Şəhid-jurnalist Məhərrəm İbrahimovun ad günü məzarı başında qeyd olundu

Tokio, 16 aprel , /AJMEDIA/

Həminki Məhərrəmdir: əlində bloknot, üzündə təbəssüm, gözü həyat eşqi ilə dolu. Elə bil harasa – hansısa ünvana, hansısa tədbirə tələsir. Adama elə gəlir ki, bu saat addımlayıb üstünə gələcək, bir ilə yaxındır görmədiyi həmkarları, yoldaşları ilə bir-bir görüşəcək, hamı ilə ayrı-ayrılıqda hal-əhval tutacaq.
Təəssüf ki, o, indi qara mərmər başdaşından boylanır…
Ötən il iyunun 4-də Kəlbəcər rayonunun Susuzluq kəndinə gedən yolda AZƏRTAC-ın əməkdaşı Məhərrəm İbrahimovun tank əleyhinə minanın partlaması nəticəsində həlak olması onun ailə üzvlərinin, doğmalarının və yaxınlarının qəlbində göynərtili, heç vaxt unudulmayacaq ağrıya çevrilib.
Aprelin 16-da AZƏRTAC-ın müxbiri, şəhid-jurnalist Məhərrəm İbrahimovun 40 yaşının tamam olduğu gündə həmkarları Müşfiqabad qəsəbəsindəki qəbiristanlığa gedərək onun məzarını ziyarət etdilər.
Mərhumun ailə üzvləri, qohumları ilə birlikdə edilən ziyarət zamanı həmkarları 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeninə layiq görülmüş şəhid-jurnalist barədə ürək sözlərini dilə gətirdilər.
AZƏRTAC-ın əməkdaşı Süleyman Qaradağlı: “İş yerimizdə Məhərrəmin iri portreti var, sanki hər səhər işə başlayanda onun önündən keçib salam verir, axşam gedəndə onunla sağollaşırıq. Şəhidlik zirvəsinə ucalan unudulmaz həmkarımızın portretinin önündən heç vaxt təzə gül-çiçək dəstələri əskik olmur”.
Fotomüxbir Tofiq Babayev: “Məhərrəmin ömür payına bu dünyada 39 il düşdü. O əslində bizi cismani tərk edib. Hər gün Məhərrəmi yada salmışıq, xatirələrini bölüşmüşük, söz-söhbətlərini xatırlamışıq”.
Digər çıxış edənlər mərhum hərbi jurnalistin öz işinin peşəkarı olduğu və xatirəsinin həmişə əziz tutulduğunu söylədilər.
… Mərasim iştirakçıları əllərindəki gül-çiçəkləri şəhid-jurnalistin məzarının ətrafına düzdülər. Məhərrəmin uyuduğu torpaq yaz çiçəklərinin ətrinə büründü.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts