Şuşanın erməni vandalizminə məruz qalmış Mamayı məhəlləsi

Tokio, 20 oktyabr , /AJMEDIA/

Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhəri özünün məhəllələri ilə tanınıb. Şuşa şəhərində 17 məhəllə var idi ki, onların hər birinin məscidi, bulağı və hamamı mövcud olmuşdur. Təəssüf ki, Şuşa şəhərinin bütün tarixi məkanları, o cümlədə qədim məhəllələr, məscidlər, bulaqlar və digər abidələr erməni vandalizminə məruz qalıb.
AJMEDIA xəbər verir ki, bu fikirləri Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Qarabağ İrsini Araşdırma Mərkəzinin rəhbəri, professor, siyasi elmlər doktoru Elçin Əhmədov bildirib.
E.Əhmədov deyib ki, Pənahəli xanın hakimiyyəti illərində (1747-1763) şəhərin salınmasının ilkin mərhələsində ən qədim məhəllələr sonralar şəhərin relyefinə uyğun olaraq, “Aşağı məhəllə” adlandırılmışdır. “Aşağı” məhəllə 9 məhəllədən təşkil olunmuşdur: Seyidli, Çöl Qala, Çuxur Məhəllə, Quyuluq, Dördlər Qurdu, Qurdlar, Merdinli, Hacı Yusifli, Culfalar. Şuşanın bir şəhər kimi formalaşmasının ikinci mərhələsi İbrahimxəlil xanın hakimiyyəti illərinə (1763-1806) təsadüf edir. Bu mərhələdə “Yuxarı məhəllə” adlanan ikinci məhəllə formalaşmışdı. “Yuxarı” məhəllə 8 məhəllədən təşkil edilmişdir: Saatlı, Mamayı, Köçərli, Xocamircanlı, Ağadədəli, Dəmirçilər, Təzə Məhəllə, Hamamqabağı.
Professor Elçin Əhmədov Mamayı məhəlləsinin başlandığı yerdən, yəni Saatlı məscidinin yanından, “Qarabağ” mehmanxanasından yuxarı qalxanda qədim iki əsrlik evlərin hamısının tamamilə dağıdıldığını və ya yer üzündən silindiyini, erməni vandalizminə məruz qaldığını vurğulayıb: “Şuşada bu məhəllələr içərisində şəhərin mərkəzi hissəsində yerləşən Mamayı məhəlləsindəki iki əsrlik yaşı olan qədim evlər 1992-ci ildən sonra, 28 il ərzində, yəni işğal dövründə məqsədyönlü şəkildə ermənilər tərəfindən vəhşicəsinə dağıdılıb. Ümumiyyətlə, Şuşada 17 məhəllənin bütün qədim yaşayış evlərinin çox hissəsi yarıuçuq vəziyyətdədir, bəzi evlərin isə, izi belə qalmayıb. Şuşadakı 17 məhəllədən biri olan Mamayı məhəlləsi, bulağı və həmin məhəllədəki yaşayış evləri də işğal zamanı erməni vandalizminə məruz qalıb”.
Elçin Əhmədov bildirib ki, onların evləri də Mamayı məhəlləsində olub. Burada doğulub, böyüyüb, uşaqlığı, gəncliyi bu məhəllədə keçib: “Babam Əhmədov Aslan Murtuza oğlu 1887-ci ildə bu evdə anadan olub. Eləcə də atam Əhmədov İldırım da, mən də bu evdə anadan olmuşuq. Bir metrə yaxın qalın divarları, uzun və sal daşlardan ibarət pilləkənləri olan evimiz bütünlüklə sökülüb, daşları ermənilər tərəfindən xarici ölkəyə satılıb və ya Ermənistana daşınıb. Bizim evi müharibə vaxtı yox, müharibədən sonra ermənilər dağıdıblar. Yəni, 1992-ci ildə Şuşa şəhəri Ermənistan silahlı qüvvələri tərəfindən işğal ediləndə ev salamat idi. Şəhəri məcburən tərk edəndən sonra bizim evlə yanaşı, Mamayı məhəlləsindəki iki əsrdən çox yaşı olan və dövlət tərəfindən qədim yaşayış binaları kimi qorunan evlərin əksəriyyəti dağıdılıb və ya yer üzündən silinib”.
Şuşadakı 17 məhəllədən biri olan və şəhərin mərkəzi hissəsində yerləşən qədim Mamayı məhəlləsindəki “Mamayı” bulağı haqqında da məlumat verən professor yaşadığı evin həyətində vaxtilə mövcud olan qədim su quyusundan da bəhs edib. Bununla yanaşı, iki əsrlik evin qoruyub saxladığı bütün sənədlərini, yaşadığı məhəllənin işğaldan əvvəlki şəkillərini də göstərərək erməni vandalizmini faktlarla diqqətə çatdırıb.
“Şuşalıların “Güllü bağ” adlandırdığı yer evimizdən 40-50 addım məsafədə idi. Heç bir vaxt qoxusunu ala bilməyəcəyim o güllərin ətri ora çatmamış “Qarabağ” mehmanxanasının pilləkənlərinə qədər gəlirdi. Bütün uşaqlığım, yaddan çıxmayan mənalı günlərimin hamısı o yerlərdə keçib. Şəhərin mərkəzində Bazarbaşı deyilən yerin, Güllü bağın yanında, Molla Pənah Vaqifin XVIII əsrdə dərs dediyi mədrəsənin yanında… Doğma Şuşa yaddaşlardan silinməyən xatirələrlə doludur. Tarixən, üç əsrə yaxın o torpaqda, Şuşada ulu babaları yaşamış hər bir şuşalı özünü “qalalı” adlandırır. Bu baxımdan, mənim üçün, yəni Şuşada anadan olmuş, böyümüş, işğal olunana qədər orada yaşamış bir şuşalı (qalalı) kimi bu bənzərsiz şəhər əziz bir torpaqdır. Şuşa təkcə şəhər deyil, Azərbaycanın göz bəbəyi, müqəddəs abidə və bütün Qafqazın incisidir”, – deyə Elçin Əhmədov bildirib.
Şuşa işğal altında olarkən mədəni irsimizə böyük zərbə vurulmuş, tarixi abidələrimiz dağıdılmış, məscidlərimiz təhqir edilmişdir. Biz Şuşaya, əzəli torpağımıza daimi yaşamaq, qurub-yaratmaq üçün qayıtmışıq. Bu baxımdan, Şuşanın əsl tarixi simasının, ənənələrinin və qədim mədəni abidələrinin bərpası mühüm əhəmiyyət kəsb edir. Bu gün Şuşa Azərbaycanın çoxəsrlik, zəngin şəhərsalma mədəniyyətinin təkrarsız incisi kimi bərpa olunur. Biz bütün tarixi abidələrimizi bərpa edəcəyik.
Elçin Əhmədovun sözlərinə görə, şəhərin tarixi görkəminin bərpası, əvvəlki şöhrətinin özünə qaytarılması və ənənəvi dolğun mədəni həyatına qovuşması, eləcə də Azərbaycanın çoxəsrlik zəngin mədəniyyətinin, memarlıq və şəhərsalma sənətinin parlaq incisi kimi təqdim olunması bütün dünyada, beynəlxalq aləmdə təbliği baxımından da mühüm əhəmiyyət kəsb edir. Əslində, bundan sonra Şuşanı bərpa etməklə yanaşı, eyni zamanda, göz bəbəyimiz kimi qorumalıyıq ki, bir də heç zaman bizim əziz, doğma şəhərə kimsə yad gözlə baxa bilməsin.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts