Postcovid dövründə rast gəlinən hallar

Tokio, 21 oktyabr , /AJMEDIA/

Yeni növ koronavirus (COVID-19) infeksiyası ilə xəstələnənlər müəyyən problemlərlə üzləşirlər. Virus ağciyərlərlə yanaşı, beyin, ürək-damar və mərkəzi sinir sisteminə birbaşa təsir göstərir. Eyni zamanda dadbilmə və iybilmə qabilyyətinin bərpa olunmaması, saç tökülməsi kimi əlamətlər uzun müddət davam edir.
AJMEDIA xəbər verir ki, həmin fəsadların bərpa olunması ilə əlaqədar həkim-terapevt Emin Məmmədov deyib: “Xəstəlik keçirənlərdə ən çox iybilmə hissinin itməsi halı müşahidə edilir və uzun müddət keçsə də, bərpa olunmur. Həmin xəstələrdə daha müasir müalicə metodlarından olan ağciyərin fibrozlaşması və bərkiməsi ilə əlaqədar təngnəfəs halları zamanı burun-boğaz həkimlərinin tətbiq etdiyi aromaterapiyadan istifadə edilir. Ağciyərlərin həcmini bərpa etmək üçün xəstələr uzun müddət müxtəlif prosedurlardan keçirlər. COVID-19 ağciyərlərdən başqa mədə-bağırsaq sistemini də zədələyir. Nəticədə xəstələr uzun müddət davam edən kəskin mədə ağrıları və ishal hallarından əziyyət çəkirlər və onlarda bağırsaqlarda xroniki iltihabi proseslər başlayır. Lakin müasir dərmanlarla həmin xəstəlikləri müalicə etmək mümkündür”.
Onun dediyinə görə, həmin əlamətlərə xəstəliyi ağır keçirənlərdə daha çox rast gəlinir. Həkim-terapevt deyib: “Əgər postcovid dövründə xəstələr özlərini yaxşı hiss edirlərsə, donor olmaqla əlaqədar heç bir əks-göstəriş yoxdur. Onlar kəskin vəziyyətdən 21 gün sonra tam sağlam vəziyyətə qayıdırlar və virus qandan tam təmizlənərək xaric olur”.
Bundan başqa xəstəlikdən sonrakı mərhələdə həkim məsləhəti olmadan qəbul edilən dərmanlar da orqanizmdə fəsadlar yaranmasına səbəb ola bilər. İmmunitet sistemi aşağı olan, anemiya və xroniki xəstəliklərdən əziyyət çəkənlərin yenidən virusa yoluxmaq riski yüksəkdir.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts