“Şəhidlər vətənin qələbə rəmzi” adlı tədbir keçirilib

Tokio, 10 avqust , /AJMEDIA/

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Sabunçu rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 2 nömrəli filialı şəhid Xudayar Yusifzadə və Sadiq Azayev haqqında “Şəhidlər vətənin qələbə rəmzi” adlı tədbir keçirib.
Baş İdarədən AJMEDIA-ya bildirilib ki, əvvəlcə şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Şöbə müdiri Sevinc Əliyeva şəhidlər haqqında məlumat verərək qeyd edib ki, sentyabrın 27-də başlayaraq 44 gün dava edən İkinci Qarabağ müharibəsi bizə nə qədər qəhrəman, igid oğullarımızın olduğunu bir daha göstərmiş oldu. Onlar arasında ölümü ilə dastan yazanlar, dillər əzbərinə çevrilənlər də olub. Xudayar Yusifzadə və Sadiq Azayev kimi oğulların olmasına görə bu gün Azərbaycan xalqının qürur hissi keçirməyə, başını uca tutmağa tam mənəvi haqqı var.
Oxucu Mədinə Şahbazova X.Yusifzadə haqqında məlumat verərək, onların şücaətindən söz açıb: “Xudayar Yusifzadə Kəlbəcər rayonu istiqamətində, Murovdağ yüksəklikləri uğrunda döyüşlərdə iştirak edərək, Füzuli, Cəbrayıl, Zəngilan istiqamətində gedən döyüşlərdə vuruşub. Zəngilanın Ağbənd qəsəbəsinin azad olunmasında şücaət göstərib və orada yaralanmasına baxmayaraq, düşməni məhv edərək son nəfəsinə qədər vuruşub. Xudayar Yusifzadə aldığı ağır yaradan sonra şəhidlik zirvəsinə yüksəlib”.
Sonra şəhid Sadiq Azayev haqqında məlumat verilib: ” S.Azayev 2016-cı ildə orduda gizir rütbəsi ilə çalışmağa başlayıb. Vətən müharibəsinə komandir kimi qatılıb. Oktyabrın 2-də Füzuli uğrunda gedən döyüşlərdə iştirak edib və silahdaşlarını mühasirədən çıxarıb, özü isə şəhidlik zirvəsinə ucalıb. S.Azayev ölümündən sonra “Vətən uğrunda”, “Cəsur döyüşçü”, “Döyüşdə fərqlənməyə görə”, “Şuşanın azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib.
Sonda oxucular şeirlərlə çıxış ediblər.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts