İstanbulda Dünya Azərbaycanlılarının Həmrəylik Günü qeyd edilib

Tokio, 6 yanvar, /AJMEDIA/

Türkiyənin İstanbul şəhərində 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə tədbir keçirilib.

AJMEDIA xəbər verir ki, Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildiriblər ki, Azərbaycan Təhsil-Mədəniyyət Dərnəyinin və onun nəzdindəki Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimov adına məktəbin təşkilatçılığı ilə baş tutan tədbirdə İstanbuldakı Şəhid və Qazi Ailələri Sosial Yardım və Həmrəylik Dərnəyinin sədri Hakan Sulu, Bayrampaşa Bələdiyyəsi Mədəniyyət Mərkəzinin müdiri Bayram Polat, Heydər Əliyev adına Azərbaycan məktəbinin müdiri Məhəmməd Qarasu, Yesevi Yardım Dərnəyinin, ictimai təşkilatların və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak ediblər.

Azərbaycanın Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Mübariz İbrahimov adına məktəbin müdiri Məhsəti Şərif Özyürək, Azərbaycanın İstanbuldakı baş konsulu Anar Axundov və başqaları çıxış edərək, bayramlar münasibətilə soydaşlarımızı təbrik ediblər. Onlar il ərzində məktəbin və dərnəyin gördüyü işlərdən, Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Silahlı Qüvvələrimizin əldə etdiyi tarixi Zəfərdən, dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlıların birlik və həmrəyliyindən danışıblar. Tədbirdə iştirak edən Vətən müharibəsi qazilərinə xüsusi minnətdarlıq bildirilib.

Tədbir bayram konserti ilə davam edib.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts