“Məktəb həyatı” esse müsabiqəsinin qalibləri mükafatlandırılıb

Tokio, 21 oktyabr , /AJMEDIA/

Bakı şəhəri 200 nömrəli məktəb-lisey kompleksində “Məktəblinin dostu” layihəsi çərçivəsində “Məktəb həyatı” mövzusunda təşkil olunmuş esse müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.
Bu barədə AJMEDIA-ya Elm və Təhsil Nazirliyindən bildirilib. Tədbirdə çıxış edən nazir müşaviri Rüstəm Ağayev bildirib ki, “Məktəblinin dostu” layihəsi çərçivəsində keçirilən müsabiqə şagirdlərin yazı bacarıqlarının üzə çıxarılması istiqamətində təqdirəlayiq təşəbbüsdür. O, qalibləri təbrik edib, onlara gələcək təhsil həyatlarında böyük uğurlar arzulayıb.
Mətbuat Şurasının sədri Rəşad Məcid şagirdlər arasında esse, inşa müsabiqələrinin keçirilməsinin əhəmiyyətini vurğulayıb. O bildirib ki, şagirdlərin bu müsabiqələrə maraq göstərməsi onların erkən yaşlardan bədii yaradıcılıq, yazıçılıq bacarıqlarının qiymətləndirilməsi üçün imkanlar yaradır. Mətbuat Şurasının sədri qeyd edib ki, gələcəkdə karyerada uğurlu şəxs olmaq istəyən hər kəsin həm də peşəkar yazı, özünüifadə bacarığının olması böyük üstünlükdür. Məhz bu cür müsabiqələrin şagirdlər arasında təşkili onlarda insanın yazmaq qabiliyyətinin nə dərəcədə vacib olduğu fikrini formalaşdırır.
Uşaq yazıçısı Sevinc Nuruqızı çıxışı zamanı qeyd edib ki, bu gün dünyada esse yazmaq bacarığına xüsusi diqqət yetirilir. Yazıçı, həmçinin bildirib ki, esse insanın dünyagörüşünü, hisslərini, insani keyfiyyətlərini üzə çıxaran yazı nümunəsidir. Müsabiqə sayəsində şagirdlərin hekayə, nağıl yazmaq bacarıqlarının aşkara çıxarılmasını onların təhsil həyatı üçün mühüm hadisə hesab edən yazıçı qaliblərə təbriklərini çatdırıb, şagirdlərə uğurlar arzulayıb.
Tədbirdə, həmçinin məktəb-lisey kompleksinin şagirdləri musiqi və rəqslər ifa ediblər.
Müsabiqə “Məktəblinin dostu” layihəsinin tətbiq olunduğu məktəblərin VII-VIII sinif şagirdlərini əhatə edib. Esselərin mövzusu şagirdlərin məktəb həyatını, onların sinif yoldaşlarına və müəllimlərinə münasibətlərini özündə əks etdirir. Müsabiqənin keçirilməsinin məqsədi məktəblilərin bədii təxəyyüllərini üzə çıxarmaq və nitqlərini inkişaf etdirməkdir. Müsabiqənin yekununda təqdim olunan esselər müvafiq ekspertlər tərəfindən qiymətləndirilib və ən yaxşıları təşkil edilən komissiyanın rəyi ilə seçilərək kitab şəklində çap edilib. Müsabiqəyə ümumilikdə 150 esse qəbul edilib, 29 nəfərin essesi qalib seçilib.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts