“Şərqi Zəngəzura qayıdışa mənəvi dəstək” layihəsi çərçivəsində 3 kitab nəşr edilib

Tokio, 3 aprel , /AJMEDIA/

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Zəngəzur” Cəmiyyətləri İctimai Birliyi tərəfindən həyata keçirilən “Şərqi Zəngəzura qayıdışa mənəvi dəstək” layihəsi çərçivəsində 3 kitab nəşr edilib.

İctimai Birlikdən AJMEDIA -ya verilən məlumata görə, Birliyin sədri, tarix üzrə fəlsəfə doktoru Hacı Nərimanoğlunun “Şəhidlər” kitabında Vətən müharibəsində Şərqi Zəngəzur bölgəsinə daxil olan Cəbrayıl, Kəlbəcər, Qubadlı, Laçın və Zəngilan rayonlarında doğulmuş, Milli Ordumuzun sıralarında ön cəbhədə döyüşən 100-dən çox əsgər və zabitin hər birinin ömür, döyüş yolu rəngli fotoları ilə birlikdə əks olunub. Həmçinin Azərbaycan Prezidenti İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın şəhid ailələri və qazilərlə çoxsaylı görüşlərinə dair məlumatlar, fotolar yer alıb. “Şəhidlik – ən uca, müqəddəs məqamdır”, “Şəhidlər anısına, doğmalar acısına” silsiləsindən esseləri, “44 günlük Şərəf, Qürur, Zəfər Tariximiz”in rəsmi gündəliyi, “Bu Zəfər Sizindir, Şəhidlər!” və “Danışan fotolar…” fotoqalereyası da nəşrə daxil edilib.
“Şərqi Zəngəzur” kitabında Cəbrayıl, Kəlbəcər, Qubadlı, Laçın və Zəngilan rayonlarının hər birinin uzaq və yaxın keçmişi, iqtisadi potensialı, təbii sərvətləri, Birinci və İkinci Qarabağ müharibələrinin tarixi, məhv edilmiş mülki, sosial obyekt və infrastrukturun yenidən bərpası, genişmiqyaslı tikinti, quruculuq işləri, dövlətimizin başçısının Şərqi Zəngəzur regionuna səfərləri sənədlər, fotoinformasiya materialları, analitik təhlillərlə əks olunub.

Türkiyə Prezident Administrasiyasının təhlükəsizlik və xarici siyasət komissiyasının üzvü, Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondunun rəhbəri, professor Aygün Attarın “İki liderin, iki dövlətin bənzərsiz qardaşlığı” adlı “Ön sözü” və qardaş ölkənin Azərbaycandakı keçmiş səfiri Hulusi Kılıçın məsləhətçiliyi ilə çıxan 3-cü – “Qardaşlığın Zəfəri” kitabı 44 günlük Vətən müharibəsində möhtəşəm Zəfərin qazanılmasında, tarixi ədalətin bərpasında müstəsna xidmətləri olmuş Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev ilə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın səmimi, mehriban qardaşlıq münasibətlərinə həsr edilib.
“Füyuzat” nəşriyyatında rəngli formatda çıxan kitabların elektron variantları www.zengezur.com saytının “Kitablar” bölümündə yerləşdirilib.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts