Şuşa şəhərinin 270 illiyi və Zəfər Günü Polşada təntənə ilə qeyd edilib

Tokio, 7 noyabr , /AJMEDIA/

Şuşa şəhərinin 270 illiyi və Zəfər Günü münasibətilə Azərbaycanın Polşadakı səfirliyinin təşkilatçılığı ilə Polşa Milli Filarmoniyasında təntənəli konsert proqramı təşkil olunub. Azərbaycan Dövlət Opera və Balet Teatrının bədii rəhbəri, maestro Əyyub Quliyevin dirijorluğu ilə tanınmış “Sinfonia Varsovia” orkestri tərəfindən ifa olunan görkəmli Azərbaycan və Polşa bəstəkarlarının əsərləri qonaqlar tərəfindən rəğbətlə qarşılanıb.
AJMEDIA xəbər verir ki, tədbir çərçivəsində Polşanın məşhur səsyazma şirkəti “Orphee Classics” tərəfindən hazırlanan və konsert proqramında ifa olunan əsərlərdən ibarət CD-nin təqdimatı keçirilib. Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi və Azərbaycan Respublikasının Beynəlxalq İnkişafa Yardım Agentliyinin dəstəyi ilə təşkil olunan konsert zamanı həmçinin “Arts Council Azerbaijan” təşkilatı tərəfindən təqdim olunan fotoşəkillər əsasında “Qələbə sevinci” adlı fotosərgi də baş tutub.
Tədbirdə Polşa hökumətinin, Seyminin və Senatının üzvləri, Polşa-Azərbaycan parlamentlərarası dostluq qrupunun nümayəndələri, akademik, incəsənət və biznes dairələrin təmsilçiləri, Polşanın müftisi və dini icmaların üzvləri, diplomatik korpusun nümayəndələri, vətəndaşlar və soydaşlar, habelə Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi və Azərbaycan Respublikasının Beynəlxalq İnkişaf Agentliyinin rəhbərləri və nümayəndələri iştirak ediblər.
Sonra çıxış edən Azərbaycanın Polşadakı səfiri Nərgiz Qurbanova “Azərbaycan musiqisinin məbədi” və “Qafqazın konservatoriyası” kimi tanınan Şuşa şəhərinin Azərbaycan mədəniyyətinə bəxş etdiyi görkəmli şəxsləri və nailiyyətləri qeyd edib. Musiqi baxımından Avstriya üçün Vyananın, İtaliya üçün Neapolun daşıdığı önəmin Azərbaycanda Şuşa tərəfindən həyata keçirildiyini vurğulayıb. Azərbaycan klassik musiqisinin və operasının banisi Üzeyir Hacıbəyli, Cabbar Qaryağdıoğlu, Qurban Pirimov, Seyid Şuşinski, Xan Şuşinski kimi məşhur musiqiçilərin məhz Şuşada dünyaya göz açdığı bildirilib. 1858-ci ildə fransız yazıçısı Aleksandr Dümanın Qarabağ şahzadəsi və şair Xurşidbanu Natəvanla tanış olması və onun ədəbi-bədii istedadına məftun qalması qonaqların diqqətinə çatdırılıb.
Ardınca səfir qeyd edib ki, tədbir, eyni zamanda, Şuşanın 28 illik işğaldan sonra azad edildiyi 8 Noyabr – Zəfər Gününə həsr olunub. Beynəlxalq hüququn və ədalətin təntənəsini təmsil edən Zəfər Günü milli qürurumuzun təntənəli təzahürünə çevrilib. Vurğulanıb ki, Azərbaycan xalqı sülh içində yaşaya bilməmiz üçün canlarından keçmiş həmvətənlərimizin şücaətini və fədakarlığını həmişə xatırlayacaq və ehtiramla anacaq. Eyni zamanda, davamlı sülhün, inkişafın və tərəqqinin təmin edilməsi Azərbaycanın regionun gələcəyinə baxışının mərkəzində dayanır və rəsmi Bakı bu tarixi fürsətdən səmərəli istifadə etmək istəyən bütün tərəfdaşlarla işləməyə hazırdır.
Tədbirdə fəxri qonaq qismində çıxış edən Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin sədri cənab Fuad Muradov Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə Şuşa şəhərinin Azərbaycanın mədəniyyət paytaxtı elan edildiyini diqqətə çatdırıb. Şuşanın Azərbaycanın tarixi, mədəni, ictimai-siyasi həyatında mühüm mərkəzlərindən biri olduğunu qeyd edən Komitə sədri şəhərin əsasının Azərbaycanın Qarabağ xanlığının xanı Pənahəli xan tərəfindən qoyulduğunu bildirib.
Komitə sədri iki ölkə arasındakı münasibətlərə nəzər salaraq onların 550 illik tarixinə toxunub, eyni zamanda 2022-ci ilin Azərbaycanla Polşa arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi ilə əlamətdar olduğunu qeyd edib. Azərbaycanlıların Polşa iqtisadiyyatına, xüsusən IT, maliyyə, bank işi və istehsal sahələrində töhfələrini verdiyini xatırladan Fuad Muradov soydaşlarımızın Polşada həyatın bütün sahələrində yaxşı təşkilatlandığını və iki ölkə arasında körpü rolunu oynadığı vurğulayıb.
Konsert proqramının ardınca qonaqlara ziyafət verilib, Azərbaycan mətbəxinin təamları və şirniyyatları onlara təqdim olunub.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts