Suşisevərlər üçün gözəl fürsət: hamı dada biləcək

Tokio, 14 yanvar , /AJMEDIA/

Yanvarın 14-də Daş Salnamə Muzeyində Yaponiyanın Azərbaycandakı səfirliyinin dəstəyi ilə “Suşini sevirəm” adlı sərgi açılıb.
Yaponiyanın Azərbaycandakı səfirliyinin Siyasi məsələlər üzrə ikinci katibi Ryosuke Kakiuchi AJMEDIA-ya verdiyi açıqlamada sərginin əhəmiyyəti və məqsədindən danışıb: “Suşini sevirəm” adlı sərginin əsas məqsədi Yaponiya mətbəxində daha çox məşhur olan suşini dünyada tanıtmaq və təqdim etməkdən ibarətdir. Dünyada çox sevilən suşi haqqında sərgi iştirakçılarına məlumat veriləcək. Məqsədimiz bu əsrarəngiz və fərqli təamın tarixi, eləcə də Yaponiya mədəniyyətini, mətbəxini azərbaycanlılar və digər xalqların nümayəndələri arasında tanıtmaq və yaymaqdır. Bu sərgidə təkcə Yaponiyada deyil, bütün dünyada sevilən suşinin füsunkarlığı, balıq fiqurları, təamların nümunələri, videolar və interaktiv görüntülər nümayiş olunaraq çoxşaxəli şəkildə ziyarətçilərə təqdim olunur. Hazırda Yaponiyada da çox nadir hallarda rast gəldiyimiz bəzi suşi növlərini bu sərgidə görə biləcəksiniz. Bundan başqa açılan sərgi sayəsində çox məşhur olan, 200 il əvvəl Edo dövründə yaranmış nigiri-zuşi və digər suşi növləri ilə və onların tarixində dəyişmə prosesi ilə yaxından tanış olmaq olar”.
Sərgi yanvarın 22-dək davam edəcək.
Qeyd edək ki, UNESCO-nun Bəşəriyyətin qeyri-maddi mədəni irsinin Reprezentativ siyahısına daxil edilən suşi (vaşyoku) Yaponiya mətbəxində əsas rol oynayır və gözəlliyi, dadı, həmçinin sağlam qida baxımından dünyanın bir çox ölkələrində sevilərək, tanınır. 1000 ildən çox tarixi olan suşi Yaponiyanın təbiətinə, iqliminə və həyat tərzinə uyğun olaraq unikal dəyişikliyə məruz qalıb.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts