Tanınmış güləşçimiz Hacı Əliyev Naxçıvan idmançıları ilə görüşüb

Tokio, 1 iyul , /AJMEDIA/

Sərbəst güləş üzrə milli komandamızın liderlərindən olan üçqat dünya və Avropa çempionu, ikiqat olimpiya mükafatçısı və saysız uğurları ilə seçilən tanınmış güləşçimiz Hacı Əliyev Naxçıvan güləşçiləri ilə görüşüb, onlarla öz təcrübəsini bölüşüb.
Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən AJMEDIA-ya bildirilib ki, görüş nazirliyin və Naxçıvan Güləş Federasiyasının birgə təşkilatçılığı ilə İlham Əliyev adına Olimpiya İdman Kompleksində keçirilib. Nazirliyin şöbə müdiri Taleh İbrahimov və federasiyanın sədr müavini Faiq İsgəndərov çıxış edərək bildiriblər ki, Hacı Əliyev kimi dünyaşöhrətli idmançının Naxçıvana gəlişi və gənc idmançılara seminar keçməsi muxtar respublikada güləşin inkişaf etdirilməsi istiqamətində atılan addımların tərkib hissəsidir.
Naxçıvan güləş məktəbinin yetirməsi olduğunu xatırladan Hacı Əliyev deyib ki, muxtar respublikada idmana göstərilən qayğı nəticəsində bu gün yeni nəsil əvvəlkilərdən fərqli olaraq müasir və əlverişli şəraitdə məşqlər keçir, yüksək diqqətlə əhatə olunur. Bu vəziyyət güclü idmançıların yetişməsinə, onların uğurlu karyera qurmasına böyük zəmin yaradır. Hacı Əliyev idmançılara səbirli, həvəsli və əzmkar olmağı tövsiyə edib, böyük uğura gedən yolun keşməkeşli olduğunu vurğulayıb. Onların arasında gələcəyin böyük idmançılarının olacağına inandığını bildirən titullu güləşçimiz dəvətə görə təşkilatçılara minnətdarlıq edib, idmançılara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.
Sonra seminara start verilib. Hacı Əliyev xalça üzərində bəzi çətin və çıxılmaz vəziyyətlər zamanı icra oluna biləcək ən uyğun fəndləri iştirakçılara nümayiş etdirib. İdmançının yarışa hazırlığı və yarış zamanı diqqət göstərməli olduğu məsələlərlə bağlı fikirlərini çatdırıb, məşqçi və idmançıları maraqlandıran sualları cavablandırıb.
Qeyd edək ki, görüşün təşkil olunmasında məqsəd idmançılarda özünəinam hissini formalaşdırmaq, onların yeni qaydalarla tanış olmalarını təmin etməkdir.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts