İqlim dəyişikliyi yoluxucu xəstəliklərin yayılmasına təsir edir, əhalini yeni xəstəliklər və epidemiyalar riskinə məruz qoyur

Tokio, 4 mart , /AJMEDIA/

Taleyin istehzasıdır ki, insan sağlamlığını möhkəmləndirmək, xəstəliklərlə mübarizə aparmaq, insanları sağaltmaq məqsədi daşıyan səhiyyə iqlim dəyişikliyinə əhəmiyyətli təsir göstərir. Belə ki, enerji istifadəsi səhiyyə tullantılarının əsas hissəsini təşkil edir (50 faizdən çoxu) və onların əksəriyyəti qalıq yanacaqlardan ortaya çıxır. Mütəxəssislər ümumi səhiyyə tullantılarını 3 qrupa bölürlər: birbaşa tibb müəssisələrindən atılan tullantılar – 17 faiz; isitmə/soyutma sistemlərindən, elektrik enerjisinin alınması nəticəsində yaranan dolayı tullantılar – 12 faiz; tullantıların əksəriyyəti səhiyyə təchizatı zəncirinə, yəni tibbi malların/ xidmətlərin istehsalı, daşınması, istifadəsi və utilizasiyası ilə əlaqədardır – 71 faiz.

Bunu “Akademik Mustafa Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinin şöbə müdiri Günel Məmmədova deyib.

O bildirib ki, iqlim dəyişikliyi və insanların sağlamlıq vəziyyətinin pisləşməsi arasında əlaqə bir çox komponentdən ibarətdir. Qalıq yanacaqların istifadəsi atmosferdə CO2 (həmçinin CH4, N2O) miqdarını artırır. Bu da, öz növbəsində temperaturun və dəniz səviyyəsinin yüksəlməsinə gətirib çıxarır, nəticədə daşqınlara və quraqlığa səbəb olur.

İqlim dəyişikliyi səbəbindən qlobal cəmiyyətin qarşısına ciddi problemlər çıxır: şirin su mənbələrində duzluluq artır, kol və meşə yanğınları geniş vüsət alır, ozon qatı zədələnir, içməli su qıtlığı yaranır, hava çirklənir, kənd təsərrüfatı və əkinçilikdə məhsuldarlıq azalır. Sadalananların insan sağlamlığına vurduğu zərərlər və xəstəliklərin yaranmasına zəmin yaradan nəticələri çoxdur. Bu xəstəliklər qeyri-mütənasib olaraq həssas qrup insanlara – uşaqlara, qocalara, hamilə qadınlara, əvvəldən mövcud xəstəliyi olan insanlara daha çox təsir göstərir.

Yeni iqlim Sazişində qarşıya “qlobal orta temperatur artımını sənayedən əvvəlki səviyyədən 2°C-dən xeyli aşağı saxlamaq və temperaturun yüksəlməsini 1,5°C-ə qədər məhdudlaşdırmaq üçün səy göstərmək” məqsədi qoyulub.

İnsanların rifahı və xalqların, səhiyyə sistemlərinin və hökumətlərin sabitliyi onların dəyişən qlobal iqlimlə qarşılıqlı əlaqəsindən asılıdır.

Günel Məmmədova bildirib ki, iqlim Sazişinə uyğun olaraq təsis edilmiş “Lanset” beynəlxalq multidisiplinar əməkdaşlığı (The Lancet Countdown) iqlim dəyişikliyi nəticəsində dəyişən sağlamlıq profillərini izləmək və bütün dünyada hökumətlər tərəfindən götürülmüş öhdəliklərin yerinə yetirilməsinin müstəqil qiymətləndirilməsini təmin etmək məqsədi daşıyır. “Lanset”ə görə, iqlim dəyişikliyi insan sağlamlığı üçün XXI əsrin ən böyük qlobal təhlükəsidir.

2021 və 2022-ci illərdə ekstremal iqlim hadisələri bütün qitələrdə dağıntılara səbəb oldu və COVID-19 pandemiyasının təsirləri ilə mübarizə aparan səhiyyə xidmətlərini daha da gərginləşdirdi. Belə ki, Avstraliya, Braziliya, Çin, Qərbi Avropa, Malayziya, Pakistan, Cənubi Afrika və Cənubi Sudanda sel və daşqınlar, Kanada, ABŞ, Yunanıstan, Əlcəzair, İtaliya, İspaniya və Türkiyədə meşə yanğınları, Avstraliya, Kanada, Hindistan, İtaliya, Oman, Türkiyə, Pakistan və Böyük Britaniya da daxil olmaqla bir çox ölkədə havanın temperaturunun rekord həddə çatması dağıntılara, insan itkisinə, eləcə də milyardlarla dollarlıq iqtisadi itkilərə səbəb oldu.

Hesablamalara görə, 2021-ci ildə temperaturun sürətlə artması səbəbindən həssas əhali qrupları (65 yaşdan yuxarı böyüklər və bir yaşdan kiçik uşaqlar) 1986-2005-ci illəri əhatə edən dövrdə hər il olduğundan 3,7 milyard daha çox isti dalğasına məruz qaldılar. Eyni zamanda, iqlim dəyişikliyi yoluxucu xəstəliklərin yayılmasına təsir edir, əhalini yeni xəstəliklər və əlaqəli epidemiyalar riskinə məruz qoyur.

“Lanset”in dövrü nəşrlərində göründüyü kimi, iqlim dəyişikliyinin səhiyyəyə və insan sağlamlığına təsirlərinin pisləşməsi ilə əlaqədar qlobal cəmiyyətin üzləşdiyi əlaqədar digər böhranlar daha da şiddətlənir. Dünya əhalisi, isə ilk müdafiə xətti kimi daha çox səhiyyə sistemlərinə və tibbi xidmətlərə arxalanır.

Bununla belə, son illərdə tibbi yardıma ehtiyac meyarının artması ilə yanaşı, bütün dünyada səhiyyə sistemlərinin COVID-19 pandemiyasının, eləcə də iqtisadi xərclərin artması və enerji böhranının təsirinə məruz qaldı. Buna görə də, səhiyyə sistemlərinin dayanıqlığını artırmaq və dəyişən iqlim şəraitində ölüm və xəstəliklərin artmasının qarşısını almaq üçün təcili tədbirlər görülməsi barədə qlobal çağırışlar edilir.

Ümumdünya Səhiyyə Təşkilatı beynəlxalq miqyasda İqlim Sazişinə daha yaxşı uyğunlaşmaq məqsədilə səhiyyənin karbon tullantılarından təmizlənməsi, ətraf aləmin mühafizəsi üçün təqdim etdiyi yol xəritəsinə görə, ölkələr, xalqlar və cəmiyyətlər ən yaxşı təcrübələrini paylaşmalı və səhiyyə tullantılarının azaldılması üçün ideyalar yaratmalıdırlar.

Səhiyyədə “yaşıl” texnologiyalardan danışan G.Məmmədova bildirib ki, bu texnologiyaların sahəsi daim inkişaf edən bir qrup metod və materialı əhatə edir: enerji istehsalı üsullarından enerji istifadəsi, birbaşa xəstə baxımı, laboratoriya xidmətləri və təmizlik, yemək xidməti və zibilin təmizlənməsi kimi dəstək fəaliyyətləri və s. Məsələn, “yaşıl” xəstəxanalar daha çox istilik, soyutma və isti su üçün geotermal enerji kimi bərpa olunan enerji mənbələrindən istifadə etməklə layihələndirilir. Burada geotermal istilik nasosları yer tərəfindən udulmuş günəş enerjisindən istifadə edir.

“Yaşıl” nailiyyətlərin sayəsində səhiyyə təminatçıları ekoloji məqsədlərə doğru irəliləyiş əldə etmək və “yaşıl” səhiyyə xidmətlərini artan templə təmin etmək üçün digər texnologiya mütəxəssisləri ilə tərəfdaşlıq və əməkdaşlığı get-gedə daha çox genişləndirirlər.

Son illərin müşahidələri göstərir ki, COVID-19 pandemiyası səhiyyə işlərinə sərmayəni sürətləndirdi. Bu nöqteyi-nəzərdən səhiyyə müəssisələrində məşğulluq imkanları “yaşıl prinsiplər”in təşviqinə və onların tətbiqinə diqqət yetirməklə yaradılır. Bununla yanaşı, biz getdikcə daha çox səhiyyə funksiyalarının tam spektrində “yaşıl” və “davamlılıq” elementlərinin qurulduğunu və inkişaf etdirildiyini görürük.

“Yaşıl” termini bərpa olunan resurslardan istifadə, ətraf mühitin mühafizəsi və insan hüquqları ilə bağlı təcrübələri təkmilləşdirmək üçün istifadə olunur. Sirr deyil ki, “yaşıl” iqtisadiyyata keçid üçün qarşıda uzun yol var, lakin bir sıra ölkələr milli “yaşıl” inkişaf və ya aşağı karbonlu iqtisadi strategiyaları qəbul etməklə liderlik nümayiş etdirirlər. Bu ölkələrin ilk sıralarında ölkəmizin göstərdiyi aktiv fəaliyyət danılmaz faktdır.

Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə təsdiq edilən “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” ekoloji təmiz texnologiyaların tətbiqi, tullantıların təkrar emalı və çirklənmiş ərazilərin bərpasının təşviqi, “yaşıl” texnologiyaların tətbiqinin genişləndirilməsi ilə bağlı konkret tapşırıqları özündə ehtiva edir.

Azərbaycan bərpaolunan enerji mənbələri üzrə yüksək potensiala malik ölkələrdən biridir. Ölkəmiz qarşıdakı illər üçün hədəfində 1990-cı illə müqayisədə 2030-cu ilə qədər istixana qazlarının miqdarının 35 faiz, 2050-ci ilə qədər 40 faiz azaldılmasına nail olmaqdır.

“Yaşıl enerji” vadisi Azərbaycanın işğaldan azad olunmuş ərazilərində “yaşıl enerji” zonasının yaradılması, Prezident İlham Əliyevin 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan etməsi və s. kimi nailiyyətlər BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) ölkəmizdə keçirilməsi barədə mötəbər beynəlxalq qurumun qərarının məntiqli əsasıdır.

Qlobal “Yaşıl və Sağlam Xəstəxanalar” Proqramı səhiyyə sektoruna daha çox davamlılıq və ekoloji sağlamlıq gətirmək və bununla da bütün dünyada səhiyyə sistemlərini gücləndirmək üçün dünya üzrə mövcud səyləri dəstəkləmək məqsədi daşıyır. Bu sənəd daha çox dayanıqlığa nail olmaq, ətraf mühitin yaxşılaşdırılmasına töhfə vermək üçün bütün dünyada xəstəxanalar və səhiyyə sistemləri üçün hərtərəfli çərçivə təqdim edir.

Günel Məmmədova hesab edir ki, “Yaşıl” Plan qarşıya ətraf mühitə antropogen təsirləri azaltmaqla yanaşı, gələcək nəsillərin ömür boyu möhkəm sağlamlığın təmin edilməsinə kömək edən davamlı səhiyyə xidmətləri göstərmək öhdəliyini qoyur, həmçinin daha təmiz, daha yaşıl, sağlam və ədalətli gələcəyə aparan yol qurmağa zəmin yaradır.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts