“Şuşa” milli mükafatının təqdimatı olub

Tokio, 30 yanvar, /AJMEDIA/

Yanvarın 29-da Bakı Gənclər Mərkəzində “Zəfər Təntənəsi” təşkilatının təşkilatçılığı ilə “Şuşa İli”nə həsr olunmuş “Şuşa – Tariximizin dirçələn dəyəri!” adlı tədbir keçirilib.

AJMEDIA AZƏRTAC-a istinadla xəbər verir ki, əvvəlcə Azərbaycanın Dövlət Himni səsləndirilib, ərazi bütövlüyümüz uğrunda canından keçən qəhrəman hərbi qulluqçularımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə çıxış edən “EMEDİA GROUP” media təşkilatının rəhbəri Elşən Əliyev Şuşanın xalqımız üçün əziz və əvəzolunmaz bir məkan olduğunu, yetirdiyi böyük şəxsiyyətləri ilə seçildiyini bildirib. O, Vətən müharibəsi dövründə düşmənin alınmaz qala hesab etdiyi Şuşanın əfsanəvi hərbi əməliyyatla xilas edildiyini diqqətə çatdıraraq, Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun öz gücünü dünyaya göstərdiyini vurğulayıb. Postmüharibə dövründə Şuşada aparılan quruculuq işlərindən bəhs edən E.Əliyev dövlətimizin başçısının müvafiq Sərəncamı ilə 2022-ci ilin “Şuşa İli” elan edilməsinin mədəniyyət beşiyimizin bərpa prosesini sürətləndirəcəyini, müxtəlif qurumların Şuşanın dirçəldilməsi istiqamətindəki fəaliyyətlərinin daha səmərəli təşkilinə töhfə verəcəyini diqqətə çatdırıb.

Sonra çıxış edən “Zəfər Təntənəsi” təşkilatının direktoru Vəsilə Qabilqızı 30 ilə yaxın davam edən torpaq həsrətinin 2020-ci ilin payızında 44 gün ərzində başa çatdığını və Şuşanın hərb tarixinin ən mükəmməl döyüşü ilə əsarətdən qurtarıldığını bildirib. O, Şuşanın əvvəlki mədəni həyatına qovuşmaq üzrə olduğunu qeyd edərək, qədim torpağımızda həyata keçirilən layihələrdən və tədbirlərdən söhbət açıb.

Daha sonra “Şuşa” milli mükafatının təqdimatı olub. Qazilər, Milli Məclisin deputatları, media nümayəndələri və fəaliyyəti ilə seçilən digər şəxslər mükafatlandırılıblar.

“Şuşa” milli mükafatına layiq görülənlər ölüm-dirim savaşı günlərində xalqımızın həmrəyliyindən, rəşadətli Azərbaycan Ordusunun 44 gün ərzində öz canı, qanı bahasına qarış-qarış qazandığı Qələbədən, Vətən müharibəsi dövründə Müzəffər Ali Baş Komandanın müxtəlif cəbhələrdə mübarizəsindən, təzyiqlərə rəğmən göstərdiyi müdriklik, qətiyyət və sarsılmaz iradədən, o cümlədən dünyanı heyrətə salan Şuşa döyüşlərindən bəhs edib, hazırda Şuşanın əsl tarixi simasının bərpası istiqamətində görülən işlərdən danışıblar. Təltif olunanlar Şuşaya ayaq basarkən hiss etdikləri duyğuları, keçirdikləri qürur hissini şəhid və qazilərimizə borclu olduqlarını vurğulayıblar, 44 günün qəhrəmanlarına ömür boyu minnətdar olacaqlarını ifadə ediblər.

Qeyd edək ki, təltif olunanlar arasında AZƏRTAC-ın müxbiri Göyçək Mahmudlu da var.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts