Laçın sakini: Əminəm ki, Qərbi azərbaycanlılar da doğma yurda qayıtmağın sevincini yaşayacaqlar

Tokio, 3 yanvar , /AJMEDIA/

Biz laçınlılar doğma torpaqlarımızın işğaldan azad ediləcəyinə inamımızı heç zaman itirməmişdik. Hər zaman əmin idik ki, Prezidentimizin rəhbərliyi ilə torpaqlarımız azad ediləcək. 2021-ci il dekabrın 24-də Prezident İlham Əliyev Birinci vitse-prezident Mehriban xanım Əliyeva ilə birlikdə Ağcabədi rayonunun Taxtakörpü ərazisində keçmiş məcburi köçkünlər üçün tikilmiş 552 ailəlik qəsəbənin açılışında laçınlılarla görüşündə də bizi doğma torpağımıza qaytaracağını əminliklə bildirmişdi. Mən özümü xoşbəxt insan hesab edirəm ki, həmin görüşün iştirakçısı olmuşam. Şükürlər olsun ki, 44 günlük müharibədə qazanılan şanlı Qələbə nəticəsində Laçın rayonu da işğaldan azad edildi. Həyatda ən böyük istəyimə çatdım. Bu yaşımda daha heç bir istəyim yoxdur.
AJMEDIA xəbər verir ki, bu sözləri AZƏRTAC-ın bölgə müxbirinə Laçın rayonunun Nağdalı kənd sakini – Sosialist Əməyi Qəhrəmanı, Prezident təqaüdçüsü Şərqiyyə Vəliyeva söyləyib.
Şərqiyyə Vəliyeva Qarabağ və Şərqi Zəngəzur sakinləri kimi, bir gün Qərbi azərbaycanlıların da doğma yurdlarına qayıtmağın sevincini yaşayacaqlarına əminliyini ifadə edərək deyib: “Prezident İlham Əliyevin dekabrın 24-də Qərbi Azərbaycandan olan bir qrup ziyalı ilə görüşü zamanı öz ata baba yurdlarından zorla sürgün edilmiş Qərbi azərbaycanlıların da tezliklə doğma torpaqlarına qayıdacaqları ilə bağlı səsləndirdiyi fikirlərə qəti inanırıq. Əminik ki, Qərbi azərbaycanlılar da tezliklə öz doğma ata-baba yurdlarına qayıdacaqlar”.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts