Naxçıvan Muxtar Respublikası beynəlxalq tədbirdə təmsil olunub

Tokio, 30 avqust , /AJMEDIA/

London şəhərində Avropanın və MDB-nin dövlət qurumlarının, beynəlxalq peşəkar mühasib təşkilatlarının, aparıcı şirkətlərin nümayəndələrinin, mühasibat, vergi, maliyyə nəzarəti və iqtisadiyyatın digər sahələrinin aparıcı mütəxəssislərinin iştirakı ilə beynəlxalq tədbir keçirilib.
Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinin mətbuat xidmətindən AJMEDIA-ya bildirilib ki, tədbirin keçirilməsində məqsəd maliyyə hesabatlarının beynəlxalq standartlarına edilən dəyişikliklərin müzakirəsi, maliyyə, daxili nəzarət, mühasibatlıq sahəsində yeni məlumatların əldə edilməsi olub.
Hər ölkədən məhdud sayda nümayəndələrin təmsil olunduğu tədbirdə Azərbaycan nümayəndə heyətinin tərkibində Azərbaycan Respublikası Maliyyə Nazirliyinin, Təhsil Nazirliyinin, Dövlət Neft Fondunun, Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinin, “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin, Azərişıq ASC-nin və Azərbaycan Professional Maliyyə Menecerləri Assosiasiyasının əməkdaşları iştirak ediblər.
Tədbirin təşkilatçısı¬ – “The Institute of Certified Bookkeepers”in direktoru Qerri Karter giriş sözü ilə çıxış edib.
Böyük Britaniya-Azərbaycan parlamentlərarası əlaqələr üzrə dostluq qrupunun rəhbəri, Böyük Britaniya Parlamentinin İcmalar Palatasının üzvü Bob Bləkmən əvvəlcə ölkəmizin 44 günlük Vətən müharibəsində qazandığı Qələbə ilə bağlı təbriklərini çatdırıb. O, dövlətimizin işğaldan azad olunan ərazilərdə həyata keçirdiyi bərpa və quruculuq işlərini də xüsusi vurğulayıb. Azərbaycanla Böyük Britaniya arasında strateji xarakter daşıyan münasibətlərin hazırda uğurla inkişaf etdiyini bildirib, humanitar sahədə də əlaqələrin əhəmiyyətini və təhsil sahəsində əməkdaşlığın uğurlu nəticələrini qeyd edib.
Tədbirdə Azərbaycan nümayəndə heyəti adından Naxçıvan Muxtar Respublikası maliyyə nazirinin müavini Həsən İsmayılov çıxış edib. O, söylədiyi fikirlərə və belə bir tədbirin keçirilməsinə görə Bob Bləkmənə və təşkilatçılara təşəkkürünü bildirib. Qeyd edilib ki, bu gün Azərbaycan-Britaniya əlaqələri müxtəlif sahələrdə genişlənir və keçirilən yüksək səviyyəli görüşlər də əlaqələrimizin möhkəmlənməsində mühüm rol oynayır.
Sonra Naxçıvan Muxtar Respublikası adından tədbirin təşkilatçısı Qerri Karterə Naxçıvanın simvolunu əks etdirən “Haçadağ” rəsm əsəri hədiyyə edilib.
Daha sonra Ukrayna və Qazaxıstandan olan nümayəndələr çıxış ediblər.
Sonda xatirə şəkilləri çəkdirilib.
Növbəti gün Böyük Britaniyanın Kral ailəsinə mənsub, qədim tarixi saraylarından biri sayılan “St. James” sarayında Britaniya Kral Ailəsinin üzvü, Kent Şahzadəsi Maykl GCVO, CD-nin iştirakı ilə ölkələr arasında qarşılıqlı tərəfdaşlığın qeyd olunmasına həsr edilmiş nahar yeməyi təşkil olunub.
Görüşdə Azərbaycan, Ukrayna, Qazaxıstan və digər xarici dövlətlərin nümayəndələri ilə yanaşı, İngiltərənin yüksək zümrəsini təmsil edən nümayəndələr də iştirak ediblər. Britaniya Kral Ailəsinin üzvü, Kent Şahzadəsi Maykla Azərbaycan nümayəndə heyəti təqdim edilib, qısa söhbət aparılıb. Naxçıvan Muxtar Respublikası maliyyə nazirinin müavini tərəfindən ona “Möminə Xatun türbəsi” rəsm əsəri hədiyyə edilib, Möminə Xatun türbəsinin tarixindən, onun UNESCO-nun qorunan dünya əhəmiyyətli mədəni abidə olmasından danışılıb.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts