Nizami Gəncəvi fəlsəfəsinə həsr olunmuş videokonfrans keçirilib

Tokio, 25 Sentyabr, /AJMEDIA/

Sentyabrın 24-də Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva Azərbaycan Respublikasının UNESCO yanında daimi nümayəndəliyinin “Nizami Gəncəvi İli” çərçivəsində Beynəlxalq Nizami Gəncəvi Mərkəzi ilə birgə təşkil etdiyi “Təhsil və gender bərabərliyi Nizami Gəncəvi fəlsəfəsi prizmasından” mövzusunda videokonfransa qoşulub.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AJMEDIA-ya bildiriblər ki, konfransı açan Azərbaycanın UNESCO yanında daimi nümayəndəsi, səfir Elman Abdullayev dahi şairin həyat və yaradıcılığı barədə məlumat verib. Tədbirdə UNESCO-nun və ölkəmizin bir sıra əlaqədar qurumlarının nümayəndələri çıxış ediblər.

Milli Məclisin komitə sədri Qənirə Paşayeva öz çıxışında mütəfəkkir şairin yaradıcılığı barədə fikirlərini bölüşüb. İnsanları əxlaqi kamilliyə və humanizmə çağıran, yüksək mənəvi keyfiyyətlər aşılayan Nizami yaradıcılığında qadına bəslənən xeyirxah münasibətdən, elm və təhsilə, haqq və hüquqa sayğı çağırışından, sosial ədalət prinsipindən bəhs edib.

Videokonfransda Q.Paşayeva Ermənistanın işğalçılıq siyasətinin ağır nəticələri, Xocalı qətliamı, 30 ilə yaxın işğal altında qalan torpaqlarımızda törədilmiş barbarlıq, mədəniyyət və incəsənət abidələrimizin dağıdılması, muzeylərin talanması haqqında danışıb. Deputat məscidlərimizin, qəbirlərimizin təhqir olunmasına, şəhər və kəndlərimizin yerlə-yeksan edilməsinə də toxunub. Bütün bunları törədən zehniyyətin bəşər sivilizasiyasının indiki inkişaf mərhələsi ilə təzad təşkil etdiyini söyləyib.

Konfransda hələ XII əsrdə Nizami Gəncəvi kimi düha yetişdirmiş olan Azərbaycan xalqının yüksək mənəvi keyfiyyətlərə malik olduğu qeyd edilərək Nizami Gəncəvi irsinin bəşəri məzmun daşıdığı vurğulanıb.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts