətləri xatırladan TBMM-nin sədri Mustafa Şəntop şəhidlərimizə rəhmət, qazilərimizə Allahdan sağlamlıq arzularını çatdırıb. Vətən savaşının həqiqətlərinin fotoların gücü ilə tarixə daşınmasını mühüm və əhəmiyyətli əmək kimi dəyərləndirən Mustafa Şəntop bildirib ki, sərgilənən fotolar tarixin həqiqətlərinə işıq tutur.

Türkiyə Cümhuriyyətinin banisi Mustafa Kamal Atatürkün və ümummilli lider Heydər Əliyevin ibrətamiz kəlamlarından söz açan, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə Azərbaycan Prezidenti İlham Əliyevin imzaladıqları Şuşa Bəyannməsinin əhəmiyyətindən, rəşadətli Qələbədən sonra bölgədə formalaşan yeni situasiyadan bəhs edən TBMM-nin başçısı əminliklə bildirib ki, qardaşlıq təməli üzərində möhkəmlənən münasibətlərimiz əbədiyyətə qədər davam edəcək.

Tədbirdə çıxış edən Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov Prezident Rəcəb Tayyib Ərdoğan və digər ali vəzifəli rəsmilər başda olmaqla qardaş Türkiyənin Vətən müharibəsinin ilk anlarından başlayaraq ölkəmizə verdiyi siyasi-mənəvi dəstəyi minnətdarlıq hissi ilə çatdırıb və bunun xalqımız tərəfindən heç zaman unudulmayacağını ifadə edib.

Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qəhrəman Azərbaycan Ordusunun qazandığı Qələbə ilə bağlı fikir və mülahizələrini bölüşən səfir Zəngəzur dəhlizinin açılması, sərhədlərimizin delimitasiyası və demarkasiyası, Türkiyə-Ermənistan əlaqələrinin qurulması kimi gündəm olan aktual mövzulara da toxunub.

Çıxışlardan sonra sərgi ilə tanışlıq olub.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts