“Şuşa – Qarabağın dünəni, bu günü, sabahı” adlı layihə davam edir

Tokio, 21 oktyabr , /AJMEDIA/

“Şuşa İli” ilə əlaqədar Azərbaycan İstiqlal Muzeyi tərəfindən həyata keçirilən “Şuşa – Qarabağın dünəni, bu günü, sabahı” adlı layihə çərçivəsində müxtəlif mövzular üzrə təqdimatlar davam edir.
Muzeydən AJMEDIA-ya bildirilib ki, layihənin növbəti təqdimatı Şuşa məhəllələrinin formalaşması tarixinə həsr olunub.
Şəhərin ən qədim məhəlləsi olan “Aşağı məhəllə” Pənahəli xanın hakimiyyəti dövründə salınmışdı. Bu ərazi yaxınlıqda yerləşən Şuşakəndin əkin yeri və otlaqları idi. Sonralar şəhərin relyefinə uyğun olaraq adlandırılmış “Aşağı məhəllə” ilk dövrdə “Təbrizli” adlandırılmış və xanlığın ləğv edilməsinə qədər bu adla tanınmışdı. Bunun səbəbi vaxtilə Şuşaya ilk köçürülən sakinlərin arasında Təbriz və Ərdəbildən gəlmiş sənətkarların üstünlük təşkil etməsi ilə izah olunur. Şuşanın bu ilk böyük məhəlləsi aşağıda adları çəkilən kiçik məhəllələrdən ibarət idi: Çuxur, Qurdlar, Culfalar, Seyidli, Quyular, Hacı Yusifli, Merdinli, Qazançalı və Çöl qala. 1823-cü il məlumatına görə bu məhəllələrdə 162 ailə yaşayırdı.
Şuşanın sonralar “Yuxarı məhəllə” adlandırılan ikinci məhəlləsi İbrahimxəlil xanın dövründə salınmışdı. Birincidən fərqli olaraq, II məhəllənin salındığı ərazi bu iş üçün o qədər də yararlı deyildi. Dağ yamacında yerləşib və sıx meşə ilə örtülü olduğundan ərazi meşələrdən təmizlənərək məhəllələr salınırdı. 1763 – 1806-cı illər ərzində Şuşada 8 yeni kiçik məhəllə salındı: Xanlıq, Saatlı, Köçərli, Mamayı, Xoca Mərcanlı, Dəmirçi, Hamamqabağı, Təzə.
Şəhərin dağlıq ərazisində salınmış “Qazançalı” adlanan üçüncü böyük məhəlləsinin tikintisinə 1806-cı ildə Qarabağ xanlığı Rusiya tərəfindən işğal edildikdən sonra başlanıb. Şuşanın ən çox əhali yaşayan “Qazançalı” məhəlləsi 12 kiçik məhəllədən ibarət olmuşdur: Çiləbörd, Dərə, Bağlar və s.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts