“Keşikçidağda elmi-arxeoloji qazıntılar və yay məktəbi 2” adlı layihəyə start verilib

Tokio, 21 avqust , /AJMEDIA/

Azərbaycan Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin dəstəyi ilə “Keşikçidağ” Dövlət tarix-mədəniyyət qoruğunda “Keşikçidağda elmi-arxeoloji qazıntılar və yay məktəbi 2” adlı layihəyə start verilib.
AJMEDIA xəbər verir ki, arxeoloji qazıntılara rəhbərlik edən AMEA-nın Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun arxeoloqu, tarix üzrə fəlsəfə doktoru, dosent Səfər Aşurov əvvəlcə qoruq ərazisindən aşkarlanmış maddi-mədəniyyət nümunələrindən ibarət sərgilənən kiçik muzeyə baxıb və təşkil olunmuş dəyirmi masada iştirak edib.
Daha sonra arxeoloq, qoruq əməkdaşları ilə birlikdə arxeoloji qazıntıların aparılacağı Ceyrançuxur dərəsində geodezik ölçmə işləri aparıb.
Layihənin keçirilməsində əsas məqsəd qədim yurdun daş kitabəsi, dilsiz tariximiz və mədəni irsimiz olan Keşikçidağ mağaralar kompleksinin yerli və dünya ictimaiyyətinə daha geniş tanıdılması, təbliğ edilməsi, elmi dövriyyəyə daxil olunmasıdır.
Layihədə, həmçinin “Ağstafa Gənclər Evi” sosial xidmət müəssisəsinin, Yeni Azərbaycan Partiyasının, Gənclərin İnkişaf və Karyera Mərkəzinin könüllülərinin iştirakı nəzərdə tutulur.
Qeyd edək ki, ötən ilin yay aylarında “Keşikçidağda arxeoloji qazıntılar və Yay məktəbi 1” adlı layihə həyata keçirilib, aparılmış arxeoloji qazıntılar nəticəsində son tunc, erkən dəmir dövrünə, eradan əvvəl II minilliyin sonu, I minilliyin əvvəllərinə aid olan çoxsaylı maddi-mədəniyyət nümunələri aşkar edilib.
“Keşikçidağda elmi-arxeoloji qazıntılar və yay məktəbi 2” adlı layihə bir ay davam edəcək.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts