Şəkərin normadan artıq istehlakı diabet xəstəliyinin yaranmasında risk faktoru rolu oynayır

Tokio, 1 fevral , /AJMEDIA/

Şəkər gündəlik qida rasionunda əhəmiyyətli yer tutur. Son vaxtlar gənclər şirin çay, südlü qəhvə, energetik və şirinləşdirilmiş, alkoqolsuz qazlı və qazsız şəkərli və s. içkilərə daha çox meyil göstərirlər. Təkcə onu göstərmək kifayətdir ki, soyuq südlü qəhvənin 100 millilitrində 125 qarama qədər şəkər var. Bu isə gündəlik şəkər normasını beş dəfə üstələyir. Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən böyüklər və uşaqlar üçün tövsiyə olunan şəkərin miqdarı 25 qramdır. Bu, təxminən 6 çay qaşığı deməkdir.

AJMEDIA xəbər verir ki, bunu Qida Təhlükəsizliyi İnstitutunun sektor müdiri Aynur Həsənova deyib.

Onun dediyinə görə, populyar enerji içkilərinin 100 millilitrində 11 qramdan 15 qramadək şəkər var və bu, 5 ədəd qənd deməkdir: “İctimai iaşə obyektlərində servis edilən qəhvənin yanında çox vaxt əlavə olaraq şəkər də verilir. Çox vaxt da qəhvəyi şəkərdən istifadə olunur, çünki belə bir fikir formalaşıb ki, guya qəhvəyi şəkər daha az zərərlidir. İstər qəhvəyi, istərsə də ağ şəkərin tərkibində saxaroza üstünlük təşkil edir və hər ikisi şəkər çuğundurundan alınır. Doğrudur, qəhvəyi şəkərin şirinliyi bir qədər azdır. Onu demək lazımdır ki, sağlamlıq baxımından faydalı şəkər növü yoxdur.

Bəzən üzərinə diyetik olduğu yazılan qida məhsullarına şəkər əlavə olunmasa da, şəkər əvəzediciləri qatılır. Bu, daha təhlükəli ola bilər. Məsələn, buna aspartamı misal göstərmək olar. Qazlı və şəkərli içkilərin tərkibinə əlavə edilən şəkər əvəzedicisi kimi aspartam adi şəkərdən 200 dəfəyə qədər güclüdür”.

Ümumiyyətlə, şəkərin normadan artıq istehlak edilməsi diabet xəstəliyinin yaranmasında risk faktoru rolu oynayır. Şəkər istehlakı çox olanda orqanizmdə insulin dayanıqlığı yaranır və nəticədə qanda şəkərin miqdarı normanı aşır, bu isə ikinci tip şəkərli diabet xəstəliyinin yaranmasına aparıb çıxarır.

“Şəkərin zərərləri kifayət qədər çoxdur. Aparılan tədqiqatlar nəticəsində, bəzi xərçəng xəstəliyinin növləri, xüsusilə ağciyər, süd vəzi, uşaqlıq, mədəaltı vəz və bağırsaq xərçəngi ilə şəkərin arasında əlaqə olduğu məlum olub. Şəkərin normadan artıq istehlakı Altsheymer xəstəliyinə də səbəb ola bilər”,- deyə həmsöhbətimiz fikrini yekunlaşdırıb.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts