Mingəçevir Dövlət Universiteti və Qazaxıstanın nüfuzlu təhsil ocağı arasında əməkdaşlıq məsələləri müzakirə olunub

Tokio, 16 iyul , /AJMEDIA/

Mingəçevir Dövlət Universitetinin (MDU) rektoru Şahin Bayramov iyulun 15-də Qazaxıstan Milli Aqrar Tədqiqat Universitetində (KazNARU) olub. Ş.Bayramov universitetin rektoru akademik Tlektes Espolov ilə görüşüb.
AJMEDIA xəbər verir ki, T.Espolov azərbaycanlı qonağa ali təhsil ocağının tarixi, ölkənin ali təhsil sistemində və beynəlxalq reytinqdə mövqeyi, tədqiqat istiqamətləri və kadr potensialı barədə məlumat verib. KazNARU-nun dünya universitetlərinin QS reytinqində 481-ci yeri tutduğunu qeyd edən T.Espolov əməkdaşlıqla bağlı fikirlərini bölüşüb.
Dost Qazaxıstanın nüfuzlu ali təhsil müəssisəsində olmaqdan məmnunluğunu ifadə edən Ş.Bayramov MDU-nun strateji hədəfləri və fəaliyyət prioritetlərindən bəhs edib, son dövrdə universitetin modernləşdirilməsi və kadr hazırlığının keyfiyyətinin yüksəldilməsi istiqamətində görülən işləri diqqətə çatdırıb və beynəlxalq əməkdaşlığın önəmini vurğulayıb. Ş.Bayramov müasir avadanlıqlarla təchiz olunmuş laboratoriyaları və innovasiya mərkəzlərini gəzib.
Görüşdə MDU-nun rektoru Ş.Bayramovun “KazNARU-nun 90 illiyi” medalı ilə təltif olunub.
Sonra KazNARU-nun prorektorları, dekanları və institut direktorlarının iştirakı ilə dəyirmi masa keçirilib. Dəyirmi masa zamanı universitetin tanıtım videosu izlənilib, universitet idarəçiliyi və beynəlxalq reytinqlərdə iştirakla bağlı təcrübə mübadiləsi, ekologiya, ətraf mühitin mühafizəsi, bərpa olunan enerji sahəsində birgə tədqiqatların və layihələrin həyata keçirilməsi, ortaq yay məktəblərinin təşkili və digər sahələrdə əməkdaşlıq məsələləri müzakirə olunub.
Qeyd edək ki, bundan əvvəl MDU ilə Qazaxıstanın Ahmet Yesevi Universiteti və Abay Universiteti arasında əməkdaşlığın əsası qoyulub.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts