“Şuşa – Qarabağın dünəni, bu günü, sabahı”: Qasım bəy Zakir

Tokio, 12 sentyabr , /AJMEDIA/

“Şuşa İli” çərçivəsində Azərbaycan İstiqlal Muzeyi tərəfindən həyata keçirilən “Şuşa – Qarabağın dünəni, bu günü, sabahı” adlı layihə çərçivəsində təqdimatlardan biri Azərbaycan realist ədəbi düşüncəsinin əsas nümayəndələrindən biri, özünəməxsus satirik üsluba malik olan Qasım bəy Zakirə həsr olunub.
AJMEDIA xəbər verir ki, təqdimatda Qasım bəy Zakirin həyat və yaradıcılığı haqqında geniş məlumat verilir.
Qasım bəy Zakir 1784-cü ildə Şuşada bəy ailəsində anadan olub. Onun əsli Qarabağda məşhur olan Cavanşirlər nəslindəndir. Ulu babası Kazım ağa Şuşa şəhərinin əsasını qoyan Pənah xanın doğma qardaşıdır. Qasım bəy təhsilini Şuşada mollaxanada almış, ərəb, fars dillərini öyrənmişdir. Firdovsi, Nizami, Sədi, Hafiz kimi sənətkarların əsərləri ilə tanış olmuşdur.
Qacarın Qarabağa hücumu, şuşalıların müdafiəsi, Qacarın qətli, Vaqifin oğlu ilə birlikdə öldürülməsi, İbrahim xanın vəhşicəsinə güllələnməsi onun dünyagörüşünün formalaşmasına təsir edib.
Gənclik illərini at belində, müxtəlif müharibələrdə və döyüşlərdə keçirən Qasım bəy Zakir 30-cu illərin sonlarında tamam təsərrüfatçılıqla məşğul olmağa başlayır. O, ilin yay fəslini Şuşada, qalan fəsillərini isə Xurşidbanu Natəvanın atası Mehdiqulu xanın ona bağışladığı Xındırıstan kəndində keçirirdi.
Zakir XIX əsr Azərbaycan ədəbiyyatında realist-satirik poeziyanın əsas yaradıcılarındandır. Həm klassik üslubda müxəmməslər, qəzəllər yazıb, həm də özünə ustad sandığı Vaqifin realist yolunu davam etdirərək gözəl qoşmalar yaradıb. Şeirlərini olduqca sadə dildə yazan Zakir xalq poeziyasına bağlı idi. Bu səbəbdən də onun şeirləri səmimiliyi ilə seçilirdi. Zakir həm də Azərbaycan ədəbiyyatında ictimai hadisələrə realist baxmağı bacaran, ictimai satiranın gözəl nümunələrini yaradan bir şair kimi öz sözünü dedi. O, dövrünün ağır vəziyyətini, çarizmin amansızlığını, müftəxorların, rüşvətxorların iç üzünü açan şeirlər yazırdı.
Qasım bəy Zakir ömrünün sonlarını maddi ehtiyac və çətinliklər içərisində başa vurmuşdur. O, 1857-ci ildə Şuşada vəfat etmiş və şəhərin Mirzə Həsən qəbiristanlığında dəfn edilib.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts