Kəlbəcər sakini: 30 il idi ki, bu günü gözləyirdik…

Tokio, 1 may , /AJMEDIA/

44 günlük Vətən müharibəsində Azərbaycan Ordusunun qazandığı şanlı Qələbə nəticəsində işğal altındakı torpaqlarımız düşmən tapdağından azad edildi. Bununla 30 ilə yaxın doğma yurdlarının həsrəti ilə yaşayan məcburi köçkünlərimizin də arzuları həyata keçmiş oldu. İndi onlar illərdir həsrətində olduqları doğma yurdlarına, evlərinə dönəcəkləri və orada daimi yaşayacaqları günü gözləyirlər.
Kəlbəcər rayonu Başlıbel kənd sakini Məhəmməd Abbasov da 30 ildir doğulub boya-başa çatdığı kəndinin, çay kənarında tikdiyi evinin həsrəti ilə yaşayırdı. Artıq bu həsrət bitib.
Məhəmməd Abbasov bildirib ki, Başlıbel kəndində dünyaya göz açıb. Ömrünün ən xoş günləri doğma kəndində keçib: “Bura bizim həyətimizdir. Buradakı ağacların hamısını özüm əkmişəm. Evimiz Başlıbel kəndinin ən yuxarı hissəsində yerləşirdi. Evimizin qarşısından çay axır. Çayın kənarında samovar qalayardıq. Yerə xalça sərərdik. Ailəmlə oturub çay içərdik. Ömrümüzün ən gözəl günləri burada keçib”.
Başlıbel sakini illərdir həsrətində olduğu kəndinə ayaq basarkən kövrəldiyini, həm kədər, həm də sevinc hissləri keçirdiyini deyib. “Sevinirəm ki, illərdir həsrətində olduğum kəndimizə gələ bilmişəm. Bir tərəfdən də evləri dağılmış, kəndi adamlarsız görmək çox ağırdır. Kəndimiz çox səfalı, gözəl idi. Gördüyünüz bu evi 1980-ci illərdə tikmişəm. O zaman gənc ailə idik. İki övladımla bu evə köçmüşəm. Sonra bu evdə başqa övladlarım da dünyaya gəlib. Evimiz kəndin ən mənzərəli yerində yerləşirdi. Arzu edirəm ki, ötən illərdə çəkdiyimiz əzab-əziyyətlər geridə qalsın. Gələk yenidən evimizi bərpa edək, burada yaşayaq. 30 il idi ki, bu günü gözləyirdik… Allahın bu gününə şükürlər olsun. Bu günü bizə bəxş etdiyinə görə başda Ali Baş Komandan olmaqla, ordumuza minnətdarlığımı bildirirəm. Şəhidlərə Allahdan rəhmət diləyirəm” – deyə, o bildirib.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts