Təşkilat sədri: COP29 vasitəsilə biz ölkəmizə qarşı törədilən ekosidləri böyük auditoriyaya çatdıra biləcəyik

Tokio, 6 fevral , /AJMEDIA/

Məlum olduğu kimi, bu il BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) Azərbaycanda keçiriləcək. COP29-la bağlı ölkəmizdə işlərin görülməsinə başlanılıb. Ekoloji təşkilatlar da həmin işlərə cəlb olunub. Koalisiya şəklində birləşərək həmin mötəbər tədbirin ən yüksək səviyyədə keçirilməsi üçün əlimizdən gələni edirik. Ölkə başçısı tərəfindən bu ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi də Azərbaycanda COP29-un ən yaxşı şəkildə keçirilməsinə, ətraf mühitin qorunmasına bir töhfədir.

AJMEDIA xəbər verir ki, bunu “Səma və eko” iqtisadi inkişafa yardım ictimai birliyinin sədri İradə Həsənova deyib.

“COP29-un Azərbaycanda keçirilməsi ölkəmiz üçün çox böyük əhəmiyyət kəsb edir. Belə ki, azad edilmiş ərazilərə işğal dövründə vurulan zərər göz qarşısındadır. Biz Qarabağda və Şərqi Zəngəzurda vaxtilə törədilən ekosidi dünyaya nümayiş etdirə biləcəyik. Müxtəlif vaxtlarda Ermənistanın Azərbaycanla həmsərhəd ərazilərdə apardığı dağ-mədən fəaliyyəti nəticəsində ətraf mühitə dəyən zərər, 30 il ərzində torpaqlarımızda törədilən vandalizm aktları ilə bağlı ekoloji təşkilatlar olaraq bəyanatlar versək də, çox təəssüf ki, səsimizə səs verilmirdi. Son zamanlara qədər bəzi xarici ölkələrdə fəaliyyət göstərən ekoloji təşkilatlar belə Ermənistanı dəstəkləyirdi. Son günlərdə isə səsimizə səs verənlər tapıldı, xarici ölkələrdəki bəzi ekolojiyönümlü təşkilatlar bizə qoşuldular.

Məlumdur ki, COP tədbirləri həm ölkə sayı, həm iştirakçı sayı baxımından geniş miqyasda keçirilir. Odur ki, bizim həqiqətləri böyük auditoriyaya çatdırmağımız üçün yaxşı bir şansımız olacaq. Biz Ermənistanın törətdiyi ekoloji terrorla Azərbaycanın apardığı quruculuq işlərinin müqayisəsini, ətraf mühitin mühafizəsinə yönələn fəaliyyətləri, iqlim dəyişmələri ilə mübarizəyə verdiyimiz töhfələri dünyaya göstərə biləcəyik. Bu xüsusda Qarabağ və Şərqi Zəngəzur iqtisadi zonalarının, o cümlədən Naxçıvanın “yaşıl enerji zonası” elan edildiyini qeyd etmək yerinə düşər.

Ermənistanın dağ-mədən fəaliyyəti nəticəsində ətraf mühit və onun komponentlərinə dəyən zərər təkcə Azərbaycan üçün keçərli deyil. Bu, region üçün, digər Cənubi Qafqaz ölkələri üçün ziyanlıdır. COP29-da səsimizi qaldırmalıyıq ki, bu, təkcə Azərbaycanın problemi deyil. Bura Rusiya da, Gürcüstan da, hətta Ermənistan və İran da qoşulmalıdır”, – deyə İ.Həsənova qeyd edib.

Təşkilat sədri COP29-da ölkəmizin özünəməxsus proqramlarının, addımlarının olacağını da diqqətə çatdırıb.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts