Meksikanın ölkəmizdəki səfiri Şəkidə olub

Tokio, 22 iyul , /AJMEDIA/

Meksikanın Azərbaycandakı səfiri Xuan Rodrigo Labardini Flores iyulun 21-də Şəkiyə səfər edib. Səfər çərçivəsində səfir şəhər rəhbərliyi, həmçinin iş adamları və sahibkarlarla görüşüb, bu qədim diyarın tarixi məkanları və mədəni yerləri ilə tanış olub.
AJMEDIA xəbər verir ki, bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Şəki Şəhər İcra Hakimiyyətindən məlumat verilib.
Şəhər icra hakimiyyətində keçirilən görüşdə icra başçısı Elxan Usubov səfirə Şəkinin tarixi, iqtisadiyyatı, mədəniyyəti, turizm potensialı barədə ətraflı məlumat verib. Bildirilib ki, Şəkidə qədimdən ipəkçilik və sənətkarlıq yüksək səviyyədə inkişaf edib. Şəki, həm də qədim tarixi-memarlıq abidələri ilə məşhurdur. Diqqətə çatdırılıb ki, Şəki Azərbaycanda festivallar şəhəri kimi də tanınır, hər il bu şəhərdə keçirilən “İpək Yolu” Beynəlxalq Musiqi və digər festivallar şəhərin turizm potensialının genişləndirilməsi və beynəlxalq səviyyədə tanıdılmasında mühüm rol oynayır.
Səfir Xuan Rodrigo Labardini qonaqpərvərliyə görə minnətdarlığını bildirib, səfərinin bu qədim diyarla daha yaxından tanış olmaq məqsədi daşıdığını diqqətə çatdırıb.
Görüşdə əməkdaşlığın perspektivləri barədə fikir mübadiləsi aparılıb.
Səfirə Şəki ilə bağlı xatirə hədiyyəsi təqdim olunub.
Meksika səfiri sonra Şəki şəhər Heydər Əliyev Mərkəzində yerli iş adamları və sahibkarlarla görüşüb.
Şəkiyə səfəri çərçivəsində meksikalı diplomat daha sonra Kiş kəndində yerləşən qədim alban məbədini ziyarət edib. Abidə ilə tanışlıq zamanı səfirə məlumat verilib ki, eramızın I əsrində Qafqaz Albaniyasında geniş yayılan Ay məbədinin özülü üzərində qurulan Kiş məbədi bütün Qafqazda təqribən 2 min il bundan əvvəl xristianlığın yayıldığını rəmzləşdirən məşhur tarixi abidədir.
Meksika səfiri Şəkidən xoş təəssüratlarla ayrılıb.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts