Konyada keçiriləcək beşinci İslam Həmrəyliyi Oyunlarının Atletlər kəndinin açılışı olub

Tokio, 26 iyul , /AJMEDIA/

Avqustun 9-dan 18-dək Konyada keçiriləcək beşinci İslam Həmrəyliyi Oyunlarının Atletlər kəndinin açılışı olub.
AJMEDIA xəbər verir ki, açılış mərasimində Türkiyənin gənclər və idman naziri Mehmet Kasapoğlu, Səlcuq Universitetinin rektoru Metin Aksoy, idman ictimaiyyətinin nümayəndələri və könüllülər iştirak ediblər.
Atletlər kəndi Səlcuq Universitetinin Əlaəddin Keyqubad kampındakı Şəms Təbrizi tələbə yataqxanasında yerləşir. Tədbirdən sonra nazir “Konya-2021”də Türkiyəni təmsil edəcək bir qrup idmançı ilə görüşüb.
Açılış mərasimindən sonra Qılıncarslan meydanında beşinci İslam Həmrəyliyi Oyunlarına həsr olunmuş təbliğat tədbiri təqdim olunub.
Səlcuq Universitetinin idman kompleksi qılıncoynatma və futbol yarışlarına ev sahibliyi edəcək.
İdmançılar “Konya-2021”də atıcılıq, atletika, basketbol (3×3), velosiped, gimnastika (idman, bədii, aerobika), futbol, qılıncoynatma, güləş, ağır atletika, həndbol, cüdo, karate, kikboksinq, stolüstü tennis, kamandan oxatma, taekvondo, voleybol, üzgüçülük və milli oxçuluq növlərində yarışacaqlar. Paralimpiyaçılar isə atletika, stolüstü tennis, kamandan oxatma, boccia və üzgüçülük yarışlarında güclərini sınayacaqlar.
Mötəbər yarışa Azərbaycan idmançıları da qatılacaqlar.
İdmançılar 483 dəst medal uğrunda mübarizə aparacaqlar. Yarışda ilk səkkiz yeri tutan atletlərə xüsusi sertifikat təqdim olunacaq.
Qeyd edək ki, beşinci İslam Həmrəyliyi Oyunları 2021-ci ilin sentyabrında keçirilməli idi. Daha sonra pandemiya ilə əlaqədar yarışa hazırlığın tam aparılması üçün oyunların 2022-ci ilə təxirə salınması məqsədəuyğun hesab olunmuşdu. İlk dəfə İslam Həmrəyliyi Oyunları Səudiyyə Ərəbistanında keçirilib. Dördüncü İslam Həmrəyliyi Oyunlarına Azərbaycan ev sahibliyi edib.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts